Lolita, adı artıq dəftərə düşənlərdəndir..?

Dövlət Duması Daxili İşlər Nazirliyini Moskva və Sankt-Peterburqdakı konsertlərdən sonra Lolitanı yoxlamağa çağırıb...

...Müğənni Lolita Milyavskaya Rusiyanı tərk edən həmkarlarının mahnılarını ifa etdikdən sonra Daxili İşlər Nazirliyinin yoxlamasına düşə bilər.

SİA-nın RİA Novosti-dən əldə etdiyi məlumata görə, Dumanın Ailənin Müdafiəsi Komitəsinin rəhbəri Nina Ostanina idarəyə müraciət ünvanlayıb. Daxili İşlər Naziri Vladimir Kolokoltsev-ə ünvanlanan sənəddə "müğənni Lolita Markovna Milyavskayanın hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinə uyğunluğunun yoxlanılmasına göstəriş verilməsi" tələbi var.

Müraciətdə qeyd olunur ki, 2024-cü ilin iyulunda Moskva və Sankt-Peterburqda konsertlərdə sənətçi reper Morqenşternin (Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib –A.B.) “Cadillac”, Alla Puqaçovanın repertuarından isə “Monoloq” mahnısını ifa edib.

Dövlət Duması deputatının sözlərinə görə, Lolita çıxışı zamanı özünü təxribatçı aparıb, tamaşaçılara qışqırıb, ədəbsiz mahnılar ifa edib ki, bu da Rusiyanın ənənəvi mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsi üzrə dövlət siyasətinin əsas prinsiplərinə birbaşa ziddir.

Xatırladaq ki, Lolita ötən il bloqqer Nastya İvleyevanın qalmaqallı “çılpaq” məclisində iştirak etdikdən sonra Rusiyanın müxtəlif şəhərlərində verdiyi yubiley konsertlərinin kütləvi şəkildə ləğvi ilə üzləşmiş, lakin yazda televiziyaya qaytarılmışdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə