“Hakimiyyətin iradəsi də odur ki, siyasi sistem sağlamlaşsın” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hakimiyyətin iradəsi də odur ki, siyasi sistem sağlamlaşsın” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Məlumdur ki, Azərbaycanda islahatların yeni mərhələsi 2018-ci ilin Prezident seçkilərindən sonra başlayıb. Bu gün də davam edən islahatlar həm konseptual, həm də struktur xarakteri daşımaqla bütün sahələri, o cümlədən hakimiyyətin hər üç qolunu əhatələməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə bütün siyasi qüvvələrin iştirak etdiyi növbədənkənar seçkilər keçirməklə, cənab İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə digər partiyaların nümayəndələri Milli Məclisin sədarətində və komitələrin rəhbərliyində təmsil olunması dövlət siyasi islahatlarda maraqlı olduğunu əməli formada göstərdi: “Amma mövcud qanunvericilik siyasi partiyaların fəaliyyəti, o cümlədən partiyalararası dialoqda tam mənada sağlam mühit yaratmaq üçün yetərli deyildi. 1995-ci ildən etibarən 70-ə yaxın düzəlişin istənilən nəticəni verməməsi məzmunca yeni normativ hüquqi aktın qəbul edilməsini zərurətə çevirmişdi. Əslində, Prezident İlham Əliyevin özü də VI çağırış Milli Məclisin ilk iclasında bu zərurətin anonsunu vermiş və Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması məqsədilə qanunvericilik sahəsində təkmilləşdirilmə vacibdir”.

Bəhruz Məhərrəmov sözlərinə belə davam edib: “Bu gün siyasi partiya və dərnəyin yaradılması arasında fərqi tapmaq çox çətindir. Siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tətbiq olunmur. Siyasi partiya ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə yaradılmalıdır.

Xeyli sayda misal göstərmək olar, bu illər ərzində mövcud vəziyyət ciddi sui-istifadələrə yol açıb, siyasi partiyalar marağı olan ayrı-ayrı insanların şəxsi alətinə çevrilib. Nəticə etibarı ilə də Azərbaycan vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək hüququ faktiki olaraq formal bir meyara çevrilir. Məsələn, hər hansı partiya liderinin şəxsi məqsədlər zəminində verdiyi səbatsız qərarla seçkidən kənar qalan minlərlə vətəndaş özünün təməl siyasi hüquqlarından biri olan seçib-seçilməkdən məhrum olurdu. Bu, öz növbəsində konstitusiyanın preambulasında ifadə olunan demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq kimi ali niyyətlərlə daban-dabana zidd durum yaradır.

İndi ortada maraqlı bir layihə var, beynəlxalq təcrübəyə əsaslanıb, 30-dan çox siyasi partiya rəyini verib, təkmilləşdirmə prosesi gedir.

Amma, aşkarlıq şəraitində müzakirələrin yenicə başlamasına, layihə mətninin bütün ağlabatan və səmərəli təkliflərə açıq olmasına baxmayaraq, bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşmalar artıq proseslə bağlı pozuculuq fəaliyyətinin şahidiyik.

Sirr deyil ki, əsas vurğunu da vururlar 5.1.-ci maddəyə, siyasi partiyanın Azərbaycan ərazisində son 20 il daimi yaşayan azı 200 vətəndaşı tərəfindən təsis edilməsinə və 6.1. maddədəki dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olması tələbinə. Bu tələblər bəzilərini niyə narahat edir? Unutmaq olmaz ki, siyasi partiya dövlət idarəçiliyinə gedən yoldur, vətəndaşın iradə ifadəsinin mexanizmlərindən biridir.

Bəzi radikallar iddia edir ki, hakimiyyət real müxalifəti sıradan çıxarmaq istəyir, yaxud, hakimiyyət rəqabətsizlik istəyir – yaxşı sədrindən və 3-5 qohumundan ibarət partiyalar hakimiyyətə rəqibdir yoxsa, 50 min, 100 min üzvü olan partiya? Yəni məntiqlə danışmaq lazımdır.

Yaxud bəziləri iddia edir ki, hakimiyyət üzvlərimizi tanımaq istəyir. Bunlar Leninin təbliğatından çıxa bilməyiblər, o bolşevikılərin gizli mübarizə metodları hələ də beynilərindədir. Axı sən xüsusi xidmət orqanlarının agentura şəbəkəsini idarə etmirsən ki, üzvləri məxfi saxlayasan, bu siyasi partiyadır və partiyanın da bir mübarizə üsulu var, o da seçkilər.

Bunları qorxudan səbəb çox sadədir, islahatların dərinləşməsi və bu yolla siyasi sistemdə sağlamlaşma üzvləri daha çox qeyri-real profillərdən, eyni IP-dən idarə edilən xəyali sosial şəbəkə trollarından ibarət olan bu dərnəklərin əsl simasını və potensialını üzə çıxaracaq.

Hakimiyyətin iradəsi də odur ki, siyasi sistem sağlamlaşsın. İradə ifadəsi kimi də. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 9-cu maddəsinə müvafiq olaraq normayaratma orqanlarının fəaliyyətində aşkarlığın təmin olunması məqsədilə "Siyasi partiyalar haqqında" qanunun layihəsi parlamentin internet informasiya ehtiyatında yerləşdirilib, normativ hüquqi aktın layihəsi açıq formada ictimai və peşəkar müzakirəyə çıxarılıb. Təbii ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin birinci hissəsini və normayaratma fəaliyyətinin əsas prinsiplərini rəhbər tutmaqla, sağlam və qərəzsiz ictimai fikir mübadilələri qanunun daha da cilalanmasına, daha da təkmilləşdirilməsinə səbəb olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə