Ermənistanda artıq çoxdandır ki, Qərbin könlünü oxşamaq üçün Rusiya əlehinə təbliğatın aparılması fonunda bir qorxu hissi də yaşanır. Bu ölkədə bir çox siasətçilər, politoloqlar ruslar olmadan ermənilərin sonunun çatacağını düşünürlər. Hətta erməni cəmiyyətinin özündə də belə bir xof çoxdandır hiss olunmaqdadır, çünki Qərbə yaltaqlanmaları ilə yanaşı hələ də Moskvanın qəzəbinə tuş gəlmək, ən azından Rusiyanın öz nəzərini Ermənistanın üzərindən çəkəcəyi halda məhvə sürüklənmə qorxusu işğalçı ölkdə hökm sürür.
Çoxdandır ermənilər Rusiyanın Ukrayna bataqlığına düşdüyü qənaətində olsalar da, hər necə olsa, öz dayaqlarından məhrum olduqlarına görə də narahatdırlar. Moskvanın artıq Ermənistanda tərəfdarlarını dəstəkləmək üçün elə bir gücü və imkanları olmadığını və hər gün daha da zəiflədiyini iddia edənlər belə bir qorxu içərisindədirlər, çünki bilirlər ki, ruslar olmadan heç bir imkana, potensiala sahib deyillər. Qorxu hissinin ermənilərin başının üstünü qara bulud kimi aldığı hər addımda hiss olunur. Hiss olunur ki, bir tərəfdən Qərb deyə özlərinə yeni ağalar axtaranlar öz köhnə ağalarından da məhrum olacaqlarından ehtiyatlanırlar.
İndi ermənilər hətta rusların qəzəbindən də çəkinirlər. Bilirlər ki, bu zamana qədər onlar üçün etdiklərinin müqabilində ermənilərin, Ermənistanın Rusiya-Qərb qərb qarşıdurması fonunda Qərbə meyl etməsini ruslar onlara bağışlamayacaq. Yaxşı başa düşürlər ki, Moskva istədiyi zaman İrəvanı tamamilə tərsinə çevirə bilər və bunun üçün Rusiyanın Ermənistanda kifayət qədər “adamı” var, hansıki onlar üçün bu, çox asan məsələ hesab olunur. Özü də həmin “adamlar” özləri də buna maraqlıdırlar, çünki əvəzində onlara hakimiyyət vəd olunacağı qənaətindədirlər.
Son günlər Rusiya yönümlü olan Eduard Şarmazanov soydaşlarını daha çox qorxuya salıb. O, açıq şəkildə ifadə edir ki, Rusiya Ukraynada uduzsa belə, Ermənistanın sonu çatır. Şarmazanov fikirlərini belə izah edir ki, NATO və Qərbin burnunu soxduğu bütün ölkələr çöküb və Ermənistanın da rəsmi təbliğatının uzun müddətdir erməni-rus müttəfiq maraqlarına zidd olması həmin dövlət əleyhinə xarakter daşıyır. Rusiyanın məğlub olmasından sonra Ermənistanı, bütövlükdə erməniləri Qərbin qorumayacağı fikrində əmin olan Şarmazanov həmvətənlərinə xilas yolunun olmayacağı xəbərdarlığını edir. Onun sözlərinə görə, Rusiya Federasiyasının uğursuzluğu və məğlubiyyəti birbaşa Ermənistanın vilayətləşdirilməsinə gətirib çıxaracaq.
Politoloq Edqar Elbakyan isə öz loyal impulsunu tərk edərək, yerli mətbuata bildirib ki, “Rusiyanın Cənubi Qafqaz regionunda təsir zonası azalarsa, bu, Ermənistanın sonu deməkdir. O, Ermənistanın Rusiya “olmadan” ayaqda qalacağına inanmır və əmindir ki, ruslarsız ermənilər məhvə məhkumdurlar. Politoloq xatırladır ki, Rusiyanın bütün müttəfiqlərini itirdiyi qənaətində olanlar yanılırlar və rəsmi Moskva Ermənistanda Qərbin “at oynatmasına” razı olmayacaq, çünki bölgədə maraqları var. Onun sözlərinə görə, Rusiya əleyhinə təbliğatı fonunda, Ermənistan artıq Moskvadan nə siyasi, nə hərbi, nə də iqtisadi yardım gözləyə bilməz. Rusiyanın isə Cənubi Qafqazdan çıxması inandırıcı görünmürsə, deməli bu, ermənilər üçün son deməkdir.
Doğrudur, haylar hay salıblar ki, guya Rusiya ilə münasibətlərinin körlanmasına görə ancaq Ermənistandakı rusiyapərəst qüvvələr narahatdırlar. Ruslara qarşı aqressiv davranış, Ermənistanın Rusiyadan üz döndərilməsi onları sevindirmir deyə bir spekulyasiyalar var işğalçı ölkədə, amma ümumilikdə ermənilərin demək olar ki, hamısında Rusiya qorxusu hiss olunur, bunu etiraf etməkdən çəkinsələr belə. Haylar özlərini inandırmağa çalışırlar ki, rusların ya onlarla işi olmayacaq, ya da başları özlərinə qarışıb. Bununla belə böyük qardaşlarının nəyə qadir olduqlarını da yaxşı bilirlər. Bilirlər ki, əsrlər boyu hayları hər mənada “təmin edən” ruslar onlardan belə asanlıqla əl çəkəsi deyillər. Etdiklərinin əvəzini görməyən, üstəlik, ermənilərdən xəyanət görən ruslar bunun acısını onlara yaşadacaqları qorxusu yuxularını ərşə çəkib. Ən azından onların xəyanətləri müqabilində Ermənistandakı mövcud hakimiyyət Moskvaya hesab verməli olacaq və bu qorxu erməni baş nazir Nikol Paşinyanın sifətindən belə hiss olunur.
Bu bir reallıqdır ki, Paşinyan hakimiyyəti Rusiyadan Qərbə doğru tam sürətlə uzaqlaşır. Əlbəttə ki, digər xalqlardan fərqli olaraq, ermənilər hər zaman özlərinə “güclü ağa” axtarıblar və hansısa daha güclü dövlətə sığınmaq onların köhnə ənənələridir. Bu “ənənə” onların daim yardımlara, iyanələrə göz dikmələrindən, eləcə də mövcudluqlarını hansısa dövlətin himayəsində hesabına qorumaq istəklərindən, arzularından irəli gəlir. İndi erməni cəmiyyətinin əksəriyyətinin Paşinyandan gözlədiyi də budur. Yəni, ermənilər Qərbi daha güclü hesab edirlər deyə Paşinyanın Qərbə meyl etməsi onları qane edir, oradan dəstək, yardım unurlar, amma Rusiyanın Ermənistan üçün hansısa “sürpriz” hazırlayacağı qorxusu da kürklərinə birə salıb və bu cəmiyyətin tez-tez ruslar barədə fikirlər səsləndirməsi həmin qorxunun təzahürüdür.
Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman “iki stulda oturmaq”, yəni həm Rusiya ilə, həm də Qərblə “oynamaq” niyyətində idi. Məsələ burasındadır ki, buna nə Qərb, nə də Rusiya həm razılıq, həm də imkan vermədi. Küçə nümayişlərindən istifadə edərək hakimiyyətə gələn Nikol isə, gay Rusiyaya, gah da Qərbə üz tutmaqla, yenə də avantüristcəsinə hərəkət edə bilmədi və dilemma qarşısında qaldığı zaman Qərb onun bir erməni kimi seçimi oldu. Əsrlər boyu hayların beləcə “seçim” etdiləri tarixi faktlardır və seçim adı altında müttəfiqlərini, arxa-dayaq bildiklərini satmaq, daha doğrusu, xəyanət etmək onlar üçün adi hal olduğunu bir zaman Türkiyəyə qarşı etdiklərindən bilirik və o da bunu asanlıqla etdi, özü də nümayişkaranə şəkildə. Düşündü ki, otumaq istədiyi “iki stuldan” birinin ayaqları artıq sınıb və yıxılmaqdan bərk qorxdu. Üstəlik, çətin seçim qarşısında qoyulmuşdu, axı hakimiyyətə də məhz Qərbin köməkliyi, hətta ssenarisi ilə gəlmişdi. O, öz seçimini artıq edib, Ermənistanın xarici siyasət vektoru artıq müəyyən edilib, bu Qərbdir, amma hələ də bu ölkə Rusiya qorxusu altındadır və bu qorxu da səbəbsiz deyil.
Bu gün demokratiya oyunu, yaxud demokratiya adı altında özünü Qərbə sırıyan Ermənistan özü Qərbin oyunlarında alətdir. Qərb indi Cənubi Qafqazda məhz Ermənistan vasitəsi ilə özünə ‘yer eləmək” istəyir. Bunu da Rusiya yaxşı başa düşür və Qərbin bu “istəyi” ruslar üçün artıq qırmızı xətt hesab olunur. Bu baxımdan Moskvanın ən yaxın zamanda hərəkətə keçəcəyi və Ermənistanda istədiyi “nizamı” qurmaq üçün öz bildiyi kimi “hərəkət edəcəyi” tam gözləniləndir. Düzdür, Rusiyanın indi Ukrayna ilə hələ də davam edən müharibəsi fonunda rusların müəyyən qədər başları qarışıb, amma ermənilərin sonsuza qədər “ərköyünlüklərinə”, daha dəqiq desək, hədsizliklərinə rəvac verilməyəcəyi bəlli məsələdir, təkzib də edilə bilməz. Birinci imkan tədbirində Ermənistanın hədəf seçiləcəyini elə erməni politoloqlar özləri də etiraf edirlər və həmvətənlərini bu reallığa hazır olmağa çağırırlar, hansıki Şarmazanovun və eləcə də Elbakyanın fikirlərində bunun şahidi oluruq. Şahidi oluruq ki, ruslar olmasa ermənilərin “işinin bitəcəyi” barədə Ermənistanda həyəcan təbili çalınır. Deməli, bu həm də ondan xəbər verir ki, artıq erməni politoloqlarının, siyasətçilərinin timsalında Ermənistan ictimaiyyəti nədənsə duyuq düşüb və qorxularının da səbəbi budur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB