Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında yeni dönəm

Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında yeni dönəm

Hər bir müstəqil dövlət özünəməxsus prinsip və xüsusiyyətlərlə fərqlənən, müxtəlif istiqamətli daxili və xarici siyasət yeridir. Dövlətin daxili siyasəti xalqın ümumi rəyi ilə yaradılmış və qəbul olunmuş Konstitusiya əsasında onun tam bir varlıq kimi yaşamasına, fəaliyyətinə, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində təmsil etdiyi vətəndaşların maddi və mənəvi tələbatının fasiləsiz təmin edilməsinə yönəldilir. Xarici siyasət isə bu vəzifələrin yerinə yetirilməsi, habelə öz ərazisində qanunverici, icraedici və məhkəmə hakimiyyətinin kənar müdaxilə olmadan həyata keçirilməsi məqsədilə təhlükəsiz və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə; ayrıayrı dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlığa, iqtisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təcrübələrin mənimsənilməsinə; qarşıya çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdirilməsinə və s. xidmət edir. Başqa sözlə ifadə etsək, ölkə daxilində gedən proseslərdən və qarşıya qoyulan vəzifələrdən irəli gələn siyasi xətt dövlətin beynəlxalq münasibətlər sahəsində mövqeyini və xarici siyasətinin istiqamətlərini, xarakterini, prinsiplərini müəyyənləşdirir və şərtləndirir.

Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması və prioritet vəzifələrin müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Beynəlxalq münasibətlərin yeni düzəni, dövlətlərarası ələqalərin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, dünyanın böyük dövlətlərinin, regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanla bağlı yürütdüyü və yürüdə biləcəyi siyasət təhlil edildi.Bu siyasət bu gün ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir, inkişaf etdirilir.

Azərbaycan Respublikasının xarici siyasətində mühüm faktorlardan biri də qonşu Gürcüstanla əlaqələr təşkil edir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər faktorlar iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardı. Azərbaycan ilə Gürcüstan arasındakı əsrlər boyu mövcud olan qonşuluq və dostluq əlaqələri müstəqillik əldə edildikdən sonra siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə yüksələn xətlə inkişaf edir.Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər «Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik» və «Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq» haqda qarşılıqlı bəyannamələr imzalanması ölkələr arasında qarşılıqlı münasibətlərin əsas vektorlarını müəyyən etmişdi.

Azərbaycanla Gürcüstan arasında mükəmməl əməkdaşlıq formatı yaradılıb. İstər energetika, istər nəqliyyat sahəsində yüksək səviyyədə əməkdaşlıq formalaşıb. Bütün bunlar iki dövlətin inkişafına xidmət etməklə yanaşı, regionda, xüsusən Avropa ilə Asiya arasında iqtisadi münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycan-Gürcüstan münasibətləri ortaq strateji maraqlara söykənir və hər iki xalqı bir-birinə dostluq və strateji əməkdaşlıq əlaqələri bağlayır. İldən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Cənubi Qafqaz regionunun indiki və gələcək inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edən bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün tərəflərdə böyük siyasi iradə və istək var. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivədə irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir.

Gürcüstan ilə Azərbaycan təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurla əməkdaşlıq edirlər. Artıq heç kəs şübhə etmir ki, Cənubi Qafqazın gələcəyi region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı – faydalı əməkdaşlıq münasibətləri mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ümumilikdə, Gürcüstanla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdir. Qeyd etmək yerinə düşər ki, ikitərəfli münasibətlərin inkişafında və regional əməkdaşlığın genişləndirilməsində həmişə ən əsas amil Azərbaycanın enerji potensialı olmuşdur ki, bu həm də Gürcüstan transit ölkə olmaqla Azərbaycanın enerji layihələri Avropada mühüm uğurlar qazanmaqdadır. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərir. Hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında mövcud olan mehriban qonşuluq əlaqələri mühüm baza rolunu oynayır.

Ölkələr arasında əlaqələrin inkişafına qarşılıqlı olaraq rəsmi səfərlərin təşkili xüsusi önəm daşıyır. Cari ilin oktyabr ayının 24-də Cənab Prezident İlham Əliyevin Gürcüstana növbəti səfəri olduqca maraqlı və əlamətdar hadisələrlə yadda qaldı. Məlum səfər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında reallaşıb və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi, eyni zamanda, strateji əlaqələrin yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatları zamanı dövlətimizin başçısı deyib ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar müttəfiqlik səviyyəsinə qalxıb. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Müzakirələr zamanı bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin bir daha bəyan etdiyi kimi, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etmişik. Ermənistan tərəfi də sülh sazişini imzalamaq üçün siyasi iradə nümayiş etdirməlidir. Dövlətimizin başçısı, eyni zamanda, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanması haqqında da fikir mübadiləsinin aparıldığını bildirib. Əlbəttə ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olunması istiqamətində önəmli bir platforma ola bilər.

Son illərdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır.

VASİF NƏBİYEV,

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə