Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlayan İran növbəti dəfə əzələ nümayiş etdirmək qərarına gəlib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları tərəfindən Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında keçirilən hərbi təlimlərlə İran yenə də öz mövqeyini, məhz ermənipərəst mövqeyini, erməni sevgisini, Azərbacan-Türkiyə qardaşlığına olan qısqanclığını ortaya qoyub. Maraqlıdır, görəsən bu təlimlərin Azərbaycan üçün hansısa təhlükəsi varmı və bununla İran nəyə isə nail olacağına özü belə inanırmı?
İran tərəfinin keçirdiyi təlimlərin hansısa təhlükə yaradacağından söhbət belə gedə bilməz və bunun üçün zərrə qədər narahatçılığa da ehtiyac yoxdur. Əvvəla ona görə ki, bu təlimlərin birinci dəfə keçirilmədiyini və hər dəfə də heç bir nəticə vermədiyini hər kəs bilir. Digər tərəfdən də İran necə və hansı əsasla Azərbacanın daxili işlərinə burnunu soxa bilər? Həm də axı Azərbaycan artıq ötən əsrin 90-cı illərindəki yenicə müstəqilliyini bərpa edən zəif bir ölkə deyil, topu, topxanası, nizami ordusu, hərbi potensialı, gücü, qüdrəti var və daxili işlərinə hansısa ölkənin qarışmasına bilmərrə izn verməyəcək bir əzm göstərmək imkanına sahibdir. Elə isə bu təlimlər nə deməkdir və ölkəmizin imkanlarını, bizim daxili işlərimizə burnunu söxmaq baxımından özünün imkansızlığını bilən bir ölkə, qonşu dövlət olan İranın belə təlimlərə başlaması nə deməkdir? Əlbəttə, reallıqları bildiyimiz halda bəlli olur ki, İranın təlimləri ancaq daxili auditoriya üçündür və həmin auditoriyaya da hesablanıb.
Təkcə region dövlətləri deyil, bütün dünya müşahidə edir ki, İranın daxilində vəziyyət heç də yaxşı deyil, əksinə həddindən artıq gərgindir. Əvvəla, İran öz daxili vəziyyəti, gərginliyi ilə məşğul olmalı halda, hansısa dövlətin daxili işlərinə qarışmaqla, sadə şəkildə desək, yanlışlıq edir. Digər tərəfdən də açıq-aşkar görünür ki, İranın hədələri öz xalqına hesablanıb. Bu ölkə ilk növbədə öz xalqına əzələ, güc nümayiş etdirir. Bir sözlə, ölkəsinin şimal-şərq sərhədində apardığı hərbi təlimlər plan üzrədir və Azərbaycan belə təhdidləri hesaba da almır, amma qonşu dövlətin belə niyyətini qəti şəkildə pisləyir. Çünki bu təlimlər İranın Azərbacanla sərhəddində keçirilir və üstəlik ölkəmizin ünvanına hədyanlar da səsləndirilir.
Bir qonşu dövlət kimi İran Azərbaycan tərəfindən heç zaman uyğunsuz davranışlar görməyib, hansıki bunu hər zaman özü edib. Azərbaycana qarşı İranın ədalətsiz mövqe sərgiləməsi birinci dəfə deyil. İllərlə bunun şahidi olmuşuq və dəfələrlə İranın yersiz bəyanatlar səsləndirməsini də görmüşük, halbuki sözügedən qonşu dövlət adekvat şəkildə Azərbaycandan bunu heç zaman görməyib. Azərbaycan hər zaman diplomatik münasibətlərdə, üstəlik, qonşu dövlətlərlə olan münasibətlərdə həssas olub və normalar çərçivəsində, etik qaydalar və hüquqi müstəvidə münasibətlərə üstünlük verib. Molla rejimi isə görünür ki, bu diplomatik münasibətlərin, qonşuluq münasibətlərinin hələ də fərqində deyil və Azərbaycana qarşı münasibətləri günü-gündən kəskinləşdirməsi bunu isbatlayır.
İranın hakimiyyət nümayəndələrinin, din xadimlərinin, diplomatlarının Ermənistana səfərlərinin son zamanlar intensivləşməsi təsdiq edir ki, onlar ermənilərlə dost və qardaş olduqlarını nümayişkəranə şəkildə göstərirlər. İranın məhz Ermənistanın tərəfində olduğu da açıq-aşkar görünür və qonşu dövlət bunu göstərməkdən çəkinmir də. Üstəlik, İran tərəfinin diplomat adlandırdığı bəzi siyasətçiləri Azərbaycan əlehinə hədyanlar da səsləndirirlər ki, bu, etik və hüquqi olmaqla, heç bir çərçivəyə sığmır. Ən başlıcası isə özünü bir müsəlman dövləti kimi dünyaya sırıyan İran, məhz vətəndaşlarının böyük əksəriyyəti müsəlman olan qonşusu Azərbaycana qarşı bunu etməklə bütün dəyərləri tapdalayır, dini də, əqidəni də nəzərə almadığını göstərir.
Son zamanlar Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri, birliyi İranın yuxusunu ərşə çəkib desək, yanılmarıq. Qardaşlıq müstəvisində bir olan bu iki dost ölkənin ən başlıcası regionda, eyni zamanda dünyada söz sahibinə çevrilməsi, nüfuzunun arması, əvvəlkindən daha artıq dərəcədə nəzərə alınması görünür İranın kürkünə birə salıb. İranın hər zaman qorxu içərisində olduğu kimsə üçün sirr deyil və indi bu qorxu özünü açıq-aşkar biruzə verir. Bəlli olur ki, İran hər zaman olduğu kimi, Azərbaycan-Türkiyə tandemini həzm edə bilmir və öz mövqeyini də gizlətməkdə çətinlik çəkir. Bu, özünü islam dövləti kimi göstərən İranın bir xristian ölkəsi olan Ermənistana yön almasında, haqsız, təcavüzkar olmaları fonunda ermənilərin tərəfini saxlamasında aydın şəkildə görünür. Aydın şəkildə görünür ki, məhz Türkiə və Azərbaycanın dostluğuna, qardaşlığına qarşı İran da Ermənistanla yaxınlıq edir, hətta bu ölkənin diplomatları göstərmək istədikləri qardaşlığı etiraf da edirlər.
Xristian ölkəsi olan Ermənistanın təkcə son dövrlədə yox, onillər boyu Azərbaycanın müsəlman əhalisinə divan tutması, təcavuz etməsi fonunda İranın həmin təcavüzkar ölkənin yanında olması həm təəccüb, həm təəssüf, həm də ikrah doğurur. Ona görə təəccüb doğurur ki, bir müsəlman ölkəsi müsəlman dini mənsubiyyətli əhaliyə qarşı dəfələrlə soyqırımlar edən, ümumiyyətlə müsəlman əhaliyə qarşı soyqırım siyasəti yürüdən xristian ölkəsini dəstəkləyir və bu heç də normal hal deyil, kənardan qeyri-adi görünür. Əminliklə deyə bilərik ki, dünyanın istənilən nöqtəsində buna, İranın belə bir mövqeyinə normal baxılmaz. Təəssüf doğurur ona görə ki, müsəlman əhalini hər imkan düşdükdə qıran, yurd-yuvalarını, dini-mədəni abidələrini dağıdan, onları didərgin salan, özünə düşmən hesab edən ermənilərin, Ermənistanın tərəfini müsəlman ölkəsi kimi tanınan İran tutur. Buna da əminik ki, dünyanın heç bir yerində yaşayan müsəlman bununla barışa bilməz və öz müsəlman qardaşlarının qanına susayan erməniləri, ümumilikdə Ermənistanı bir müsəlman ölkəsinin dəstəkləməsinə, həmin dövlətin tərəfini tutmasına, özü də haqsız olduğu halda tərəfini tutmasına ən azından təəssüf hissi keçirər və keçirir də. Sözsüz ki, sadalanan hallar özü-özlüyündə həm də ikrah hissi doğurmaya da bilməz, çünki özünü müsəlman adlandıranların öz müsəlman qardaşlarını qanına qəltan edənlərlə döstluq etməsi, onlara dəstək olması ikrah hissinə, nifrətə layiqdir.
Maraqlıdır, İranın xəbəri yoxdurmu ki, ermənilər 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları Azərbacan ərazilərində müsəlmanlara məxsus məscidləri darmadağın ediblər, həmin məscidlərdə heyvan, özü də donuz saxlayıblar? Bu həqiqəti bəlkə də bilməyən yoxdur. İran tərəfinin isə bunu bilmədiyini kimsə söyləyə bilməz və belə olan halda, molla rejimi yenə də Ermənistanı, erməniləri dəstəkləməyə davam edirsə, buna ad vermək də çətindir. Ona görə ki, məscidlər təkcə Azərbaycana məxsus deyil, bütün müsəlmanların müqəddəs məkanıdır. İran tərəfi məscidlərə olan hörmətsizliyin, özü də ermənilər tərəfindən edilən hörmətsizliyin, təhqiramiz hərəkətlərin fonunda Ermənistana dəstək göstərirsə, bu dövləti müsəlman dövləti belə adlandırmaq çətindir. Molla rejimi qonşu dövlət olan, özü də öz mübarizəsində haqlı, ədalətli dövlət olan Azərbaycan tərəfindən utanmırsa, heç olmasa məscidlərə daxil olanda məscidlərə hörmətsizlik edənləri dəstəklədiyinə görə utansın.
“Biz Zəngəzurda yerləşməliyik, Türkiyə ilə Azərbacan qardaş deyil, məzhəb daha güclüdür, Azərbacan tərpənsə, Bakıda başını əzəcəyik”, deyən İran diplomatı Əbülfəz Zöhrəvənd nə danışdığının, dediklərinin məsuliyyətini dərk etməlidir. Dərk etməlidir ki, əvvəla dinini, imanını, inancını, əqidəsini təhqir edənlərin dəyirmanına su tökür, onları dəstəkləyir və bu həddindən artıq iyrənc təəssürat yaradır. Hətta müsəlman olduğuna belə şübhə yaradır, çünki müsəlman baş kəsməkdən, qan tökməkdən dəm vurmaz. İslam dini barış dinidir, sülhü, əmin-amanlığı tərənnüm edən dindir və əgər bunun əksini ifadə edən kimsə özünü müsəlman hesab edirsə bərk yanılır. Çünki müsəlman olan kəs müqəddəs kitabımız olan Qurana istinad etməli, ilk növbədə dini, imanını, əqidəsini üstün tutmalı, qorumalıdır və müsəlman qardaşlarının, azərbaycanlıların hər fürsət düşdüyü zaman cəlladcasına başını kəsən, əsir götürüb olmazın əziyyət verən, haqqını tapdalayan, məscidlərini təhqir edən ermənilərə dəstək verməməlidir. Digər tərəfdən də Zöhrəvəndin timsalında İranın hansısa diplomatının uyğunsuz ifadələr işlətməsi də qəbuledilən deyil və heç bir normaya sığışmır. Bu cür ifadələr diplomatik davranışlara belə yaddır.
Onu da diqqətə çatdıraq ki, İran tərəfinin, molla rejiminin diplomatları davamlı şəkildə Azərbaycan əleyhinə uyğunsuz ifadələr işlətməkdə nəinki səhv edirlər, hətta həddi aşırlar və buna görə cavabdeh olduqlarını bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan dövləti ilə heç bir ölkə təhdid dili ilə danışa bilməz. İran da istisna deyil və Azərbaycanın işlərinə qarışmağa kimsəyə imkan verilmir. Əgər bunu bilmirlərsə, yaxud özlərini bilməməzliyə vururlarsa, bununla özlərini aldatmış və çətin vəziyyətdə qoymuş olurlar. İran öz ermənipərəst mövqeyini, erməni sevgisini ortaya qoymaqla böyük səhvə yol verir. Bir sözlə, erməniləri özlərinə döst hesab etmək İran tərəfindən böyük səhvdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB