Azərbaycanın möhtəşəm zəfərinin ikinci ildönümü artıq geridə qaldı. Ötən il olduğu kimi, bu il də Prezident İlham Əliyev bu möhtəşəm günü Qələbəmizin əsas simvolu olan Şuşa şəhərində hərbçilərlə birgə qeyd etdi. Müzəffər Ali Baş Komandan qələbənin memarları qarşısında geniş nitqlə çıxış edərək müharibəni şərtləndirən amillər, post-müharibə dövründə görülən işlər, hələ də davam edən müəyyən problemlər və bəzi erməni havadarlarının ölkəmizə qarşı əsassız mövqeyindən danışdı. Güman etmək olar ki, ölkə başçımız tərəfindən səsləndirilən fikirlər həm Ermənistana, həm bu ölkənin havadarlarına, həm də Ermənistanla bir sıra cinayət əməllərində vahid mövqe nümayiş etdirən, İrəvanın təxribatçı mövqeyini dəstəkləyən dövlətlərə ciddi mesaj və xəbərdarlıq oldu. Ölkə başçımızın çıxışında ünvanlanan mesajlar öz kəsərinə görə Vətən müharibəsindəki Dəmir Yumruğun sərt üzünü bir daha lazımi dairələrə xatırlatmış oldu. Çıxış, daxili və xarici auditoriyada geniş əks-səda doğuraraq böyük marağa səbəb oldu.
Ölkə başçımızın nitqini bir neçə əsas başlığa ayırd etmək olar ki, bunlardan birincisi Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı, cəsarəti, Vətən sevgisi və peşəkarlığı ilə bağlıdır. Ali Baş Komandan çıxışı zamanı Şuşa döyüşlərinin çətinliyindən, Silahlı Qüvvələrimizin böyük əzmkarlıq tələb edən irəliləyişindən və canı-qanı bahasına işğalı sona çatdırmasından bəhs etdi. O da vurğulandı ki, Şuşaya gedən yol 27 sentyabr tarixindən başlanılıb. Bəli, müharibənin ilk anlarından etibarən hədəfin Şuşa olduğu və Şuşasız Azərbaycanın xilaskarlıq missiyasının yarım qalacağı bəlli idi. Düzdür, ölkə başçımız müharibə ərzində təhlükəsizlik səbəbilə Ordunun gələcək planlarından bəhs etmir, hücum istiqamətlərini açıqlamırdı. Amma, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri olduğu və Şuşasız bizim işimizin yarımçıq olacağı onsuzda hamıya məlum idi. Şuşa bizim üçün sadəcə bir şəhər, bir torpaq parçası deyil. Şuşa Azərbaycanın qürur yeri, mənəviyyat simvoludur.
Şuşanın düşmən tapdağında olması hər bir azərbaycanlının mənəvi cəhətdən sarsılmasına və qəzəblə dolmasına səbəb olurdu. Düşmən də Azərbaycanın və azərbaycanlılarının Şuşa ilə bağlı mənəvi bağlılığını yaxşı bilirdi. Yəqin bu səbəbdəndir ki, onlar bizləri qıcıqlandırmaq üçün daim Şuşa “kartından” istifadə edir, azərbaycanlıların heysiyyatına toxunacaq hərəkətlərə məhz Şuşada yol verirdilər. 2019-cu il mayın 9-da Cıdır Düzündə Ermənistan baş nazirinin sərxoş rəqsi, təqribən eyni dövrdə Qondarma Dağlıq Qarabağ Respublikasının oyuncaq Prezidentinin andiçmə mərasiminin Şuşada baş tutması, qondarma rejimin parlamentinin Şuşaya köçürülməsi cəhdi və s. məhz bu qəbildən addımlar idi. Ancaq onlar anlamırdılar ki, bu hərəkətlərə yol vermək, Azərbaycan xalqının heysiyyatı ilə oynamaq, səbrini sınamaq xalqımızın işğalla barışmasına, Qarabağın azad olunmasından ümidini kəsməsinə gətirib çıxarmayacaq, əksinə, bu hərəkətlər intiqam hissimizi daha da alovlandıracaq və artıq dözülməz həddə çatdıracaq. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Bizim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Amma Şuşanın azadlığı psixoloji, strateji, mənəvi baxımdan xalqımızın tamamilə üstün mövqeyə çıxmasına, Ermənistanın isə çöküşünə səbəb oldu. Bizə bu qələbəni yaşadan Ali Baş Komandanımıza və Ordumuza bir vətəndaş kimi hər birimiz minnətdarıq. Ölkə başçımız da çıxışının sonunda öz ordusu ilə fəxr etdiyini dilə gətirərək və hər bir zabitin əlini sıxaraq bu qürurunu açıq şəkildə ifadə etdi.
Çıxışda daha bir çox diqqətçəkən açıqlamalar, fikirlər mövcud idi ki, bunlardan biri də erməni havadarlarına verilən sərt mesajlar idi. İki nöqtədə ölkə başçımızın xaricə ünvanlanan mesajlarını fərq etmək mümkün idi. İlk olaraq, “Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz” fikrində biz bunu hiss etdik. Bu fikirlər yaxın dövrdə Fransa Prezidenti Makronun ölkəmizlə bağlı yerli kütləvi informasiya vasitələrindən birinə verdiyi müsahibədə səsləndirdiyi sərsəm bəyanatları xatırladır. Prezident İlham Əliyev Astanada, Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında bununla bağlı Fransa Prezidentinə çox sərt şəkildə cavab verərək, Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmədiyini bildirdi və açıq şəkildə ölkəmizin milli maraqlarını müdafiə etdi. Bundan sonra da Fransa və ya başqa hər hansı bir dövlət beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edərək, haqq işimizə kölgə salmağa çalışarsa Azərbaycan Prezidenti yenə öz mövqeyini göstərəcəkdir. İkinci olaraq, “......bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz..... Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”. Bəli, kimliyindən asılı olmayaraq torpağımızda məkrli niyyəti olanlar qarşısında qəhrəman Azərbaycan Ordusunu görəcək. O ordu ki, 44 gün ərzində “yenilməzlik” mifini yerlə bir edib, o ordu ki, düşmənin 30 ildir möhkəmləndiyi, istehkamlarla doldurduğu torpaqları bir göz qırpımında yarıb keçib, o ordu ki, alınmaz hesab olunanı alıb, keçilməz hesab olunanı keçib, o ordu ki, az qala əlbəyaxa döyüşlə Şuşanı işğalçılardan təmizləyib. Belə bir ordunun, belə bir Vətən sevgisinin qarşısında kim tab gətirə bilər? Cavab bəsitdir. Heç kim.
Bu gün Azərbaycan Silahlı Qüvvələri iki il əvvəl olduğundan daha güclüdür. Gələn il orduya ayrılan büdcə daha da çoxaldılacaq. Bütün bunlar Ermənistana dərs olmalıdır. Nəhayət Ermənistan anlamalıdır ki, onun reallıqla barışmaqdan başqa çarəsi qalmayıb. Heç bir dövlət, heç bir güc Azərbaycanın qanı ilə yazdığı reallıqları dəyişə bilməz. Zəfərimizin iki illiyi kimi, iki yüz illiyini də azərbaycanlılar öz torpaqlarında qeyd edəcək. Əgər Ermənistan bu gün düzgün addımları atarsa o günləri sülh və firəvanlıqla görə bilər, yox əgər, bü revanşist siyasət davam edərsə baş verəcəklər Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətində olacaq. Azərbaycanın tək istəyi davamlı sülh, firavan cəmiyyət və əməkdaşlıq mühitidir. Ümid edirik ki, Ermənistan da bölgə ilə bağlı Azərbaycanla ortaq fikirləri və məqsədləri paylaşacaqdır.
Xumarə Familli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB