Rusiya-Ukrayna müharibəsinin artıq nəinki daha aktiv fazaya, hətta təhlükəli mərhələyə keçmə ehtimalı var və bu, qlobal müstəvidə həyəcan təbili çalmaq üçün yetərlidir. Belə bir həyəcan artıq hiss olunur və dünya ictimaiyyəti heç də məsələyə dırnaqarası, etinasız yanaşmır. Təhdidləri nəzərə alan bəzi politoloqlar hətta “Qiyamət günü” barədə proqnoz və xəbərdarlıq etməkdən də çəkinmirlər. Çünki Ukraynada davam etməsi fonunda sözügedən müharibədə aydındır ki, dolayısı ilə iki hegemon dövlət, ABŞ və Rusiya olmaqla, iki aparıcı nüvə ölkəsi arasında hegemonluq uğrunda mübarizədir.
Hər kəsi bir sual düşündürür ki, görəsən nüvə silahı istifadə olunacaqmı? Təkcə düşündürmür, həm də narahat edir, çünki bu silah heç də digərlərinə bənzəmir və yalnız atıldığı ərazi deyil, bütövlükdə planetimiz üçün təhlükəli, daha dəqiq desək, məhvedici hesab olunur. Həmin silahı Rusiyanın istifadə edəcəyi barədə bildirilənlər də bu baxımdan dünya ictimaiyyətini narahat edir.
Bəllidir ki, nüvə silahının istifadəsi, yəni nüvə müharibəsi heç bir tərəfin qalibiyyəti demək deyil, əksinə, nüvə silahının istifadəsi bütövlükdə planetin məhvinə səbəb ola bilər. Bunu açıq şəkildə Rusiya da etiraf edir və bildirir ki, nüvə müharibəsində heç bir qalibin ola bilməyəcəyi bəllidir. Bir tərəfdən Rusiya bu rakursdan da çıxış edərək bəyan edir ki, nüvə silahını istifadə etməmək postulatına sadiqdir. Hətta bu tezis artıq beş aparıcı nüvə dövlətinin liderlərinin yanvar bəyanatında da öz əksini tapmışdı. Söhbət eyni zamanda nüvə silahına malik dövlətlər arasında müharibənin qarşısının alınması və strateji risklərin azaldılması zərurətindən gedir və heç şübhəsiz ki, bu məsuliyyəti hər kəs dərk edir.Digər tərəfdən də Rusiya lazım olacağı təqdirdə artıq nüvə silahından istifadə edəcəyini bəyan edir. Hətta qeyd olunur ki, bu dəfə daha kəskin qərar verəcək. Bütün bunlar isə sözsüz ki, narahatlıq doğuran məqamlardır, çünki Ukrayna ilə müharibəni başlamayacağını bəyan etməsinin ardınca Rusiya müharibəyə start verdi və hələ də döyüş davam edir. Deməli, hadisələrin hansı məcrada olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Elə ən həssas məsələ də budur, çünki əvvəlcədən bilinəcəyi təqdirdə qarşısının alınması üçün ən azından tədbirlər görülə bilər. Bu vəziyyətdə isə, yəni nə kimi, hansı addım atılacağı bilinmədiyi halda narahatlıq daha çox olur.
Bilirik ki, Amerikanın Kiyevə yeni hərbi yardım paketi artıq əməlli-başlı qıcıq doğurub. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov həmin o yardım paketini şərh edərkən birbaşa qeyd edib ki, bu cür hərəkətlər ABŞ üçün münaqişə iştirakçısı statusunu təmin edir. Yəni, belə bir yardım paketi Amerikanın münaqişədə iştirakçı olduğu qənaəti üçün əsas hesab olunur. Bir sözlə, Rusiya indi Amerikanın münaqişədə iştirakçı olduğunu əsas gətirərək nüvə silahından istifadə məsələsinə qayıda bilər. Rusiyanın BMT-dəki nümayəndə heyəti rəhbərinin müavini Konstantin Vorontsov da əlavə edib ki, artıq bu gün birbaşa silahlı münaqişənin astanasında balanslaşdırma aktı var. Onun sözlərinə görə, bu, daha da gərginləşməklə, dəhşətli nəticələrlə nüvə güclərinin hərbi toqquşması ilə sonlana bilər.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin özü də bu yaxınlarda xəbərdarlıq etmişdi ki, ölkəsinin bütövlüyü təhlükə altında qalacağı təqdirdə istənilən vasitəyə əl ata bilər. “Ölkəmizin ərazi bütövlüyü təhlükə altına düşəndə biz, şübhəsiz ki, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik və artıq bu blef deyil”, deyən Rusiya prezidenti Vladimir Putin məsələnin ciddiliyini nəzərə çatdırır və belə ciddi məqamda onun bütün vasitələr dedikdə nəyin nəzərdə tutulduğu bəllidir. Əlbəttə ki, bütün vasitələr dedikdə ilk növbədə nüvə silahı başa düşülür. Deməli, Putin lazım olacağı halda, nüvə silahına əl atacağı barədə əvvəlcədən xəbərdar edir və ən təhlükəli məqam elə budur.
Həmçinin Rusiya prezidentinin “bu artıq blef deyil”, ifadəsi də diqqət çəkir. Xatırladığımız kimi, müharibə hələ yenicə başladığı dövrdə, daha dəqiq desək, ruslar ilk uğursuzluqlarla qarşılaşdıqları zaman və eləcə də dünya ölkələri Ukraynanı dəstəkləməyə başladıqları zaman Rusiya tərəfi nüvə başlıqlarını hazır vəziyyətə gətirmişdi. O zaman rusların belə bir addım atmaları “blef” kimi xarakterizə edildi və bütün dünyada belə bir fikir formalaşdı ki, guya Rusiya nüvə silahını xatırlatmaq üçün nüvə başlıqlarını hazır vəziyyətə gətirir və bir növ hədə-qorxu gəlir. Yəni, açıq şəkildə qeyd olunurdu ki, Rusiya blef edir. İndi həmin ifadələri xatırladaq Putin bəyan edir ki, bu dəfə heç kim deyilənləri blef olaraq qəbul etməsin. Hətta bir çox analitiklər bu bəyanatı Rusiyanın bilavasitə döyüş meydanında taktiki nüvə silahından istifadə etmə ehtimalına açıq bir eyham kimi qiymətləndirdilər. “ABŞ prezidenti Co Bayden kimi mən də Rusiyaya deyirəm ki, bunu etmə!”, deyən Almaniya kansleri Olaf Şolz bu ifadəsi ilə məsələnin ciddiliyinə diqqəti cəlb edir. Almaniya kanslerinin, ABŞ prezidentinin timsalında çoxlarının narahatlığı anlaşılandır və narahatlıqları heç də təsadüfi deyil.
Məsələ burasındadır ki, Rusiya rəhbərliyinin qismən səfərbərlik qərarı tamamilə başqa bir məqama diqqəti çəkir. Etiraf edək ki, əgər nüvə silahının istifadəsi nəzərdə tutulsaydı, qismən səfərbərlik qərarı verilməzdi. Yəni, qismən səfərbərlik qərarı Ukrayna silahlı qüvvələrinə qarşı birbaşa taktiki nüvə silahından istifadədən imtina kimi şərh oluna bilər. Şübhəsiz ki, həqiqətən də nüvə eskalasiyası variantı nəzərdən keçirilsəydi, onda qismən səfərbərliyə ehtiyac belə qalmazdı. Hətta qismən səfərbərlik elan etməklə, Moskvanın adi silahlarla xüsusi əməliyyatda dönüş nöqtəsinə nail olacağına ümid etdiyi bəlli olur. Deməli, Rusiya hələ “qırmızı xətti” gözləyir, amma bu qırmızı xəttin hansı xətt olduğu təyin edilməlidir. Daha dəqiq desək, Qərbin Ukraynaya dəstəyinin Rusiya tərəfindən hansı səviyyədə və hansı formatda “qırmızı xətti” keçmək hesab edəcəyini aydın və birmənalı müəyyən etmək lazımdır. Çox güman ki, bu, Qərbin münaqişədə birbaşa iştirakı, birbaşa dəstəyidir. Axı bu gün də həmin dəstək Kiyevin hərbi uğurlarında həlledici rol oynayır. Təbii ki, “qırmızı xəttin” hansı müstəvidə, hansı şəraitdə olduğu bu gün müəyyən olunması qaçılmaz olan əsas məsələdir. Lakin, görünən odur ki, hələ də naməlum müstəvidə “qırmızı xətt” bəşəriyyəti narahat edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB