Bayrağımız azad etdilmiş ərazilərimizdə fəxrlə dalğalanır - ŞƏRH

Bayrağımız azad etdilmiş ərazilərimizdə fəxrlə dalğalanır - ŞƏRH

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.Dövlət Bayrağı gününün qeyd olunmasının əsası Azərbaycan Xalq Cumhurriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cumhurriyyətinin üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökümətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cumhurriyyəti Nazirlər Şürasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

Müstəqilliyimizin əsas atributu olan üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edilmişdir.1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağı Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfiqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.

Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və 20-ci əsrin əvvələrindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, Müasirlik və İslamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cumhurriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identiklyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan milli atribut olan bayraq eyni zamanda millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığını əsas göstəricisidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman bayraq sevgisinin Vətən sevgisi qədər uca olduğunu vurgulayaraq deyirdi: Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarını azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında birləşməlidir.

Bu gün qalib ölkə olaraq qürurluyuq ki, şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına işğaldan azad etdiyimiz ərazilərimizdə eşidilən səsimiz, duyulan nəfəsimiz, qürur mənbəyimiz olan müqəddəs bayrağımız fəxarətlə dalğalanır

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə