8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsidir - DEPUTATIN ŞƏRHİ
“44 günlük savaşdan – Vətən müharibəsindən sonra Azərbaycanın 30 il Ermənistanın işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzurumuzu azad etmək xalqımızın üç onillik ərzində əyilmiş qəddini düzəltdi, başımızı ucaltdı, düşmənə kim olduğumuzu xatırlatdı, hərbi cinayətlərin, torpaq ələ keçirməyin cəzasının nədən ibarət olduğunu düşmənin yadına saldı. Ən əsası isə birliyimizi, Ali Baş Komandan, Prezident İlham Əliyevin bir çağırışı ilə yüz minlərlə insanın səfərbər olması ilə monolitliyimizi, bir yumruq olduğumuzu bütün dünyaya sübut etdik. Ermənilərin 30 il bundan əvvəl yurdundan, isti ocağından ayaqyalın qovduğu uşaqlar ora tankların, zirehli texnikaların üstündə döndülər və oraların əsl sahibi olduqlarını təsdiq etdilər”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibənin baş məşqi Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz döyüşlərində olmuşdu: “Ermənilərin işğalı daha da genişləndirmək həvəsi boğazında qaldı. Azərbaycan ordusunun, xalqının iradəsi və vətən eşqi bu iddialara sipər oldu. 2020-ci ilin sentyabrın 27-də baş verən növbəti düşmən təxribatı nəhayət 44 günlük Vətən müharibəsinin başlanması ilə nəticələndi. Ermənistanın növbəti cəhdlərinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Prezidentin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 44 gün Azərbaycan cəbhə ilə nəfəs aldı, birliyini qorudu, döyüşən oğul və qızının xoş xəbərini, qələbə xəbərini eşitmək üçün əlindən gələni etdi. Bu müddət ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhəri və ümumilikdə 300-dən çox kənd və yaşayış yerləri vişğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Beləliklə, Ermənistanın 30 illik işğalına son qoyuldu, torpaqlar öz sahibinə qayıtdı, düşmənin kapitulyasiya aktına imza atması ilə Azərbaycanın 200 illik torpaq itirmək "ənənəsi"nə də son qoyuldu. 8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB