“12 noyabr Azərbaycanın müstəqil dövlətçilik tarixində özünəməxsus yer tutur” AÇIQLAMA
“1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu dövlətimizin inkişafında yeni bir mərhələnin əsasını qoydu. İlk dəfə olaraq vətəndaşlarımızın hüquq və azadlıqları, dövlətimizin idarəçilik formasının əsasları, hakimiyyət bölgüsünün təşkili, demokratik dəyərlər ən ali formada təsbit olundu və qəbul edildi”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, həmin dövrdən başlayaraq Azərbaycanda sovet hakimiyyətindən qalan idarəçilik sisteminin qalıqları mərhələli şəkildə ləğv olundu, qanunvericilik bazamız tamamilə yeniləndi: “Azərbaycanın müstəqil dövlət olaraq inkişaf yolu müəyyənləşdirildi. Bu səbəbdən 12 noyabr Azərbaycanın müstəqil dövlətçilik tarixində özünəməxsus yer tutur. Təbii ki, zaman keçdikcə, əsas qanunumuza müxtəlif vaxtlarda dəyişikliklər edilib. Lakin ümumxalq səsverməsi yoluyla qəbul edilən bu dəyişikliklərin hamısının bir məqsədi var idi - müstəqilliyimizi, suverenliyimizi daha da möhkəmləndirmək, vətəndaşlarımızın hüquq və azadlıqlarının təminini gücləndirmək, idarəetmə sistemimizi müasir dövrün tələb və çağırışlarına uyğunlaşdırmaq. Artıq orta məktəblərdə Konstitusiyamızın əsasları şagirdlərə tədris olunur, ali məktəblərdə ayrıca fənn kimi tələbələr Azərbaycanın əsas qanununun mahiyyətini dərindən öyrənirlər. Bütün bunlar hamısı Azərbaycanın gələcək demokratik və güclü iqtisadi-siyasi əsaslarla, milli maraqlarımızı qorumaq yoluyla inkişafına güclü zəmin yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB