Praqa görüşü bütün dünanın diqqət mərkəzindədir və bu görüşün detalları, eləcə də nəticələri təkcə regon ölkələri arasında deyil, ümumilikdə qlobal səviyyədə maraq doğurur. Ən çox marağa səbəb olan isə Praqada qəbul olunan ortaq bəyanatın gərginliyə son qoyacağı ilə bağlıdır. Ona görə ki, bölgədə gərginliyin aradan qaldırılması, təhlükəsizliyin və sülhün təmin olunması məsələsi günümüzün ən aktual məsələsidir.
Bildiyimiz kimi, bəyanata görə, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıyıblar. Hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanıması çox ciddi bir məqamdır. Əslində, bu o deməkdir ki, “Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendum” tələbindən İrəvan rəsmi şəkildə imtina edir, özü də 30 ildən sonra, əsrin üçdə birinə yaxın müddətdə buna çalışmasına baxmayaraq. Yəni, aydın olur ki, bəyanata görə Ermənistan öz iddialarından, Qarabağla bağlı iddialarından imtina edir və bu məqam özü də Azərbacanın maraqlarına xiddmət edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi, müdrikliyi, siyasi iradəsi ilə Azərbacanın davamlı olaraq diplomatik qələbələr qazanması artıq ənənə halını alıb və bu dəfə də Praqada imzalanan bəyanat növbəti diplomatik qələbəmizdən xəbər verir, hansıki bütün dünya da bunun şahidi oldu. Şahidi oldu ki, Azərbaycanın mövqeyi dəyişilən deyil və haqlı mövqedir. Əks halda, hadisələr, eləcə də bəyanat Azərbaycan tərəfinin istədiyi şəkildə olmazdı. Bəli, Azərbaycan öz maraqlarına uyğun nəticələrə nail olmaqdadır və nikbin gözləntilərimizin olmasına haqqımız catır.
Praqadakı ortaq bəyanatın daha bir vacib, eləcə də diqqət çəkən bəndi Avropa İttifaqının mülki missiyasını Ermənistanın Azərbaycanla sərhəddinə göndərəcəyidir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron istəyirdilər ki, bu komissiya hər iki tərəfdə fəaliyyət göstərsin. Təbii ki, bu başadüşüləndir, çünki Fransanın tarixən ermənipərəst mövqedə olduğu sirr deyil. Fransa bu mövqeyini gizlətməyib də və hər zaman rəsmi Paris Azərbacana qarşı təzyiq cəhdləri etməyə çalışıb. Bu təkcə Emmanuel Makronun mövqeyində özünü göstərməyib və Fransanın sabiq prezidenti Nikola Sarkozinin Ermənistanı öz ölkəsinin “dostu və kiçik bacısı” adlandırması rəsmi Parisin hər zaman hansı mövqedə olduğunu ortaya qoyur. Bu dəfə də Praqada Fransa prezidenti Ermənistanın nələrə isə nail olması üçün çox çalışdı, gizli qapılar arxasında Makron öz ölkəsinin “dostu və kiçik baçısı” ilə Azərbacana qarşı hiyləgər planlar hazırladı, amma ölkə rəhbərimizin, Azərbaycan Prezidentinin, cənab İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi iradəsi ilə onların bütün ciddi cəhdləri netrallaşdırıldı və onların hiyləgər planları işə keçmədi. Fransa-Ermənistan tandemi bu dəfə də iflasa uğradı və ölkə başçımız yenə də öz prinsipial mövqeyi, müdrikliyi ilə diplomatik qələbəyə imza atdı.
Praqada olan müzakirələrin yekunu olaraq, səslənən bəyannamədə tərəflərin BMT nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyan 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini təsdiq etməsi isə o deməkdir ki, Ermənistanla yanaşı, Avropa liderləri də Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu isə ondan xəbər verir ki, sülh danışıqları cənab Prezident İlham Əliyevin təklif etdiyi 5 prinsip əsasında aparılacaq. Bu məqam özü də Azərbacanın növbəti dəfə diplomatik qələbə qazandığını bir daha təsdiqləyir. Həmin qələbəmiz Ermənistanın danışıqlar masasında da məğlubiyyətini dərk edən baş naziri Nikol Paşinyanın məyusluq yağan sifətində də görünürdü və bu reallıqları təkcə biz yox, bütün dünya da gördü.

Sözsüz ki, Avropa İttifaqı missiyasının Ermənistana buraxılmasına Nikol Paşinanın razılıq verməsi erməni baş nazirin son ümidi idi, amma nəzərə almaq lazım idi ki, bu məqam onun Qərbə yönəlik siyasət aparmasını təsdiqləyir və bunu Rusyanın həzm etməyəcəyi də təkzib edilə bilməz. Təkzib edilə bilməz ki, Rusiya bu hərəkəti nə Paşinyana, nə də bütövlükdə Ermənistana bağışlamayacaq. Ermənistan artıq hər an Rusiyadan gələ biləcək “sürprizlərə” hazır olmalıdır. Bir sözlə, Ermənistanın baş naziri ölkəsinin hələ daha hansı təlatümlərlə qarşılaşacağının fərqində olmasa da bunu başa düşmək çətin deyil. Başa düşmək çətin deyil ki, onsuz da xarici dövlətlərdən, xüsusən Rusiyadan asılı olan, hər zaman rusların ətəyindən yapışıb mövcudluqlarını bu zamana qədər onların hesabına qoruya bilən bir ölkənin məhz Qərbə yön alması, bunu nümayişləranə şəkildə etməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Nə iqtisadiyyatı, nə hərhansı istehsal sahəsi, nə hərbisi, nə də hansısa bir potensialı olmayan, Rusiyanın hesabına səfalət içərisində də olsa var olan bir dövlət öz himayədarına xəyanət etməklə özü üçün quyu qazmış olur. Rusiyanın Cənubi Qafqazda baş verən proseslərdən kənarda qalmaq niyyətində olmaması, Qərbə bu məsələdə güzəştə getməyəcəyi bəlli məsələdir və bütün bunların fonunda Ermənistanın Qərbə yönəlik siyasəti, Avropa İttifaqı missiyasının Ermənistana buraxılmasına Nikol Paşinanın razılıq verməsi ermənilər üçün çox acı nəticələr vəd edir. Bir sözlə, Ermənistan üçün gözləntilər heç də erməniləri qane etməyəcək.
Diqqət çəkən daha bir məqam ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin Avropa İttifaqının missiyasının ölkəmiz daxilində fəaliyyətinə razılıq verməməsidir. Əlbəttə ki, cənab Prezident buna haqlı olaraq razılıq vermədi, çünki istənilən xarici dövlətin və yaxud hansısa beynəlxalq təşkilatın müdaxiləsi suveren hüquqların məhdudlaşdırılması deməkdir, hansıki buna razılıq verməmək ən doğru addım, ən doğru qərardır. Sözügedən missiya ilə əməkdaşlığın ölkəmizin yalnız milli maraqları çərçivəsində mümkünlüyü bildirildi, çünki Ermənistandan fərqli olaraq bizim üçün suverenliyimizi qoruyub saxlamaq çox önəmli və prinsipial məsələdir. Nikol Paşinyanın isə sözügedən missiyanın Ermənistana buraxılmasına razılıq verməsi həmin ölkə üçün adi hal hesab olundu, çünki işğalçı ölkənin suverenliyinin məhdudlaşdırılması, suverenliyin heç olmaması, xarici faktorlardan asılı olması hər kəsə bəllidir.
Nikol Paşinyan və bütövlükdə erməni cəmiyyəti başa düşmüş oldu ki, Qərbin müəyyən dairələri belə Azərbacanın yaratdığı reallıqlar, ortada olan həqiqətlər, ölkəmizin haqlı mövqeyi qarşısında acizdirlər. Fransa kimi bir ermənipərəst dövlətin prezidentinin belə Paşinyanın, eləcə də “dostu və kiçik baçısı” saydıqlarının istəkləri, arzuları müqabilində aciz olduğunu erməni cəmiyyəti də müşahidə etdi. Bütövlükdə erməni cəmiyyəti müşahidə etdi ki, Avropa İttifaqı üçün Ermənistan deyil, Azərbaycan maraqlı tərəfdir, özü də haqlı olmaqla. Ermənilər müşahidə etdilər ki, mövcud şəraitdə Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əvəzolunmaz müttəfiqdir və bunu Praqa görüşləri bir daha təsdiq etdi. Təsdiq etdi ki, cənab Prezident İlham Əliyevin etibarlı, stabil, sözü ilə əməli üst-üstə düşən, eləcə də müstəqil siyasət yeridən prinsipial lider olduğu bütün Avropada, ümumiyyətlə, bütün dünya yüksək qiymətləndirilir və eyni zamanda, qarşısında hansı fövqəldövlətin rəhbəri olursa-olsun ölkə rəhbərimizin milli maraqları hər zaman müdafiə etmək bacarığı xalqımız tərəfindən xüsusilə dəyərləndirilir.
Praqada dördlü format çərçivəsində keçirilən görüşün nəticələri Azərbaycan üçün birmənalı şəkildə müsbət qiymətləndirilir. Əvvəla, ona görə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu, həm də iki ölkə arasında sərhədin müəyyənləşməsi istiqamətində danışıqların intensivləşməsi perspektivi deməkdir. Digər tərəfdən, Praqadakı razılaşmaların yerinə yetirilməsi ilin sonuna qədər iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalını artırır. Sözsüz ki, delimitasiya və demarkasiya məsələlərinə, eləcə də sülh müqaviləsinə Ermənistan tərəfinin bundan sonra mane olmaq cəhdləri həmin ölkənin öz əleyhinə yönələcək və bunu işğalçı ölkə nə qədər tez başa düşsə bir o qədər xeyrinə olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB