Məşhur aktyor dörd qadına təcavüz etməkdə günahlandırılır

Britaniyalı komediya ustası və aktyor Rasel Brend 2006-2013-cü illər arasında dörd qadına təcavüz və cinsi zorakılıqda ittiham olunur. SİA xarici mətbuata istinadən xəbər verir ki, Brend haqqında olan ittihamları rədd edir. 48 yaşlı britaniyalı komediya ustası və aktyoruna qarşı ittihamlar İngiltərənin “Times” və “Sunday Times” qəzetlərində və Kanal 4 televiziyasında yayımlanan “Dispatçes” proqramında yer alıb.

“Sunday Times” qəzetinə danışan bir qadın Brendin 2012-ci ildə ABŞ-ın Los-Anceles şəhərindəki evində ona təcavüz etdiyini və həmin gün təcavüz böhranı mərkəzində müalicə aldığını iddia edib. Qəzet qadının iddialarını dəstəkləyəcək müalicə ilə bağlı tibbi qeydlərin şahidi olduğunu bildirib.

Başqa bir qadın isə Brendin 30 yaşlarında olarkən ona cinsi təcavüz etdiyini iddia edib. Təcavüz zamanı cəmi 16 yaşında olduğunu və tələbə olduğunu deyən qadın Brendin ona "uşaq" deyə müraciət etdiyini, münasibətləri zamanı emosional istismara və nəzarətə məruz qaldığını bildirib. Brendin 16 yaşlı qadınla BBC aparıcısı olduğu müddətdə cinsi əlaqədə olduğu iddia edilir.

Başqa bir qadın Los-Ancelesdə birlikdə işləyərkən Brendin ona cinsi təcavüz etdiyini iddia edib. İddiaya görə Brend, ittihamı ilə bağlı kiməsə danışarsa, onu məhkəməyə verəcəyi ilə hədələyib.

Adının açıqlanmasını istəməyən başqa bir qadın isə Brendin ona cinsi təcavüz etdiyini və münasibətləri boyu fiziki və emosional zorakılıq tətbiq etdiyini iddia edib.

Məşhur aktyor karyerasının zirvəsində olanda da tez-tez iş yerində bir sıra nalayiq hərəkətlərdə, o cümlədən soyunmada, seksual ifadələr işlətməkdə və aqressiv davranışda ittiham olunub.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə