Qarabağdan başlayım...
1988-ci il yanvarın ilk günlərini Moskvada keçirirdim. Yaxınlarımın dəvətilə yeni il ziyafətində iştirak etdim və onların xahişi ilə bir neçə sağlıq dedim. 30-32 yaşında olan iki rus gənci mənə yaxınlaşıb ibrətamiz şağlıqlara görə təşəkkür etdilər. Onlar mənim uzun illər təhsil sahəsində rəhbər vəzifələrdə çalışdığımı artıq bilirdilər. Məlum oldu ki, SSRİ Ali Sovetində işləyir, Azərbaycana aid təşkilati məsələlər üzrə məsuldurlar.
Aramızda səmimi ünsiyyət yarandı, söhbət əsnasında ümumi tanışlarımızı xatırladıq, SSRİ-də cərəyan edən proseslərə toxunduq. Bir az keçmiş həmsöhbətlərimdən biri təxminən bunları dedi: “Doğrusu, biz sizi əsla anlamırıq. Ali Sovetə hər gün Dağlıq Qarabağın ermənilərindən xeyli sayda məktublar gəlir. Bakıdan, Kirovabaddan (indiki Gəncə - A.C.), digər yerlərdən də eyni məzmunlu müraciətlər alırıq. Məğzi? DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti – A.C.) Ermənistanın tərkibinə verilsin. Sizlərdən isə buna heç bir reaksiya yoxdur”. Çox həyəcanlandım. Mənə, Bakıda yaşayana, ölkənin rəhbər orqanlarnda rəhbər vəzifələrdə çalışan dost-tanışları, qohumları ilə daim əlaqədə olana, geniş məlumatlılığı ilə öyünənə Moskvada təsadüfi görüş zamanı ağlasığmaz xəbər verilir. Sən demə, Azərbaycanda yaşayan ermənilərin bir qismi altdan-altdan işə başlamış, hədsiz dərəcədə sevdiyim Dağlıq Qarabağımı, ata-baba yurdumu, dünyaya gəldiyim
Xankəndini (o vaxt – Stepanakert), bütöv DQMV torpaqlarını Ermənistana birləşdirmək iddiasındadırlar! Yeni tanışlarım Qorbaçovun məsləhətçisi Aqanbekyanın Fransanın “Humanite” qəzetinə verdiyi bədnam müsahibəsinə də toxunaraq, hərəkətə gəlməyimizin vacibliyinə işarə etdilər. Onlara dediklərim
təxminən bu oldu: “Qəti əminəm ki, DQMV heç vaxt Ermənistana verilməyəcək!
Azərbaycanlılar çox mehriban və təmkinli xalqdır. Bizim mənliyimizə toxunularsa, ermənilərin Qarabağ torpaqlarımızda gözü olarsa, peşmançılığı elə özləri çəkəcək!”. 2 gündən sonra Bakıya qayıdıb dərhal Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini ilə görüşüb üzücü məlumatları çatdırdım. Bir neçə gündən sonra o, mənə zəng edib dedi ki, narahatçılığa ciddi əsas yoxdur, hər şey nəzarətdədir(?!)...
Cəmi bir aydan sonra, fevralın 8-də Xankəndidə erməni separatçıları ilk mitinqlərini keçirdilər. Fevralın 20-də isə rəsmi qaydada Azərbaycanın tərkibindən çıxıb Ermənistanla birləşmək haqqında qərar qəbul etdilər.
Dəhşətli 1988-1992-ci illər
Həmin illərdə nələr çəkdiyimiz o dövrdə yaşamış insanların xatirəsindən heç vaxt silinməyəcək. 1987-nin dekabrından azərbaycanlıların Emənistanın Qafan rayonundan qovulması, 1988-ci ilin yanvarından isə doğma ocaqlarından didərgin düşmüşlərin sayının günbəgün, həndəsi silsilə ilə artması... Növbəti 4-5 ildə
Xankəndidən, Qarabağın dağlıq hissəsindən, sonradan isə işğal olunmuş rayonlardan məcburi köçkün düşmüş azərbaycanlıların, kürdlərin, rusların, ləzgilərin Bakıda, digər yaşayış məntəqələrində yerləşdirilməsi... Onların işlə təmin olunması, uşaqlarının təhsilə cəlb edilməsi... Ən dəhşətlisi isə - idarəetmə orqanlarına rəhbərlik edənlərin böyük təmkinlə hər bir qaçqın, köçkün düşmüş müəllimin, valideynin fəlakətli, dərdli danışıqlarını dinləməsi. Bəzən sutkanın 24 saatı belə kifayət etmirdi...
Həqiqətən çox ağır, həyəcanlı, qeyri-müəyyən illər idi. Xatirələrimdə xeyli sayda hadisələr, tarixi məqamlar canlanır. Bəzilərini sadalayım:
Qarabağ hərəkatı, çoxsaylı mitinqlər, müstəqillik çağırışları...
20 yanvar, Sumqayıt, Xocalı, Şuşa...
Hakimiyyət böhranları...
“Xalq cəbhəsi” hakimiyyəti...
Ümidsizlik...
Ümidsizlik
Səmimi deyirəm, “Xalq cəbhəsi”nin hakimiyyətə gəlməsini alqışlayanlardan biri də mən olmuşam. Baxmayaraq ki, hərəkatın təşkilatlanma dövründə onun başında duranların bəziləri haqqında qulağıma dəfələrlə mənfi rəylər çatırdı. Elə özüm də, Bakı Şəhər Baş Təhsil İdarəsinin (BŞTİ) rəisi olaraq, 1989-1992-ci illərdə bir neçə rayon təşkilatının rəhbərləri ilə üz-üzə gəlmiş, hədə-qorxulara məruz qalmışdım.
1992-ci ilin iyununda keçirilmiş prezident seçkilərindən sonra çoxlarımız Azərbaycanın parlaq gələcəyinə böyük ümidlər bəsləyirdik. İlk günlərdə düşünürdüm ki, “Cəbhə” hakimiyyətinin səhvləri bilməməzlikdən, dövlət idarəetməsi sahəsindəki təcrübəsizlikdən irəli gəlir və problemlər qısa müddətdə aradan qaldırılacaqdır. Lakin bəzi müsbət addımları (ali məktəblərə test üsulu ilə qəbul, ilk Təhsil qanunu və s.)
çıxmaqla, vəziyyət nəinki dəyişmədi, naşılıq daha geniş vüsət almağa başladı. İstər ölkə səviyyəsində, istərsə də rayon və şəhərlərdə hərc-mərclik baş alıb gedirdi. Bakı öz paytaxt simasını itirmişdi. Hamı qorxu içində yaşayırdı. Demək olar ki, axşamlar, qaranlıq düşdükdə şəhərin küçələri, parkları boşalırdı. Üstəgəl Qarabağ faciəsi...
Mənə doğma olan təhsil sahəsini götürək. Bakı rayonlarının yeni rəhbərliyindən BŞTİ-yə arasıkəsilmədən təqdimatlar daxil olurdu. Onlardan bir neçəsini açıqlayım. Tələblərdən biri bu idi ki, böyük nüfuza malik direktoru işdən çıxarıb, yerinə həmin məktəbdə çalışan “cəbhəçi” müəllimi təyin edim. Ömürboyu müsiqi məktəbində işləmiş tar müəlliminin tanınmış bir internat məkəbinin direktoru vəzifəsinə əmrini verim. İxtisasca mühəndis olan texnika elmləri namizədinin rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyinatını rəsmiləşdirim... Əlbəttə, bu səpkidən olan tələb-təklifləri əsaslandırılmış şəkildə rədd etdikdə mənə olan münasibət pisləşir, narazılıq çoxalırdı.
Çıxış yolu axtarışında
Evlərdə, dostlar məclislərində hamımız idarəetmə böhranından danışır, çıxış yolunun axtarışında idik. Artıq çox yerlərdə Heydər Əliyevin adı çəkilirdi. “Əgər o Moskvaya getməsəydi, ermənilər baş qaldıra bilərdi?”, “O hara, indikilər hara!”, “Qorbaçov elə Qarabağa görə Heydər Əliyevi Siyasi Bürodan kənarlaşdırdı” - belə ifadələr tez-tez eşidilirdi. Bəzi şəxsi maşınlarda unudulmaz Heydər Əliyevin fotoşəklini də görmək olardı.
1992-nin aprelində yaxın dostum Sirus Təbrizli məni evinə dəvət etdi. Görüşümüzün əsas məramı, əlbəttə ki, ölkədəki vəziyyətlə bağlı idi. Qarabağ faciəsi, ölkənin rəhbər orqanlarına anlaşılmaz təyinatlar, yerlərdəki özbaşınalıq, mənə göstərilən təzyiqlər... İkimiz də çox məyus idik. Razılaşdıq ki, böhrandan çıxmaq üçün ilk növbədə milləti birləşdirməyə qadir yeni güclü lider üzə çıxmalıdır. Sirus həmin liderin məhz Heydər Əliyev olduğunu inamla vurğuladı, mən də onu tam dəstəklədim. Hakimiyyətin istər daxili, istərsə də xarici siyasətində, xüsusilə də Dağlıq Qarabağla bağlı günbəgün artan səhvlərini, ciddi nöqsanlarını görür və
bunlarla barışa bilmirdim. Anlayırdım ki, mövqeyim həyatımı xeyli ağırlaşdıracaq, ailəm ciddi çətinliklərlə üzləşəcək. Bununla yanaşı onu da dərk edirdim ki, ölkəmiz uçuruma gedir.Gündəmdə Heydər Əliyevin ətrafında həmfikirlərin birləşməsi, təşkilatlanması, yeni bir partiyanın yaradılması dururdu. Eyni amala malik insanlarla məxfi görüşlərimizin intensivliyi get-gedə artır, bəzi həmfikirlərimiz Naxçıvanda olur, Ulu Öndərlə görüşürdülər...
Partiya yaradıcılığı
30 ildən sonra bütün xronologiyanı dəqiq tarixlərlə xatırlamaq asan iş deyil. Ona görə də, 92-ci ilin avqust-dekabr aylarına aid yalnız bəzi məqamlara toxunacağam. Avqustun ortalarında Elmlər Akademiyası Rəyasət Heyətinin binasında ilk izdihamlı görüşümüz keçdi. Partiyanın yaradılmasının zərurəti haqqında məsələ müzakirə olunarkən mütləq əksəriyyət təşkilatlanmanın vacibliyinə səs verdi. Həmin vaxtdan bir az keçmiş Sirus ziyalılar adından Heydər Əliyevə müraciətin ilk layihəsini hazırladı, qəbul etdiyimiz son versiyası isə imza toplamaq üçün dar çərçivədə olan bir qrup Heydər Əliyev tərəfdarlarına paylandı. Əslində müraciətə 91 nəfərdən qat-qat çox insan imza atmağa hazır idi. Sadəcə vaxt çərçivəsi imzaların sayını məhdudlaşdırdı. Parallel şəkildə partiyanın - Yeni Azərbaycan Partiyasının nizamnamə və proqram layihələri hazırlandı, onların yekun versiyaları Ziya Bunyadovun, Sirus Təbrizlinin, Zahid Qaralovun, mənim və bir neçə fəalların iştirakı ilə müzakirə olundu. Hamımız mükəmməl sənədlər hazırladığımıza əmin idik və buna çox sevinirdik. Onlar Naxçıvana aparıldı. Bir-iki gün keçmiş Sirus mənə layihələrin üzərində əvəzolunmaz liderimiz Heydər Əliyevin qara rəngli qələmlə etdiyi çoxsaylı düzəlişləri göstərdi. Diqqətlə hər birinin təhlilini apardım. Düzəlişlərin hamısı o qədər yerli-yerində edilmişdi! Sənədlər daha sistemli xarakter almış, hər bir mülahizə, yanaşma, cümlə böyük dəqiqliklə ifadə olunmuşdu. Bəli, təsis edəcəyimiz partiyaya güclü iradəyə, çoxşaxəli intellektlərə, mükəmməl savada, nəhəng siyasi və idarəetmə təcrübəsinə malik liderin başçılıq etməsi ən böyük uğur idi! Gərgin və həyəcanlı günlərimizin birinci mərhələsi bu tarixi məqamlarla yadda qaldı:
-Heydər Əliyevə “91”-lərin müraciəti və onun 1992-ci ilin oktyabrında “Səs” qəzetində dərc edilməsi;
-Heydər Əliyevin ziyalıların müraciətinə tarixli cavabı və onun yenə də “Səs” qəzetində işıq üzü görməsi;
- 21 noyabr tarixində Naxçıvan şəhərində keçirilmiş konfransda Yeni Azərbaycan Partiyasının təsis olunması;
-18 dekabr tarixində Ədliyyə nazirliyi tərəfindən YAP-ın rəsmi qeydiyyata alınması.
Ağır anlar əhatəsində
“91”-lərin müraciəti qəzetdə çıxdıqdan sonra BŞTİ-nin əməkdaşları, məktəb direktorları, eləcə də qohumlarım, dost-tanışlarım tərəfindən açıq və ehtiyatla dəstəklənməsi məni çox ruhlandırdı. Bunun əksi olaraq, ölkənin, Bakı şəhəri və onun rayonlarının icra hakimiyyətində, müxtəlif idarəetmə qurumlarında çalışan yeni məmurların mənə qarşı olan münasibəti xeyli pisləşdi. Bəzi faktlar. 92-ci ilin noyabrında BŞTİ-nin tabeliyində olan və Bakının mərkəzində, Xaqani küçəsində yerləşən Bakı Pedaqoji Kadrların İxtisasartırması İnstitutunun binası məndən xəbərsiz AXC-nin mərkəzi qərargahına verildi. Əlbəttə, həmin səhv qərara biganə qala bilməzdik. YAP-ın təsis konfransından 4 gün keçmiş İnstitut əməkdaşlarına qoşularaq Prezident Apparatının qarşısında etiraz piketi keçirdik. Məni və İnstitutun 6 əməkdaşını həbs etdilər. Sən demə, bizdən xəbərsiz məhkəmə keçirilmiş və hər birimiz 15 sutkalıq azadlıqdan məhrum olunmuşuq. Törətdikləri özbaşınalığın, buna etiraz olaraq, Bakı müəllimlərinin kütləvi etiraz tətilinin qarşısını almaq üçün tez bir zamanda bizi azadlığa buraxdılar.1993-cü ilin yanvarında nazir İsgəndər Həmidov
Naxçıvandan qayıtmış Sirusun həbs olunması haqqında xüsusi göstəriş vermişdi.
Mən “91”-lərin gənc üzvü Munis Bayramovla birlikdə onun şəxsi maşınında şəhərin yollarını dolaşır, əmin olduqdan sonra ki, bizi güdmürlər, Sirusla gizli mənzildə görüşür, müvafiq məlumatları ona çatırırdıq. 1993-ün fevralında Bakıda hepatit xəstəliyinə yoluxanların sayı artmış, 23 nömrəli məktəbdə 2-3 şagirddə yoluxma hadisəsi qeydə alınmışdı. Əlbəttə, BŞTİ tərəfindən dərhal zəruri tədbirlər həyata keçirildi. Lakin məsələ Bakı İcra Hakimiyyətində müzakirə olunarkən və hesabatım dinlənildikdən sonra Başçı elan etdi ki, məni tutduğum vəzifədən azad edir. Bu məlumatı sevinclə qarşılayan bir neçə “cəbhəçi” məmurun sifətindəki təbəssüm indiyədək yadımdadır. Gülümsəyərək dedim ki, mənə aid belə qərarın veriləcəyinə çoxdan hazıram. Ucadan “Təbrik edirəm! Nəhayət ki, Bakıda sarılıq xəstəliyini yayan əsas səbəbkarı tapdınız!” – deyib, qapını çırparaq zaldan çıxdım. Yığıncaqda iştirak etməmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Füzuli Axundovun qəti etirazı, habelə Təhsil naziri professor Firudin Cəlilovun mənfi reaksiyası vəzifəmdən kənarlaşdırma cəhdinin qarşısını aldı. 93-cü ilin mayında hakimiyyətin inzibati strukturlarının birində çalışan qohumum məxfi məlumat verdi ki, iyunun əvvəlində (müəyyən edilmiş dəqiq tarixi unutmuşam) mən də daxil olmaqla Siyasi Şuranın üzvləri və adları xüsusi siyahıda əks edilmiş bir sıra YAP fəalları həbs olunacaqlar...
Əlbəttə, Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi vəzifəsində çalışmaq və müxalif partiyanın tərəfdaşı olmaq asan iş deyildi. Müxtəlif görüşlər, yığıncaqlar zamanı həmişə vurğulayırdım ki, bütün əmək fəaliyyətim təhsilimizin inkişafına yönəlmişdir. Siyasi baxışlarımın isə vəzifəmin icrasına heç bir dəxli yoxdur.
Ədalətin zəfəri
Şübhə etmirdik ki, YAP parlament seçkiləri yolu ilə hakimiyyətə gələ bilər və qarşıda hər birimizi ağır günlər gözləyir. Aydın məsələdir, həyəcan keçirirdik, amma iradəmizi və inamımızı heç nə qıra bilməzdi. Ölkədə vəziyyət ağırlaşır, Qarabağ müharibəsinin qurbanları çoxalır, torpaqlar əlimizdən gedirdi. Anlayırdıq ki,
Azərbaycanın müstəqilliyi və suverenliyi təhlükə qarşısındadır. Ölkədə və yerlərdə idarəçilik iflic vəziyyətə düşmüşdü. Bunun məntiqi nəticələrindən biri olaraq, 4 iyun Gəncə qiyamı baş verdi. Proseslər ildırım sürəti ilə cərəyan etməyə başladı. Cəmi 11 gün keçmiş Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi!..Ölkəmizin son 29 il ərzindəki inkişaf tarixi başqa bir söhbətin mövzusudur. Ona görə yığcam deyəcəyəm.Yeni Azərbaycan Partiyasının ən böyük tarixi uğurlarından biri partiyanın yaradıcısı və ilk sədri unudulmaz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyi və suverenliyinin qorunması, bununla da, böyük inkişaf yolunun təməlinin qoyulması oldu;30 illik yubileyini qeyd edən Yeni Azərbaycan
Partiyasının ən böyük tarixi nailiyyəti partiyanın sədri, prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 34 il əsir olmış Qarabağın dağlıq hissəsindəki böyük sahənin, 30 il əsarətdə qalmış 7 rayonumuzun doğma Azərbaycana qayıdışı oldu.
Yekun əvəzi
O dövrə aid təəssüratlarımdan bəzilərini qələmə aldıqdan sonra bu qənaətə gəldim ki, “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları” (2020) kitabımdan verdiyim aşağıdakı parça yazımın ən yaxşı yekunu ola bilər. “Moskva şəhər Təhsil Departamentinin dəvəti ilə 14–17 oktyabrda (2008-ci il) “Erkən yaşlı uşaqların təhsili” mövzusunda beynəlxalq forumda iştirak etdim. Mən “Erkən yaşlı uşaqların intellektual inkişafı” bölməsinin iştirakçısı oldum, habelə “Müasir uşaq – o kimdir?” mövzusunda keçirilən “dəyirmi masa” müzakirələrində çıxış etdim. Yeri gəlmişkən, “dəyirmi masa”ya akademik Vitaliy Rubtsov rəhbərlik edirdi. O, Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin rektoru, eyni zamanda Rusiya Təhsil Akademiyasının L.Q. Şukina adına Psixologiya İnstitutunun direktorudur. Qeyri-rəsmi söhbətimiz zamanı hörmətli akademik həyatında və elmi fəaliyyətində son dərəcə mühüm və mərhum Heydər Əliyevin adı ilə bağlı olan hadisədən bəhs etdi.
Qeyd edim ki, Vitaliy Rubtsov dünya miqyaslı görkəmli alim-psixoloq, inkişafetdirici təlim nəzəriyyəsi və təcrübəsinin əsasını qoyanlardan biri olan Vasiliy Davıdovun yetirməsidir. Davıdov həm də sovet pedaqogikasının ideoloji opponenti kimi də tanınırdı. Ötən əsrin 70-ci illərinin sonundan dəfələrlə, özü də kəskin şəkildə mövcud rəsmi pedaqoji doqmaları tənqid edir, sovet təhsil sistemində dərin dəyişikliklər
aparılmasının zəruriliyindən açıqcasına danışırdı. V. Davıdov bu cür “üsyankar” çıxışları və məqalələrinə görə 1983-cü ildə Sov.İKP sıralarından xaric edilir və institut direktoru vəzifəsindən uzaqlaşdırılır. Davıdov işdən çıxarıldıqdan sonra, əlbəttə ki, Rubtsovun o vaxt rəhbərlik etdiyi və novatorluğu ilə fərqləndiyi
İnkişafetdirici təlim laboratoriyasının ləğvi məsələsi də gündəmə gəlmişdi. Vitaliy Vladimiroviç vəziyyətdən çıxış yolu axtarmağa çalışsa da, atılan addımlar heç bir nəticə verməmişdi və mahiyyət etibarilə verə də bilməzdi. Nəhayət, dostlarının israrlı təkidi ilə Rubtsov SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə müraciət məktubu yazmışdı. Sovetlər gerçəkliyində heç kəsin tanımadığı hansısa psixologiya elmləri namizədinin məktubuna SSRİ-nin əsas rəhbərlərindən biri tərəfindən diqqət yetiriləcəyinə, əlbəttə ki, ümid yox idi. Nə qədər təəccüblü olsa da, qısa bir zamanda gənc alim Heydər Əliyevdən birmənalı dəstək almış və bu dəstək sayəsində laboratoriyanın bağlanması təhlükəsi aradan götürülmüşdü. Rubtsov və onun həmkarları indinin özündə də həmin günləri, partiya sıralarından xaric edilmiş Davıdovun adı ilə assosiasiya olunan laboratoriyanın ləğv edilməsinin qarşısını almaqda Sov.İKP MK Siyasi Bürosu üzvünün atdığı çox cəsarətli addımı böyük iftixarla xatırlayırlar”.
Asif Cahangirov,
YAP Veteranlar Şurasının üzvü,
əməkdar müəllim
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB