İordaniya krallığında hazırlıqlar başladı - FOTOLAR

Bütün dünyada kral ailələrinin toy mərasimlərini milyonlarla insan maraqla gözləyir. Bu, ümumi qaydadır. Bəziləri mərasimin təmtəraqlı detallarına, bəziləri isə toya gələn qonaqlara diqqət yetirir. Amma istisnasız olaraq mərasimin ulduzu gəlindir. Gəlinlik, taxdığı zinət əşyaları, saç düzümü, makiyajı, toy boyu duruşu, baxışı, təbəssümü bütün dünya mediasının gündəmini uzun müddət işğal edir. SİA xəbər verir ki, cəmi altı gün sonra dünya yenidən belə bir mərasimin şahidi olacaq.

Bu il İordaniya krallığında iki toy olacaq. Biri kral Abdullahın böyük övladı, vəliəhd Hüseynin iyunda baş tutacaq toy mərasimidir. 28 yaşlı Hüseyn taxt-tacın varisi olduğundan, mərasim, böyük ehtimalla təmtəraqlı keçəcək. Lakin bundan əvvəl İordaniya kral ailəsində daha bir toy baş tutacaq. Belə ki, Kraliça Raniya və Kral Abdulla böyük qızları,26 yaşlı şahzadə İman və onun nişanlısı Cəmil Termiotisi gələn şənbə evləndirəcəklər.

Kraliça Raniyə böyük qızı İmanın doğum günü ilə əlaqədar dünən səhər öz rəsmi İnstaqram səhifəsində paylaşım edib. Raniyə qızının müxtəlif yaşlarda çəkilən kadrlarını paylaşaraq ürək sözlərini qeyd edib.

"Qızımı ilk dəfə qucağıma alanda bilirdim ki, həyatım heç vaxt əvvəlki kimi olmayacaq. Bir həftədən sonra gəlin olacaq. Mənim dəyərli İmanım, sənə görə çox sevinirəm", - yazan kraliça daha sonra qızının toy tarixini açıqlayıb.

İordaniya kral ailəsinin kürəkəni Cəmil Aleksandr Termiotis venesuela və yunan əsilli iş adamıdır. Şahzadə İmandan üç yaş böyük olan Termiotis Nyu-Yorkda yaşayır və orada yerləşən şirkətin ortağıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə