Şahzadənin nikahdankənar oğlu atasından danışdı - FOTOLAR

Monako şahzadəsi II Albertin keçmiş gizli sevgilisi, “Air France” aviaşirkətinin keçmiş stüardessası Nikol Kostedən olan oğlu, şahzadə Rainierin və Qreys Kellinin nəvəsi - 20 yaşlı Aleksandr Qrimaldi “Tatler” jurnalının üz qabığında yer alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, jurnala verdiyi müsahibəsində atası ilə münasibətindən və gələcək planlarından danışıb. Aleksandr Qrimaldi atası ilə əməkdaşlıq planları qurduğu üçün son vaxtlarda mediada tez-tez görünür. O, bildirib ki, atası ilə biznes münasibətini davam etdirmək və Monakonun qlobal səfiri olmaq, həmçinin Monakoya istədiyi iş imkanları ilə qayıtmaq niyyətindədir.

Yanvar ayında Aleksandr son bir neçə ildə yaşadığı Londondan Nyu-Yorka köçməyi planlaşdırır. Hələlik o, “Four Seasons” otelində yaşayır və orada da mənzil kirayələyir. O, yeni insanlarla tanış olur və ictimai tədbirlərdə iştirak edir. Məsələn, bu yaxınlarda Nyu-York Moda Həftəsinin şoularının qonağı oldu.

Nəşrin qeyd etdiyi kimi, Aleksandr “Şahzadə Albertin onun üçün açdığı qapılardan istifadə edir”. O, qeyd edib ki, 1990-cı illərin əvvəllərində II Albertlə görüşən Naomi Kempbell onu "PrettyLittleThing x Naomi Campbell" şousuna dəvət edib və həyati məsləhət verib.

"Onunla görüşmək əla idi. O, həqiqətən açıq insan idi və məni öz yaxını kimi qucaqladı... O, mənə bir az məsləhət verdi ki, mənə yaxınlaşmağa çalışan hər kəslə ehtiyatlı davranım, xüsusən də ictimai yerlərdə", - Aleks deyib.

Qeyd edək ki, son vaxtlara qədər Aleksandr mediada II Albertin "qeyri-qanuni" oğlu adlandırılırdı. "Valideynlərimin heç biri nə evli olub, nə də zina edib... ", - o, müsahibəsində vurğulayıb.

Aleksandr 24 avqust 2003-cü ildə Parisdə anadan olub. Onun anası Toqo əsilli stüardessa Nikol Koste 1997-ci ildə təyyarədə Şahzadə Albertlə tanış olub və onların gizli münasibəti beş il davam edib. Yalnız 2005-ci ilin may ayında Albert Monako şahzadəsi olduqdan iki ay sonra, Koste "Paris Match" nəşrinə verdiyi müsahibədə Aleksandrın atası açıqlayıb. Bu açıqlama şahzadə və Monako knyazlığında böyük qalmaqala səbəb olmuşdu. Həmin ilin iyulunda taxta çıxmasından altı gün əvvəl Albert açıq şəkildə Aleksin onun oğlu olduğunu təsdiqlədi. Lakin Albert və Nikol heç vaxt evlənmədiyi üçün taxtın varisi olmayacaq.

Aleksandr qeyd edib ki, yayda, bir qayda olaraq, Monakoda atası ilə daha çox vaxt keçirməyə çalışır. Birlikdə voleybol və padel tennis oynayırlar, filmlərə baxırlar (ən sevdikləri Quentin Tarantinonun Django Unchained filmidir) və bayramları qeyd edirlər. "Atamla münasibətlərim qaydasındadır, biz bir-birimizi daha tez-tez görməyə başlayırıq. Bayram mövsümündə biz birlikdə çox vaxt keçiririk. Çox yaxşı münasibətimiz var", - Aleks deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə