Qubadlının azad edilməsi müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu
Məlum olduğu kimi, erməni hərbi birləşmələri 1993-cü il avqustun 31-də Qubadlı rayonunu işğal etmişdir. Birinci Qarabağ müharibəsində Qubadlı rayonu 238 nəfər şəhid vermiş, 146 nəfər əlil olmuşdu. Vandalizmi ilə tanınan düşmən 94 kənd və qəsəbəni, o cümlədən 205 mədəni –məişət obyektini, 12 tarixi abidəni məhv edib. 826 kv.km əraziyə malik Qubadlıdan 31 mindən çox əhali didərgin düşmüşdür.
Azərbaycanın cənub-qərbində həm strateji, həm fiziki- coğrafi mövqeyi əlverişli olan Qubadlı torpağı min illərin keşməkeşini görərək yaşlanmış, zənginləşmiş Kiçik Qafqaz dağlarının əhatəsində yerləşir. Həkəri və Bərgüşad kimi bolsulu çaylara, erməni işğalına qədər sıx meşələrə malik Qubadlının torpağının altı da zəngin xəzinədir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda Tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
30 ilə yaxın işğal dövründə düşmən bu torpaqlarda heç bir abadlıq, quruculuq işi aparmadı ancaq talan etdi, dağıtdı viran qoydu. Əlbəttə ki, düşmən yaxşı bilirdi ki, bu torpaqların əsl sahibləri gələcək.
27 sentyabr 2020 - ci ildə başlanmış Vətən müharibəsinin 28-ci günü, 25 oktyabrda Qubadlı şəhəri işğaldan azad edildi. Qubadlının azad edilməsi müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu desək yanılmarıq. Qubadlının azad olunması Böyük Qələbənin müjdəsini vermiş oldu. Uzun illər həsrətində olduğumuz torpaqlarımıza addım-addım yaxınlaşdıq.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməklə ermənilərin illərdir yaratdıqları mifləri, eyni zamanda, bu torpaqlarda qurduqları istehkamları dağıtdılar. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycanın gücünün, qüdrətinin, şücaətinin, yenilməzliyinin şahid oldu.
26 noyabr 2020-ci ildə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyev 5867 hərbi qulluqçunu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi. Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitandır.
2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qudadlı rayonu işğaldan azad edildikdən sonra Qubadlıya 3 dəfə səfər ediblər. Prezidentimiz və Mehriban xanım Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər edir, görülən işlərlə yaxından tanış olur, tapşırıq və tövsiyələrini verir, bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər.Bu bir daha onu nümayiş etdirir ki, çox keçməyəcək Qubadlı da, işğaldan azad olunmuş digər şəhər və kəndlərimiz də cənnətə dönəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB