Bayraq mühüm dövlət atributudur ŞƏRH

Bayraq mühüm dövlət atributudur ŞƏRH

Üçrəngli Azərbaycan bayrağı yalnız azərbaycanlılar üçün yox, ölkəmizin tarixinə hörmət edən hər bir dünya vətəndaşı üçün də əhəmiyyətli və dəyərlidir. Bu gün milli qürur mənbəyimiz olan dövlət bayrağımız Azərbaycan səmasında yüksəklərdə dalğalanır.Qədim tarixə malik Azərbaycan Dövlət bayrağının xalqımız üçün əhəmiyyəti çox böyükdür. Çünki üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çox çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçmişdir. Minlərlə Vətən övladının qanı bahasına başa gəlmiş bayrağımızın dövlət atributuna çevrilməsi və dünya birliyi tərəfindən tanınması Azərbaycan xalqının uzun əsrlər boyu apardığı mücadilənin nəticəsidir. Xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımız Azərbaycanın milli dəyərlərini daşımaqla yanaşı, bu günədək yaşadığımız müharibələrin və milli-azadlıq mücadiləmizin şanlı şahididir. Bayrağımız özündə birlik və bərabərliyimizlə yanaşı, millətimizin varlığını və dövlətimizin müstəqilliyini də təcəssüm etdirir. Vətənimizin keçmişini, bu gününü və gələcəyini özündə tərənnüm edən bayrağımız həm də müstəqilliyimizin simvoludur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” kəlamı bayrağımıza verilən yüksək qiyməti göstərir, müasir dövlət qurucumuzun vacib dövlət atributuna olan ehtiramını bir daha göz önünə gətirir. Bayrağın müqəddəsliyini göstərən daha bir amil budur ki, Prezidentimiz dövlət Konstitusiyasına və Qurana əl basaraq and içdikdən və diz çöküb bayrağımızı öpdükdən sonra rəsmən vəzifəsinin icrasına başlayır. Xatırladaq ki, Azərbaycan ­Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ­iclasında qəbul edilmişdi. Bolşeviklərin Azərbaycanı işğal etmələrinədək, yəni 1920-ci ilin aprel ayına qədər dövlət statusuna malik olmuşdu. Həmin bayraq 70 il sonra, daha dəqiq desək, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. Bir il sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan etmişdi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Prezident seçilən ümummilli lider Heydər Əliyev andiçmə mərasimində bir daha dövlətçilik rəmzi olan atributlara sədaqətini bayrağımızı öpməklə ifadə etmişdir: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam”. Ulu öndər Heydər Əliyev tərəfindən sonralar da dövlət rəmzlərinin təbliği istiqamətində işlər davam etdirilmiş və 1998-ci il 13 mart tarixində ümummilli liderimiz tərəfindən imzalanan “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncam dövlət rəmzlərimizin, xüsusilə, bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu sərəncamın əsasında dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənclər arasında təbliği genişlənmiş, gənc nəsildə azərbaycançılıq, dövlətçilik, müstəqillik hissləri güclənmişdir. Dövlət rəmzlərimizə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Həmin sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirmişdi. Qürur və iftixar mənbəyimiz olan üçrəngli bayrağımız paytaxtımızın mərkəzində şərəflə dalğalanır. Bayraq həm də azadlıq rəmzi, milli ideologiya daşıyıcısıdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəng – türkçülük, islamçılıq və müasirlik mənalarını verir. Bayrağımız üzərində əksini tapmış hilal və səkkizguşəli ulduz da türkçülüyün, islamın, çağdaşlığın, dövlətçiliyin, demokratik inkişafın, bərabərliyin, bu bayraq altında bir araya gələn insanların ortaq mədəniyyətinin nişanəsidir.Qeyd etmək yerinə düşər ki, meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Dövlət Bayrağı meydanının əhəmiyyətini artıran digər mühüm amil bu monumental kompleksin dövlət rəmzlərini özündə birləşdirən məkana çevrilməsidir. Bakı şəhərinin əsas simvollarından biri olan Dövlət Bayrağı meydanı dövlətimizin gücünü və qüdrətini təcəssüm etdirməklə yanaşı, gələcək nəsillər üçün də tarixi əhəmiyyətə malikdir. Bundan başqa, Azərbaycan bayrağı həm də dövlətimizin mənəvi-siyasi pasportudur. Bu gün dünya dövlətlərinin bayraqları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının qarşısında dalğalanır. Hazırda üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır. Dövlət bayrağımız həm də bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Ən əsası, dövlət bayrağımız bu gün bütün dünyada yaşayan azərbaycanlıların həmrəylik simvoluna çevrilmiş, soydaşlarımızın bir bayraq altında sarsılmaz birliyinin yaradılmasında mühüm rol oynamışdır. Məhz bunun nəticəsidir ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir vicdanlı soydaşımız üçrəngli bayrağımıza sarılaraq azərbaycançılıq ideallarının təbliğində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması işində yaxından iştirak edir. Bu baxımdan, Azərbaycanın əbədi varlığını təcəssüm etdirən dövlət bayrağımızın müstəqilliyimizin və tərəqqimizin simvolu kimi daim dalğalanacağına inam tükənməzdir.

Cavid Mustafayev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə