“Cənub qonşumuzun aqressiyası əsassızdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi daşıyır. Bu mənada cənub qonşumuz İranın da aqressiyası əsassızdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, rəsmi Tehran öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətilə seçilir: “Torpaqlarımız işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirərək, birgə layihələr həyata keçirirdi. Bu ölkənin rəhbərləri xunta rejiminə, Xocalı cəlladlarına - Koçaryan və Sarkisyana isti münasibət sərgiləyirdi. İşğal dövründə İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar həmişə gündəmdə olub. Bu gün də eyni siyasət davam edir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İəvana səfər etdi. Bu davranışla İran Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməli ilə təsdiqləyir”.
Deputat sözlərinə belə davam edib: “Təəssüflə qeyd etməliyik ki, 30 illik işğal dövründə İran Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin təhqir olunmasına göz yumub. Bu azmış kimi İrəvanda, Şuşada məscidlərin “bərpa” adı altında əslində saxtalaşdırılması prosesində yaxından iştirak edib. İslami dəyərlərin məhv edilməsini görməzlikdən gəlib.
44 günlük Vətən müharibəsində də İran Azərbaycanın qələbəsini həzm etmirdi. Müharibənin gedişində Ermənistana silah yardımları edir, Azərbaycana qarşı hər cür vasitələrdən istifadə edirdi.
İran rəhbərliyi Azərbaycanın qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib.
Bu gün isə cənub qonşumuz Ermənistanın ərazi bütövlüyü məsələsində canfəşanlıq edir, Azərbaycana qarşı hədələr səsləndirir, hərbi təlimlər keçirir. Amma bu təlimlər hər nə qədər Azərbaycana qarşı əzələ nümayişi olsa da heç bir nəticəsi yoxdur. Belə ki, bu, İran ordusunun gücündən daha çox qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından çox geridə qaldığını göstərdi. Görünən budur ki, uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordsu texnoloji baxımdan 50 il əvvəlki səviyyədə qalıb. Ümumiyyətlə, İranın bu təlimləri heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat etmir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla mətbuata birgə bəyanatında da qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır. İran bu mesajdan ciddi nəticə çıxartmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB