Londonda dövlət müstəqilliyimizin bərpasının 31-ci ildönümü qeyd olunub - FOTOLAR

Londonda dövlət müstəqilliyimizin bərpasının 31-ci ildönümü qeyd olunub - FOTOLAR

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı Londonda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən səfir Elin Süleymanov müstəqilliyin bərpasının dövlət və xalq üçün nə qədər əhəmiyyətli, taleyüklü məsələ olduğundan söz açaraq xalqın iradəsi və milli özünüdərk ilə müstəqil Azərbaycan Respublikasının çox mürəkkəb şəraitdə fəaliyyət göstərdiyini bildirib.

Səfir qeyd edib ki, 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmayıb. Bu gün Avrasiyada baş verən təlatüm, hərbi münaqişələr və qeyri-sabitlik bir daha göstərir ki, Azərbaycanın müstəqil və suveren dövlətçiliyi nə qədər əhəmiyyətlidir.

E.Süleymanov ümummilli lider Heydər Əliyevin fikirlərini xatırladaraq müstəqilliyin xalqın ən böyük sərvəti və təntənəsi olduğunu bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında parlaq qələbəmizdən sonra Müstəqilliyin Bərpası Gününün keçirilməsinin xüsusilə qürurverici olduğunu vurğulayıb.

O söyləyib ki, Prezident İlham Əliyev region dövlətlərini ətrafında cəmləyərək, sülh və sabitlik yurdu Azərbaycanı beynəlxalq inkişaf və tərəqqi mərkəzinə çevirib: “Bu ilin avqust ayında radikal dini-dəstənin səfirliyə olunan hücumundan və vurulan ziyandan sonra, binamızın təmir olunmuş zalında məhz Müstəqilliyin Bərpası Gününün təntənəli şəkildə keçirilməsi rəmzi və əlamətdar hadisədir”.

Sonra “Azərbaycan Evi”nin təsisçisi və rəhbəri Əli Təkin Atalar çıxış edərək uzun illər qəriblikdə yaşasa da, həmişə qəlbinin Azərbaycan ilə döyündüyünü qeyd edib. Türkiyədə, daha sonra Londonda fəaliyyət göstərdiyi illərdə Azərbaycanın uğur və müvəffəqiyyətlərini həmişə yaxından izlədiyini, bundan sonra da mümkün bütün dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Daha sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə London şəhərində Fəridə Pənahovanın rəhbərliyi altında fəaliyyət göstərən “Qarabağ Məktəbi”nin üzvləri şeirlər söyləyib, “Mübarəkdir”, “Dostluq mahnısı” və “Can Azərbaycan“ mahnılarını ifa ediblər. Azərbaycanlı uşaqların şeir və mahnı layihəsi tədbir iştirakçıları tərəfindən xoş təəssüratla qarşılanıb.

Tədbirin sonunda iştirakçılar bayram süfrəsinə dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə