11 oktyabr 1998-ci il: Xalqın arzularının təntənəsi günü TƏHLİL

11 oktyabr 1998-ci il: Xalqın arzularının təntənəsi günü TƏHLİL

GÜCLÜ XALQ, GÜCLÜ DÖVLƏT, GÜCLÜ LİDER VƏHDƏTİ

Lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Bu cür liderlərin mövcudluğu isə xalqların perspektivinin qarant altında olmasına və dinamik inkişaf yoluna çıxmasına əsas yaradır. 29 il öncə oktyabr ayının 3-də ümummilli lider Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi və 1998-ci il oktyabrın 11-də isə keçirilmiş seçkilərdə Ulu öndər Heydər Əliyev yenidən xalqın etimadını qazanması bu günün reallığıdır. Əgər 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri artıq formalaşan dövlətimizin imtahanı sayılırdı. Çünki tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı, həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir. Demokratik seçkilərin əsas şərti hesabat vermək məsuliyyətindən əlavə, həm də aşkarlıq, şəffaflıq, obyektivlikdir. Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, hüquq düşüncəsi və mədəniyyətinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinə qovuşduqdan sonra hüquqi, demokratik, dünyəvi inkişaf kursunu seçmiş, dünyanın sivil toplumu olaraq güvəndiyi, öz taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə - müstəqil, azad iradə əsasında seçmək əzmini nümayiş etdirmişdir. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda xalqın azad, demokratik seçki yolu ilə hakimiyyəti formalaşdırmaq hüququ bütün dünyaya bəyan olunmuşdur.

Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir

Konstitusiya Aktının 1991-ci ildə qəbuluna baxmayaraq Azərbaycanda demokratik seçkilərin keçirilməsi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz ulu öndərin sayəsində demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsi isə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirdi. Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Məhz həyata keçirilən islahatlar nəticəsində “Xalq - Heydər, Heydər - xalq” ifadəsi Prezident və xalq birliyinin möhtəşəm formuluna çevrilmişdi. Beynəlxalq aləm də əmin idi ki, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas etmiş Heydər Əliyev növbəti dəfə Prezident seçiləcək. Eyni zamanda, özünü Heydər Əliyevə siyasi rəqib kimi göstərmək istəyən müxalifət düşərgəsinin təmsilçiləri də növbəti seçkidə də məğlub olacaqlarını anlayırdılar.

Məhz Azərbaycan xalqı 1993-cü ildə olduğu kimi, 1998-ci ildə də düzgün seçim etdi

Bu, elə bir çətin dövr idi ki, həmin dövrdə bəzi qüvvələr ulu öndərin əleyhinə təbliğat aparsalar da, xalq öz seçimindən dönmədi. 1988-1993-cü illərin faciə və gərginliklərini yaşamış hər bir kəs ayıq olmaqla, taleyüklü seçim məqamında qətiyyət və siyasi iradə nümayiş etdirməli idi və Azərbaycan xalqı 1993-cü ildə olduğu kimi, 1998-ci ildə də düzgün seçim etdi. Əslində, xalqın başqa seçimi ola da bilməzdi, çünki 1993-cü ilin yayına - Milli Qurtuluşa qədər ölkədə baş verənlər heç kəsin yadından çıxmamışdı. Çünki Qurtuluşdan sonra baş verənlər də hamının gözu qabağında idi. Ən başlıcası, ölkədə daxili sabitlik yaranmış, çörək qıtlığı, ərzaq çatışmazlığı aradan qaldırılmış, insanların bir-birinə və dövlətə olan inamı bərpa edilmişdi. Daha sonra isə ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verilmişdi. Nəticədə, Heydər Əliyevin birinci prezidentliyi dövründə Azərbaycana 10 milyardlarla dollar gəlir gətirəcək “Əsrin müqaviləsi” imzalanmış, bütün beynəlxalq təşkilatlara inteqrasiyamız təmin edilmiş, dünyanın aparıcı dövlətləri ilə münasibətlərimiz isə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırılmışdı. Müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin birinci prezidentliyi dövrünə - 1996-cı ilə təsadüf edirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə - yəni, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həllinin zəruriliyi də beynəlxalq təşkilatlar səviyyəsində ilk dəfə 1996-cı ildə etiraf edilmişdi. Bir sözlə, 1993-cü ilin oktyabrından 1998-ci ilin oktyabrına qədər Azərbaycanda həyata keçirilən tədbirlər belə deməyə əsas verirdi ki, oktyabrın 11-də Heydər Əliyevin qələbəsi şəksizdir. Heydər Əliyevin ikinci dəfə seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı.

Ulu öndərin ikinci prezidentlik dövründə qazanılmış iqtisadi nailiyyətlər: rəqəmlərlə

Ulu öndərin ikinci prezidentlik dövründə qazanılmış iqtisadi nailiyyətlər diqqəti cəlb edir. Belə ki, 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdı. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru - emal sənayesi də inkişaf edirdi. Göstərilən müddətdə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən, yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdı. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndli ailəsinə 1372,8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min qaramal tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar verildi, ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı yarandı. 1997-2002-ci illərdə istehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşürdü. Bu məhsulların satışında qiymətlər tam sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin ertəsi günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”. Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq. Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu.

"Hər bir azərbaycanlının Prezidentiyəm"

Və bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda çox böyük sürətlə məktəblər, xəstəxanalar və sair obyektlər tikilir, insanları narahat edən əsas məsələlər öz həllini tapır. Ölkəmizin bütün sahələrində gərgin iş gedir və bu işlər Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edir. Azərbaycan yaxın zamanda çox qüdrətli bir ölkəyə çevriləcək, vətəndaşlarımız güclü, azad, sivil və gözəl ölkədə yaşamaqları ilə fəxr edəcəklər.Hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında Milli Öndər Heydər Əliyevin yetirməsi, Onun yaratdığı siyasi məktəbin davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının Prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən Cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət, bir daha sübut edir ki, Ulu Öndərin qətiyyətli səyləri nəticəsində, müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir. Dövlət müstəqilliyimiz daim güclənir və Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla, dünya birliyində fəal mövqe qazanır. Azərbaycanın kosmos ölkəsi olması dövlətimizin apardığı siyasətin bilik iqtisadiyyatına əsaslanan və gələcəyə hesablanmış uğurlu strateji siyasət olduğuna bariz nümunədir. Belə praqmatik və uğurlu siyasətin müəllifi isə Heydər Əliyev məktəbinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevdir.

Bir sözlə, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Və ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə