“Türkiyə dünyada güc mərkəzinə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə dünyada güc mərkəzinə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İkinci Qarabağ müharibəsi Türkiyə-Azərbaycan münasibətlərinin nə dərəcədə səmimi və doğru olmasını tam sübutu idi. Bəli, biz qardaşımızı dar gündə daha da yaxından tanıdıq. Beynəlxalq aləm də bu dostluğun əbədi və qırılmaz olduğunu gördü”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, 44 günlük haqq savaşımızda Türkiyəyə qarşı siyasi təzyiqlər olsa da qəti şəkildə mövqeyini dəyişmədi mənəvi və siyasi dəstəyini tam ifadə etdi: “Qardaş ölkə artıq dünyada güc mərkəzlərindən biridir. Beynəlxalq aləmdə hər zaman Azərbaycanı dəstəkləyən Türkiyə müharibədən sonra da Qarabağda quruculuq işlərində yaxından iştirak etdi. Bu gün Qarabağda Türkiyə şirkətləri tərəfindən yol infrastrukturu qurulur. Demək olar ki, bu işlərin yarıdan çoxu da tamamlanıb”.

Deputat sözlərinə belə davam edib: “İki il əvvəl 20 oktyabr Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gün oldu - Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi. Məhz Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümündə Türkiyə Prezidentinin Azərbaycana, Qarabağa olan səfəri xüsusi məna daşıyır. Bu gün iki dost ölkə Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işləri həyata keçirir. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzuli hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Hər iki Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsinin əsas təminatçısı olacaqdır. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti Zənzəgurun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Zəngilan aeroportunun tikilməsinin region üçün önəmi həm də iqtisadi cəhətdən böyük olacaq. Bu hava limanı Şərqi Zəngəzurda istehsal olunan iqtisadi məhsulların ölkə və dünya bazarlarına çıxarılması baxımından da əlverişlidir. Digər tərəfdən böyük tranzit əhəmiyyətə malik olan bu strateji obyekt Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmini artıracaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə