YAP Binəqədi rayon təşkilatının fəalları üçün ekskursiya təşkil edilib

YAP Binəqədi rayon təşkilatının fəalları üçün ekskursiya təşkil edilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının bir qrup fəalının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ekskursiyası təşkil edilib. Ekskursiyanın təşkil edilməsində məqsəd əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, dövlətimizin qüdrətlənməsində və inkişafında, xalqımızın rifah halının daha da yüksəldilməsində müstəsna əhəmiyyət daşıyan uğurlu neft strategiyasını geniş təbliğ etmək və gənclərimizə aşılamaqdır.

Ekskursiya zamanı BOS Şelf MMC-nin İnsan Resursları üzrə meneceri Cavanşir Əliyev iştirakçılara zavodun tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarından biri olan zavodun təməli 1978-ci ildə qoyulub. Zavodun əsas məhsulu dəniz neft və qaz yataqlarının işlənməsi üçün dərin özüllərdir. Bununla əlaqədar zavod dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, layihə nöqtəsinə qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılması ilə məşğuldur. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu fəal iştirak edir.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizdə həyata keçirilən uğurlu neft siyasətindən bəhs edib. Ümummilli Liderimiz Heydər Əliyevin xüsusi təşəbbüsü və səyləri ilə yaradılan Dərin Özüllər Zavodunun kollektivinin əməyini yüksək qiymətləndirdi. Zavodun neft siyasətimizin həyata keçirilməsində əvəzsiz rolundan danışıb. Zavodun fəaliyyəti ilə yerindəcə tanışlıq çərçivəsində xeyli maraqlı və əhəmiyyətli məlumatlar əldə edildiyini, gənclərin maariflənməsinin önəmini vurğulayıb. Rayon təşkilatının sədri göstərilən diqqətə və qonaqpərvərliyə görə kollektivə təşəkkür edib, fəaliyyətlərində uğurlar arzu edib.

Ekskursiya zamanı zavodun fəaliyyəti ilə yerindəcə tanışlıq oldu, əraziyə və iş prosesinə baxış olub. İştirakçılar ekskursiyadan xoş təəssüratlarla ayrılıb.

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə