"YAP əlaqələrini genişləndirməklə dünya siyasi sisteminə də öz töhfəsini verir" - DEPUTAT DANIŞDI
“Yeni Azərbaycan Partiyası ölkənin tənəzzülə getdiyi, parçalanmaq təhlükəsi olduğu, idarəçiliyin tam olaraq pozulduğu bir zamanda Azərbaycanın gələcəyini düşünən ziyalılarının Ümummili Lider Heydər Əliyevin ətrafında birləşərək yaratdığı partiyadır. Bu partiya müxalifət partiyası kimi yaransa da heç bir vaxt nə dövlətçiliyə, nə milli ideyalara, nə də ədalətə müxalif olmadı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, dünya siyasi partiyalar tarixində nadir hadisələrdən biridir ki, partiya yarandıqdan qısa müddət, yəni səkkiz ay ərzində onun liderini xalq hakimiyyətə gətirir: “Sonrakı seçkilərdə isə qalib gələrək iqtidar partiyasına çevrilir. Yeni Azərbaycan Partiyası iştirak etdiyi bütün seçkilərdən qalibiyyətlə çıxmış bir partiyadır. Bu da partiyaya xalqın böyük inam və etibarının göstəricisidir.
Şübhəsiz ki, partiyanın həyatında mühüm tarixi əhəmiyyət daşıyan hadisələr baş verib. Bunlardan biri 1992-ci il noyabrın 21-də Naxçıvanda Təsis Konfransının keçirilməsi idi. O dövr üçün ağır bir şəraitdə bu konfrans baş tutdu və təsis olundu. Bütün çətinliklərə baxmayaraq qısa müddət ərzində güclü təşkilatlanma prosesi oldu. 1995-ci ilin parlament seçkilərində partiya parlament çoxluğunu qazanaraq, iqtidar partiyasına çevrildi. 1999-cu ilin dekabrında keçirilən partiyanın 1-ci qurultayı və 2021-ci ilin martın 5-də keçirilən 7-ci qurultayı partiyanın tarixində mühüm əhəmiyyət daşıyır. Hər iki qurultayda həm təşkilati məsələlər, həm də partiyanın nizamnamələri qəbul olundu.
Ümumiyyətlə partiya Azərbaycanın ictimai-siyasi həyatına yeni bir mübarizə forması gətirdi. Partiyanın yaşı təxminən müstəqil Azərbaycanın yaşı ilə bərabər və iqtidar partiyası olduğuna görə, Azərbaycanın bütün uğurları partiyanın ideya siyasi xətti ilə bağlıdır. İstər iqtisadi, istər demokratik hüquqi cəmiyyətin qurulması, istərsə də müstəqilliyimizin güclənərək, beynəlxalq nüfuzumuzun artması sahəsindəki uğurlarımız Yeni Azərbaycan Partiyasının tarixi uğurlarındandır. Eyni zamanda istər post-müharibə, istərsə də Covid-19 pandemiyası dövründə də partiyamız hər zaman fəal həyat mövqeyindən çıxış edib. Qurulmuş beynəlxalq əlaqələr də olduqca genişdir. Partiya bu əlaqələrini genişləndirməklə dünya siyasi sisteminə də öz töhfəsini verir.
Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası bundan sonra da uzun illər iqtidarda qalmağa, Azərbaycan xalqına şərəf və ədalətlə xidmət etməyə layiq və gücdə olan partiyadır. Partiyamızın otuz illiyi münasibətilə bütün partiya üzvlərini və partiyamızı dəstəkləyən Azərbaycan ictimaiyyətini təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB