Lerik rayonunda şəhid Sadiq Rəhimovun anım mərasimi keçirilib FOTOLAR
Bu gün Lerik rayonun Veri Əliabadı kəndində Vətən müharibəsi şəhidi Rəhimov Sadiq Nadir oğlunun anım mərasimi keçirilib. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov,YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak etmişlər. Mərasim iştirakçıları ilk öncə şəhidin məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsinə inşa olunan abidə kompleksini ziyarət edərək əziz xatirələrini ehtiramla yad ediblər.
Xatırladaq ki, şəhid Rəhimov Sadiq 10 dekabr 1997-ci ildə Lerik rayonunun Veri Əliabadı kəndində anadan olmuşdur. 2017-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindəm həqiqi hərbi xidmətə çağırılan Sadiq Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərib. 3 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən Rəhimov Sadiq Nadir oğlu ölümündən sonra "Füzulinin azad olumasına görə", “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB