İnkişaf və uğurlarla zəngin 20 il TƏHLİL

İnkişaf və uğurlarla zəngin 20 il TƏHLİL

Ölkədə idman və Olimpiya Hərəkatının inkişafı, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları uğurlar, paytaxtımızda keçirilən irimiqyaslı yarışlara uğurlu ev sahibliyi etməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. Dövlət səviyyəsində göstərilən diqqət və qayğı, müasir idman infrastrukturun yaradılması idmanın inkişafında yeni mərhələ təşkil edir. Azərbaycanda dövlətin idman siyasətini rəhbər tutan federasiyalar da öz fəaliyyətlərini mövcud dövrün tələbləri səviyyəsində qururlar. Ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları arasında Azərbaycan Gimnastika Federasiyası (AGF) səmərəli, işgüzar fəaliyyəti və yenilikləri ilə diqqət çəkir. AGF ölkənin ən fəal idman qurumlarından biri kimi uğurlara sahib olub. Federasiyada gimnastikanın 6 növü müvəffəqiyyətlə inkişaf etdirilir. Gimnastika idman növü uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. Əlbəttə ki, idman gimnastikadan başlayır. İdmanının inkişafı, istərsə də, beynəlxalq yarışların keçirilməsi istiqamətində əldə olunan uğurlar federasiyayanın qarşıya qoyduğu hədəflərin nəticəsidir. Vurğulamaq yerinnə düşər ki, Gimnastika Olimpiya Oyunlarının proqramına 1896-cı ildə daxil edilib. İdman gimnastikası üzrə dünya çempionatları 1903, Avropa çempionatları isə 1955-ci ildən keçirilir. Azərbaycanda isə idman gimnastikası keçən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlayıb. 1939-cu ildə Bakıda ilk respublika çempionatı keçirilib. 50-ci illərin sonundan etibarən isə Azərbaycanda güclü idman gimnastları nəsli yetişib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra AGF 1993-cü ildə Beynəlxalq Gimnastika Federasiyasına, 1996-cı ildə isə Avropa Gimnastika İttifaqına üzv qəbul olunub. AGF-nin 2002-ci il oktyabrın 7-də keçirilən təsis konfransında ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva federasiyanın prezidenti seçilib. Həmin vaxtdan etibarən federasiyada bütün işlər yenidən qurulub və bu sahədə böyük dönüş yaranıb. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun qurumun yenidən qurulmasının 20 illiyi ilə bağlı federasiyanın mətbuat xidmətinə verdiyi müsahibədə bildirdiyi kimi, "Müstəqilliyi bərpa etdikdən sonra gimnastikanın dirçəlişi məhz 2002-ci ildə federasiyanın yenidən qurulduğu vaxtdan başladı. Sözsüz ki, biz bu yola çıxanda qarşımıza müəyyən hədəflər qoymuşduq. Məqsədlərimizə doğru addımladıqca müəyyən çətinliklərin olacağını bilirdik. Məsələyə real yanaşıb, məsuliyyəti hiss edirdik. Nəticədə, bu gün ölkəmizdə gimnastikanın 9 növü inkişaf etdirilir. Çoxsaylı beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edirik. Həm beynəlxalq arenada idmançılarımız uğurlar qazanır, həm də federasiya nümayəndələrimiz beynəlxalq qurumlara seçilir".
Federasiyanın 20 illik səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası öz inkişaf dövrünü yaşayır. Gimnastikanın bütün növləri üzrə maddi-texniki bazanın gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində 2002-ci ildən başlayaraq bu sahədə yüksək uğurlar qazanılıb. AGF-in məqsədyönlü və səmərəli fəaliyyətinin nəticəsində uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrə axını artıb. Məlumat üçün bildirək ki, ilk dövrlərdə ölkəmizdə əsasən bədii gimnastika, akrobatika və tamplinq növləri fəaliyyət göstərib. Mehriban xanım Əliyevanın AGF-yə rəhbər seçilməsindən sonra uğurlar davamlı oldu. Qısa müddət ərzində bu sahədə görülən işlər, irəliyə doğru atılan mütərəqqi addımlar öz bəhrəsini verməyə başladı. Ölkə gimnastikasının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar aparan Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi beynəlxalq qurumlarla da əlaqələr quraraq qarşılıqlı və sıx əməkdaşlığa başladı.

DÜZGÜN VƏ VAXTINDA VERİLMİŞ QƏRARLAR VƏ GÜCLÜ STRATEGİYA

Qısa müddətdə bu sahədə qazanılan uğurları dəyərləndirən beynəlxalq qurumların rəhbərləri yüksək səviyyəli mötəbər tədbirlərə və yarışlara ev sahibliyini tərəddüd etmədən ölkəmizə həvalə etdilər. "Bugünkü nailiyyətlərimiz AGF-nin prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə düzgün və vaxtında verilmiş qərarlar və güclü strategiya sayəsində əldə olunub. Uğurların sirri həm də yeniliklərə açıq olmağımızla bağlıdır" deyən qurumun vitse-prezidenti bildirib ki, 20 il ərzində bizim ən böyük məqsədlərimizdən biri ölkəmizdə bu ənənənin yaradılması, əhalinin gimnastikaya marağının artırılması olub"" – deyə Altay Həsənov bildirib. Belə ki, yeni rəhbərliyin fəaliyyətə başlamasından cəmi bir neçə ay sonra - 2003-cü ilin avqustunda Bakıda ilk dəfə bədii gimnastika üzrə Dünya kuboku mərhələsi təşkil olundu. 2004-cü ilin aprelində Bakıda ikinci dəfə bədii gimnastika üzrə Dünya kuboku mərhələsi təşkil edildi. Afina-2004 Olimpiadasında ölkəmiz gimnastika idman növündə ilk dəfə təmsil olundu. 2005-ci il Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətində xüsusilə əlamətdar il oldu. Bakıda üçüncü dəfə "A" seriyasına aid bədii gimnastika üzrə Dünya kuboku keçirildi və ölkəmiz müstəqil Azərbaycanın tarixində ilk dəfə bədii gimnastika üzrə 27-ci dünya çempionatına ev sahibliyi etdi.2009-cu ildə Bakının ev sahibliyi ilə ikinci dəfə bədii gimnastika üzrə Avropa çempionatı keçirildi. Bakıda təşkil olunan 25-ci qitə çempionatında gimnastlarımız komanda hesabında iki gümüş, fərdi yarışlarda isə bir bürünc medal qazandılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunması bu sahədə kütləviliyə böyük təkan verdi. İdmanın bütün növləri üzrə əldə olunan medalların sayı, əvvəlki illərlə müqayisədə xeyli artdı. "İdman ili" Azərbaycanın gimnastları üçün qənaətbəxş oldu. Gimnastlarımız həmin ildə 123 medal qazandılar. Bu medallardan 41-i qızıl, 45-i gümüş, 37-si isə bürünc idi. 2012-ci ilin ən mötəbər yarışı Londonda keçirilən XXX Yay Olimpiya Oyunları oldu. Olimpiadada Azərbaycan Olimpiya yığmasının qazandığı 10 medal ölkəmizin ən böyük idman nailiyyətlərindən biri idi. 2014-cü ildə istifadəyə verilən Milli Gimnastika Arenası (MGA) Azərbaycanda gimnastikanın inkişafında növbəti mühüm addım oldu.
2016-cı ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın Avropada idmanın inkişafı və Olimpiya Hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan "Ali Ordeni" ilə təltif olunması AGF prezidentinin beynəlxalq miqyasda fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi idi.
AGF-in uğurları 2017-ci ildə də davam etdirildi. Federasiyanın prezidenti Mehriban xanım Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif edildi. Azərbaycanda gimnastikanın inkişafı, əldə olunan uğurlar beynəlxalq əlaqələrin də inkişafına öz müsbət təsirini göstərməyə bilməzdi. 2017-ci ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastları bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda ümumilikdə, 20 medala (9 qızıl, 7 gümüş və 4 bürünc) sahib çıxdılar. Bu, gimnastlarımızın yarışda əldə etdikləri medal sayına görə rekord göstərici idi. Qazanılan medallardan 8-si (4 qızıl, 2 gümüş və 2 bürünc) bədii gimnastlarımızın, 12-si isə idman gimnastlarımızın payına düşürdü.

"FEDERASİYAMIZIN RƏHBƏRLİYİ TƏRƏFİNDƏN DÜZGÜN QURULMUŞ İŞLƏRİN NƏTİCƏSİDİR Kİ, BİZ 20 İL ƏRZİNDƏ DAİM İNKİŞAF EDƏRƏK BU SƏVİYYƏYƏ ÇATMIŞIQ"

Yarışlarla yanaşı, 2018-ci il federasiya üçün digər tədbirlərin təşkili ilə də yadda qaldı. Belə ki, bu il ərzində FİG Akademiyasının bədii gimnastika, kişi idman gimnastikası və aerobika gimnastikası üzrə məşqçilik kursları da paytaxtımızda təşkil olundu. Bakıda FİG-in ali orqanı olan Konqresin 82-ci iclası keçirildi. AGF-in ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirdə 111 ölkədən 300-dən çox nümayəndə iştirak etdi. AGF idman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən də mükafata layiq görüldü.
Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatının, Aerobika gimnastikası üzrə XI Avropa çempionatının keçirilməsi yaddaqalan hadisələrlə zəngin oldu.
20 il ərzində AGF həm də dünyada milli gimnastika federasiyalar arasında ən yaxşı olaraq fərqləndi. Altı il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası tərəfindən fərqlənən 10 federasiyasının sırasına daxil olub, Gələcək üçün hədəflərə gəlincə isə "Təbii ki, federasiyamızın rəhbərliyi tərəfindən düzgün qurulmuş işlərin nəticəsidir ki, biz 20 il ərzində daim inkişaf edərək bu səviyyəyə çatmışıq… Gələcəkdə hədəflərimiz isə əldə etdiklərimizi qoruyub saxlamaq, gimnastikanın inkişafında günün nəbzini tutmaq, yeniliklərdən çəkinməmək və gimnastikanın ölkəmizdə daha da inkişaf etməsinə can atmaqdır" – deyə Altay Həsənov diqqətə çatdırıb.
Əldə olunan nailiyyətlər, qazanılan uğurlar onu deməyə əsas verir ki, AGF-nin prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən 20 il ərzində federasiyaya rəhbərliyi, səmərəli fəaliyyəti ölkəmizdə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, beynəlxalq aləmdə parlaq nailiyyətlərlə müşahidə olunur.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə