Rusiya ordusu ciddi ruh düşkünlüyü dövrünü yaşayır - POLİTOLOQ ŞƏRH ETDİ

Rusiya ordusu ciddi ruh düşkünlüyü dövrünü yaşayır - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya-Ukrayna müharibəsi bütün şiddəti ilə davam edir. Rusiyanın hərbi səfərbərlik elan etməsinə, ümumiyyətlə bütün cəhdlərinə rəğmən Ukraynanın üstünlüyü davam edir. Ukrayna işğal edilmiş bütün ərazilər üzrə hücumunu aparır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu hücumlar xüsusilə Herson istiqamətində daha yaxşı alınır: “İşğal edilmiş Herson vilayətinin demək olar ki, ərazilərinin 85 faizdən çoxu işğaldan azad edilib. Herson şəhəri isə ciddi mühasirə həlqəsindədir. Buranın isə bir neçə günə Ukrayna qoşunları tərəfindən azad ediləcəyi ehtimal edilir. Luqansk və Donetsk istiqamətində də Ukrayna qoşunlarının üstünlüyü açıq-aşkar hiss edilir. Rusiya nə qədər müqavimət göstərməyə çalışsa da, kənd, qəsəbə olmaqla hər birini sahibinə təhvil vermək məcburiyyətində qalır.
Ukraynaya Qərb yardımı və müasir silahların göndərilməsi nəticəsində Ukraynanın üstünlüyü görülür. Ukrayna şəxsi heyətinin Böyük Britaniyada Almaniyada hazırlıq keçməsi davam etdirilir. Bu gün Ukrayna qoşunlarının tərkibində təxminən 7-8 ildir ki, cəbhə xəttində olan və kifayət qədər döyüş təcrübəsinə sahib insanlar üstünlük təşkil edir. Bu səbəbdən də Ukrayna ordusunu peşəkar ordu hesab etmək olar. Əllərində olan silahların texniki üstünlüklərinə görə isə Rusiya ordusunu xeyli üstələyir.
Ümumiyyətlə, qış yaxınlaşdıqca Rusiya ordusunun problemləri daha da artır. Ordunun təchizatı, logistika məsələləri vaxtlı-vaxtında həll edilə bilmir. Bu baxımdan da Rusiya ordusu ciddi ruh düşkünlüyü dövrünü yaşayır. Güman edirəm ki, bu ilin sonu, gələn ilin yazına qədər Ukrayna Rusiya üzərində qələbəsini qeyd etməyə çox yaxın olacaq. Ukrayna ərazilərinin böyük hissəsini işğaldan azad edəcək və Rusiyanı danışıqlar stolu ətrafında əyləşməyə məcbur edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə