Ayselin görüntüləri olay oldu - VİDEO

Müğənni Aisel (Aysel Məmmədova) sözləri və musiqisi özünə aid olan "Yağış" mahnısını və klipini təqdim edib. SİA xəbər verir ki, aranjimanı Emin Kərimə aid olan mahnıda müğənnini tarda tanınmış tarzən Şəhriyar İmanov müşayiət edib.

Klipin rejissoru Vankuver Beynəlxalq Film Festivalında “İlin ən yaxşı qısametrajlı filmi” kateqoriyasında qalib gələn Meran İsmailsoydur. Meran klipə bir film olaraq yanaşıb, eyni zamanda Aiselin aktrisalıq məharətini ekranlaşdırmağa çalışıb.

Yağışdan bəhs edən kompozisiyada ulduzun tərəf müqabili rolunda xoreoqraf və aktyor İsmayıl Məmmədzadə çəkilib. Onun plastik buzla doldurulmuş vannada görüntüləri xüsusilə diqqət çəkib.

Müğənni mahnı haqqında fikirlərini belə ifadə edib: “Bu il dinləyicilər həm ifa olaraq, həm də görüntü olaraq başqa bir Aisel görəcəklər. Keçən il “SS production”la “Şuşa” musiqili-qrafik layihəsini təqdim etdikdən sonra qərara gəldik ki, işbirliyimizi albomla davam etdirək. Albomdan ilk sinqlı sizə təqdim edirəm. Sevgini, ayrılığı, həsrəti özündə birləşdirən mahnıya çəkilən klip 2 gün ərzində lentə alınıb. Klip üzərində 25 nəfərlik çəkiliş qrupu iştirak edib. Ümid edirəm ki, bu mahnı soyuq havada sınıq qəlblərə məlhəm olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə