Kirkorovun Almaniyaya turnesi ləğv edilib

Yerli əhali ona qarşı çıxıb

Filipp Kirkorovun Almaniyadakı konsert turu Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyi üçün ləğv edilib. SİA bu barədə tədbir təşkilatçılarının müvafiq tələblə yerli sakinlərin petisiyasına cavabından öyrənib.

Qeyd edək ki, Kirkorovun çıxışları 2023-cü ilin mart və aprel aylarına planlaşdırılıb.

Ümumilikdə petisiyanın yaradıcıları orada Rusiya hakimiyyətinin hərəkətlərini dəstəkləyən və eyni zamanda bu il Almaniyada çıxış etməyi planlaşdıran beş artisti göstəriblər. Bunlar Filipp Kirkorov, Oleq Qazmanov, Qriqori Leps, Safronov qardaşları və Mixail Şufutinskidir.

Petisiyanın müəllifləri çıxışların təşkilatçılarının diqqətini Vladimir Zelenskinin 119 Rusiya KİV-nə qarşı şəxsi sanksiyaların tətbiq edilməsi haqqında fərmanına və Korrupsiyaya Qarşı Mübarizə Fondunun müharibə qızışdıranların siyahısına yönəldiblər.

Yeri gəlmişkən Filipp Kirkorov dəfələrlə Rusiyanın qonşu ölkənin ərazisini işğal etməsini dəstəkləyən bəyanatlar verib. Qeyd edək ki, o, 2022-ci ilin yayında ilhaq edilmiş Krımda konsertlər verdi, həmçinin Feodosiyadakı xəstəxanaya baş çəkib burada Ukraynada yaralanan rus əsgərləri ilə görüşdü. O, sağalmış əsgərləri konsertinə dəvət edərək onları səhnədən qəhrəman adlandırıb və tamaşaçılardan onları sürəkli alqışlamağı xahiş edib.

2023-cü il yanvarın əvvəlində Zelenskinin fərmanı ilə media adamlarının sanksiya siyahısına daxil edildikdən sonra Kirkorov öz İnstaqramında on il əvvəl Ukrayna prezidenti ilə çəkilmiş videonu yerləşdirib. Sənətçi imzasında qeyd edib ki, Zelenski rola həddən artıq girib və okeanın o tayından ona göndərilən ssenari həm özünü, həm də ona əmanət olunduğu ölkəni külə çevirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə