Azərbaycanın sülh düsturu - ANALİZ

Azərbaycanın sülh düsturu - ANALİZ

KTMT və “Lazarev klubu” Ermənistanı sülhə daşıya biləcəkmi?

Ermənistanın ikibaşlı oyunu davam edir. Bir tərəfdən Qərbin planlarına “ləbbeyk” deyir, digər tərəfdən guya Rusiyanın təkliflərini dəyərləndirir. Əsl “ingilis bayrağı” kimi. Oktyabrın 31-ə iki gün qalır, Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Müzakirə mövzusunun Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq və tərəfləri davamlı sülhə hazırlamaqdır. Hər halda masada olanlar bunu deyir. Amma tələsik şəkildə “Lazarev klubu”nun və KTMT-nin iclaslarının keçirilməsi, burada Ermənistanın indiki durumunun müzakirəsi, çıxış yollarının axtarılması niyyətin heç də yaxşı olmadığından xəbər verir.

Ermənistan müharibədə məğlub tərəfdir, uduzub, 30 il ərzində əlində qanunsuz olaraq saxladığı, işğal etdiyi Azərbaycan ərazilərini itirib, sahibi onu müharibə yolu ilə əlindən qoparıb alıb. Üstəlik də diplomatik masada onu dalana dirəyib, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb edir. Halbuki, Azərbaycan üçtərəfli bəyanatda nə yazılıbsa hamısına sadiq olduğunu əməli ilə sübut edib. Amma bu o demək deyil ki, qalib Azərbaycan etdiklərini sonuna qədər davam etdirəcək. Bu, Ermənistanın bütün şərtlərə, üzərinə götürdüyü öhdəliklərə sadiqliyindən asılıdır. Əks təqdirdə Azərbaycan çox asanlıqla etdiklərinin üstündən xətt çəkə bilər.

Praqa görüşündən sonra ictimaiyyətdə belə bir fikir formalaşdı ki, Ermənistan Qərbin, yaxud Rusiyanın danışıqlar masasının hansı ucunda olmalarından asılı olmayaraq Azərbaycanın təklif etdiyi və 5 baza prinsipindən ibarət olan sülh müqaviləsini qəbul edəcək. Çünki burada Ermənistanın bir dövlət olaraq suverenliyi və ərazi bütövlüyü qorunur ki, bu da əsas məsələdir. Halbuki, Azərbaycan Ermənistandan çox şey tələb edə bilər. Buna baxmayaraq İrəvan hələ də Paris-Vaşinqton-Moskva arasında qalıb. Gah Vaşinqton variantına biət edir, Gah Mişelin təkliflərinin Ermənistan üçün məqbul olduğunu dilə gətirir, gah da Moskvanın ətəyindən tutur. Bu da məsələnin həllində fokuslanmanı çətinləşdirir, danışıqların gedişatında düyün yaradır, həm də kor düyün.

31 oktyabrda Rusiya prezidentinin vasitəçiliyi ilə Soçidə üçtərəfli görüş gözlənilir. Valday Beynəlxalq Diskussiya Klubunun iclasında iştirak edən Putin Soçi görüşü və Ermənistan-Azərbaycan münasibətlərinə də yer ayırıb. Rusiyanın mövqeyinin görüşün nəticəsindən asılı olacağını deyib və əsasən tərəflərin istəklərinə uyğun addım atılacağını bildirib. Yəni Putinin fikirləri daha konkret və açıq dillə desək bir az tərəfsizlik kimi görünə bilərdi, əgər İrəvanda “Lazarev klubu”nun, Moskvada isə KTMT-nin Ermənistanla bağlı iclasında Azərbaycanla sərhəddə və eyni zamanda Cənubi Qafqazda baş verən son hadisələrlə bağlı müzakirələr olmasaydı. Putin bir tərəfdən bütün danışıqların və müzakirələrin, o cümlədən sülh müqaviləsinin imzalanması məsuliyyətini tərəflərin üzərinə qoyur və çıxarılan qərarlara hörmətlə yanaşacağını deyir, digər tərəfdən fərqli platformalardan Ermənistanın üzərinə gedir, onu pərdəarxası təhdid edir. Dünənə qədər İrəvanda tez-tez Vaşinqton variantından danışılırdı, bu gün isə Moskva variantına üstünlük verənlər mediada at oynadır. “Lazarev klubu”nda çıxış edənlər sanki Ermənistanın hazırkı durumunu unudublar kimi davranaraq hədə dili ilə danışırlar. Tez-tez Ermənistanın istəklərini qabardırlar, heç bir güzəştə getməyəcəklərini deyirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır: “Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya onun təkliflərini dəstəkləyəcək”.

Rusiya prezidenti Vladimir Putin bir gün əvvəl “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edərək, Rusiya tərəfinin Ermənistanla Azərbaycan arasında sülh yolu ilə nizamlanmasına, eləcə də sərhədin delimitasiyasına və sərhəd məsələsinin tam həllinə tərəfdar olduğunu bildirib. Rusiya liderinin fikrincə, nizamlanma variantının seçimi Ermənistanın, erməni xalqının və rəhbərliyinin işidir və vurğulayır ki, “biz heç nə tətbiq etmək fikrində deyilik, biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik”.
Bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiyini açıqlamışdı. Ermənistan hakimiyyəti ümid edir ki, delimitasiya işləri sülh müqaviləsi imzalanana qədər tamamlanacaq.

“Ermənistan üçün Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklifi məqbuldur, bu vəziyyətdə Ermənistan, Rusiya və Azərbaycan arasında müzakirə formatı ən optimaldır. Bunu jurnalistlərə sabiq müdafiə naziri və müxalifətin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

Ohanyanın fikrincə, Rusiyanın yanaşması ümid verir ki, gələcəkdə “Dağlıq Qarabağ” probleminin həllinə qayıtmaq mümkün olacaq (Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, artıq Qarabağ problemi yoxdur – red.). Ohanyan qeyd edib ki, Amerika tərəfinin təklifi məsələnin həmişəlik bağlandığını nəzərdə tutur. Bu baxımdan ABŞ-ın yanaşmaları “Hayastan” bloku üçün qəbuledilməzdir, çünki onlar “Dağlıq Qarabağ”ın taleyinə köklü xaç qoyurlar və bunun bütün nəticələri ilə Azərbaycanın tərkib hissəsi olduğu ortaya çıxır. Keçmiş müdafiə naziri qorxur ki, belə bir ssenari ermənilərin “Dağlıq Qarabağ”dan yekun deportasiyasına təhlükə yaradır.

Siyasətçi onu da bildirib ki, Ermənistan Qərbin yolu ilə getsə, fövqəldövlətlərin maraqları məngənəsində qalmaq riski var. Bu vəziyyət ona görə ikiqat təhlükəlidir ki, bunun müqabilində Qərb Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməyəcək və Ermənistandakı hazırkı müşahidə missiyası heç bir təhlükəsizlik problemini həll etmir.

Qeyd edək ki, İrəvanda “Lazarev klubu”nun Rusiya-Ermənistan münasibətlərinin tarixi keçmişi və bu günü mövzusunda dəyirmi masa şəklində beşinci iclası keçirilib. Erməni və Rusiyanın aparıcı ekspertləri və siyasətçiləri Ermənistan və regional gündəliyin aktual məsələlərini müzakirə edirlər. Tədbir Moskva-İrəvan videokörpüsü formatında keçirilib.

Beynəlxalq “Lazarev Klubu” 2018-ci ildə Rusiya Dövlət Dumasının deputatı, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulinin və bir sıra tanınmış siyasətçi və sahibkarların, ictimai xadimlərin, alimlərin, jurnalistlərin təşəbbüsü ilə yaradılıb. Klub 19-cu əsrdə Şərq Dilləri İnstitutunun əsasını qoyan, MDBMİ-nin sələfi olan məşhur erməni xeyriyyəçiləri Lazarevlər ailəsinin adını daşıyır. Klubun məqsədi cari gündəliyin ən mühüm mövzuları üzrə ölkələrimizin vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında qeyri-rəsmi və sərbəst fikir mübadiləsi yolu ilə Rusiya və Ermənistan xalqları arasında qarşılıqlı etimadı və müttəfiqlik qarşılıqlı fəaliyyətini gücləndirməkdir.

İrəvanda "Lazarev Klubu"nun iclasında Zatulin “Rusiya-Ermənistan münasibətləri” formatında çıxışı zamanı deyib ki, “Dağlıq Qarabağ” xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət edilməlidir. Xatırladaq ki, Ermənistan hakimiyyəti Zatulini persona non qrata hesab edərək onun ölkəyə girişinə qadağa qoyub. Rusiyalı siyasətçinin fikrincə, Qarabağda erməni xalqının hüquqları mütləq şəkildə qorunmalıdır.
Ermənistanda arzuolunmaz şəxs adlandırılan Zatulin bildirib ki, 30 ildir dünya birliyi bu problemi həll etməyə çalışır. “2020-ci ildə müharibə başladı. Amma nə olursa olsun, necə olursa olsun, insan haqları var, xalqın öz müqəddəratını təyin etmək hüququ var və Dağlıq Qarabağda insanlar çoxdan bu yolu seçiblər.

Münaqişələrin təkrarlanmasını və vaxtaşırı yeni qan tökülməsini istəmirsinizsə, buna hörmət edilməlidir”, deyə Dumanın sədr müavini deyib. Biz də öz adımızdan Zatulinə bildiririk və xatırladırıq ki, 1990-cı illərdə Rusiyanın bir neçə subyektində Qarabağdakı kimi separatçılar baş qaldırmışdılar. Çeçenistanda, İnquşetiyada baş verən hadisələri unutmasın, hər iki subyekt də öz müqəddaratını təyin etmək istəyirdi. Zatulinin də təmsil olunduğu hökumət, qanunverici orqan və bütövlükdə Rusiya dövləti buna necə reaksiya verdi? Zatulinin səsi niyə o zaman batmışdı, niyə indiki iştaha o zaman yox idi? Məgər təkcə xristianların özünütəyinetmə hüququ olur, yaxud bu hüquq başqa dinin daşıyıcılarına verilmir, ya nə?

Gəlin, “Lazarev klubu”nda çıxış edənlərin fikirləri ilə tanış olaq və hörmətli oxucu özü nəticə çıxarsın, görək ermənilər sülh, yoxsa müharibə istəyir:

“Lazarev klubu”nun iclasında Ermənistanın birinci baş naziri və keçmiş müdafiə naziri Vazgen Manukyan bildirib ki, son vaxtlara qədər Ermənistanın xarici əlaqələrinin aydın arxitektura var idi, Rusiya ilə müttəfiqlik əlaqələri var idi və bu heç bir halda bizim Aİ və ABŞ, Çin və İranla dostluq münasibətlərinə mane olmurdu. Biz müharibəni bacarıqsızlıqla uduzduq, Rusiya, Türkiyə və Azərbaycanın yaxınlaşması, Rusiya ilə Avropa arasında böyük qarşıdurma başladı. Bu, bizim qarşımıza yeni çağırışlar qoyur. Müttəfiqlərlə danışmaq üçün sizin dəqiq müəyyən edilmiş tapşırıqlarınız olmalıdır.

O hesab edir ki, Ermənistanın qarşısında aşağıdakı vəzifələr durur: Qarabağ məsələsi, təhlükəsizlik məsələsi, əsasən, ordumuzun bərpası məsələsidir. “İndi silah gücü ilə sülh müqaviləsi imzalamaq mənasızdır. Bundan başqa, ərazi məsələsi də var. Anklavlar məsələsini nəzərdən keçirmək ümumiyyətlə axmaqdır, çünki sovet dövründə bir xalqı digərinə qarşı saxlamaq üçün belə mexanizmlər icad edilmişdir. Bir də var Sünik məsələsi, dəhliz məsələsi. Mən təkcə dəhlizin əleyhinə deyiləm, Naxçıvandan Azərbaycana Ermənistandan keçən yolun ümumi şəkildə açılmasının əleyhinəyəm. Ermənistan tamamilə blokadadadır və bütün yollar eyni vaxtda açılmalı və hər bir yol keçdiyi dövlətin suveren yolu olmalıdır. Əgər bizim dəqiq müəyyən edilmiş vəzifəmiz varsa, nə istəyiriksə, bu halda biz də başa düşə bilərik ki, rus dostlarımız bizə necə kömək edə bilər və mövqelər arasında nə fərq var”, - Manukyan vurğulayıb.

Parlament müxalifəti Qarabağın “suverenliyini” məhdudlaşdıran istənilən sənədə qarşı mübarizə aparacaq. Bu barədə jurnalistlərə “Ermənistan” blokunun deputatı, Daşnaksütyunun nümayəndəsi İşxan Saqatelyan məlumat verib. Onun sözlərinə görə, bu variant necə adlanmasından asılı olmayaraq - amerikalı, rusiyalı, hindistanlı və ya çinli istənilən belə sənəd hökumətin əleyhdarları üçün qəbuledilməz olacaq. Saqatelyan vurğulayıb ki, erməni tərəfi öz milli maraqlarını irəli sürməlidir. Biz hər kəslə, ilk növbədə strateji tərəfdaşımız Rusiya və dost İranla danışıqlar aparmalıyıq. Amma Ermənistanın həyati maraqlarını təmin etmək lazımdır, deyə parlamentari əlavə edib.

Qarabağdakı separatçıların eks-başçısı Bako Saakyan Lazarev klubunun iclasında deyib ki, “indi Qarabağ ağır yaralanıb. Düşmənlərimiz isə öz planlarını həyata keçirmək üçün nəhayət Qarabağ erməni dövlətçiliyini məhv etmək üçün böyük imkanlara sahibdirlər. Kiçik Qarabağ milyonluq ölkələrlə üz-üzə qalıb. Bu barədə danışmaq çox ağrılıdır”.

Bütün bunlara rəğmən Ermənistan və ermənilər hələ də Azərbaycanın onların yaşaması, gələcəyini qurmaları üçün nə qədər böyük şans verdiyinin fərqində deyillər. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda səfərdə olarkən irəli sürdüyü “Qafqaz evi” ideyası təksə bir ölkənin yox, bütövlükdə Cənubi Qafqaz ölkələrinin gələcəyini, təhlükəsizliyini təmin edən bir yol xəritəsidir. Bu yol münaqişələrə son qoyacaq unikal təklifdir. Bəs regionun digər ölkələri, xüsusən də Ermənistan bu şansı dəyərləndirə biləcəkmi?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə