“Mənəvi dəyərlər və dövlət siyasəti” adlı hesabat-konfransı keçirilib - YENİLƏNİB - FOTOLAR
Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının 5-ci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlər və dövlət siyasəti” adlı hesabat-konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra isə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov açılış nitqi ilə çıxış edərək bildirib ki, Fond ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb: "Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra iqtisadi, siyasi, sosial, mədəni sahələrlə yanaşı, dini-mənəvi sahədə də müstəqilliyin qorunmasına, inkişafına çox önəm verildiyini bildirib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev hakimiyyəti dövründə dini-mənəvi sahədə də çox mühüm addımlar atılıb".
Daha sonra isə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının 5-ci ildönümünə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fondun zamanın çağırışlarına uyğun olaraq yaradıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, Fond beş il ərzində çox böyük yol keçib və Nizamnaməsində əksini tapan fəaliyyətini getdikcə genişləndirməkdədir.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov dünyada milli-mənəvi dəyərlərə bağlı xalqlar üçün öz bütövlüyünü qorumaq və onu gələcək nəsillərə ötürməyin ən önəmli məsələlərdən biri olduğunu diqqətə çatdırıb. O deyib: “Milli mənəvi dəyərlərin təbliği bizim üçün də hər zaman öndə olub və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bu istiqamətdə atılmış ən önəmli addımlardan biri idi. Azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və milli-mənəvi dəyərlərin gücləndirilməsinə xidmət edir. Məhz mənəvi dəyərlərə sıx bağlı olan gənclərimiz 2020-ci ildə Ali Baş Komandanın ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdilər. Bu, onu göstərir ki, xalqımız mənəvi dəyərlərinə önəm verir və onunla fəxr edir".
SƏS Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, Bəhruz Quliyev çıxış edərək bildirib ki, Azərbaycan dövləti dünyəvi dövlət olmaqla yanaşı, mənəvi dəyərlərimizi də qoruyub saxlayır: "Bu dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər sağlam cəmiyyəti formalaşdıraraq milli dəyərlərimizə bağlı gənclik yetişdirdi. Hüquqi dövlətimizin formalaşması ilə yanaşı müxtəlif sferalara məxsus cəmiyyətimiz də mövcud oldu. Bu gün mənəvi dəyərlərimizin təbliği işi dövlətin əsas siyasi xəttinə bağlıdır. 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması dövlətin dini icmalara, qurumlara münasibətinin bariz nümunəsi idi. Bu, dövlətin tolerantlıq siyasəti idi. Daha sonra isə DQİDK-in tərkibində İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətə başlaması bu sahədə olan problemlərin tədricən həllinə xidmət etdi.
Bəhruz Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bəzi məscidlərdə savadsız mollaların dindən danışması ihrak hissi yaradırdı: "Məclislərimizdə iştirak edən molların savadlı olması, dövlət və din münasibətlərindən danışması daha vacibdir. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması dövlətin mənəvi dəyərlər xəzinəsinə verdiyi dəyərdir. Fondun yaradılması mənəvi dəyərlərimizin deqradasiyaya uğramamasına xidmət edir. Çünki bu bizim xəzinəmizdir. Bu xəzinəni inkişaf etdirmək lazımdır. Dövlətin bu strategiyası məhz bu xəzinənin artırılmasına xidmət edir.
Azərbaycan xalqının digər bir mənəvi dəyəri şəhid ailələri, qazilər və onların ailələridir. Biz bu dəyərləri yaşatmaq və gələcək nəsillərə ötürməliyik. Ulu Öndər Heydər Əliyev and içərkən qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiq olacağıma, onları ümumbəşəri dəyərlərlə zənginləşdirəcəyimə və inkişaf etdirəcəyimə and içirəm. Bu münasibət artıq Ulu Öndərin mənəvi dəyərlərə münasibətidir. Bu gün bizim Prezident İlham Əliyev tərəfindən aparılan siyasət inkişaf etdirilən dəyərlər kompleksidir. Azərbaycançılıq və milli ideologiyanın formalaşdırılmasında mənəvi dəyərlərimizin çox böyük rolu var. Ona görə də milli və mənəvi dəyərlərimizi qorumaq və zənginləşdirmək bizim borcumuzdur. Əminəm ki, bu fond yaşadıqca mənəvi dəyərlərimizə öz töhfəsini verəcək".
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda dini sahədə çox uğurlu siyasət aparılır və dəyərlərimizin inkişaf etdirilməsi yolu seçilib. Biz dəyərlərimizi qoruyur və təbliğ edirik.
Digər çıxış edənlər Fondun mənəvi dəyərlərin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda fərqlənən əməkdaşları Fəxri fərmanla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB