Röya sənətdəki çətinliklərdən danışdı

Xalq artisti Röya Ayxan sənət yolunda yaşadığı çətinliklərdən danışıb. SİA xəbər verir ki, ifaçı bu barədə "ARB” TV-də yayımlanan "Özəl” proqramında məlumat verib. Röya bu zirvəyə heç də asan yollarla gəlmədiyini deyib:

"Kimsə adımı çəkib bir söz deyəndə xətrimə çox dəyir. Ya ümumiyyətlə, danışmayın. Danışanda da birinin sənətini unutmayın. Yaddan çıxarmayın ki, o sənətə necə gəldi, nə cür gəldi. Tək geyim, danışıq rol oynamadı. 16 yaşımdan 42 yaşa qədər 300 mahnımdan 250-i hit oldu. Ona görə kimsə adımı çəkəndə, deyirəm, ey zəhmət olmasa, dəstur! Çünki mən bu sənətə sevərək, əziyyətlə gəldim. Mən birinci qazanıb, tez qaçım evim, maşınım, paltarım olsun demədim. Lazım gələndə dostumun evində də qaldım, paltarını da geyindim, xahiş etdim ki, maşını ilə aparsın-gətirsin. Ona görə ki, yığdığım pulu yaxşı mahnıya xərcləyim, yaxşı işlər görüm. Bu gün də şükürlər olsun ki, etdiyimiz bütün işlər cavab verdi. Ona görə yanımda olan, hətta məni vuran, qaldıran hər kəsə təşəkkürlər. Çünki siz məni yıxmasaydınız, ayağa qalxmağı bilməzdim”. Sənətçi həmçinin Kazım Sübhanın onu "Böyük ulduz” , Tarix Əliyevin "Rəqibsiz ulduz” deyə təqdim etməsinə münasibət bildirib, ləqəblərin onun üçün maraqlı olduğunu söyləyib: "Röya kifayətdir, amma digərləri də maraqlıdır. Məsələn, ötən dəfə "rəqibsiz ulduz” dedilər. Çünki mən özüm özümləyəm.

"O niyə belə elədi, mən niyə qaldım”, deyə, - düşünmədim. Öz işimdəyəm, öz yolumdayam”.

Bütün xəbərlər Facebook səhifəmizdə