“Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.
06 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə zamanı deyilən bu fikirlər hər ötən gün regionda və dünyada baş verən hadisələrin fonunda öz düzgünlüyünü bir daha təsdiq edir. Ölkəmizin nüfuzu artıq Cənubi Qafqazın liderliyi statusu sərhədlərindən çoxdan çıxıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti Avropada ən arzuolunan şəxs qismində qəbul edilir və bir çox söz sahibi dövlətlər regionda atılacaq hər bir addım üçün ölkəmizlə hesablaşmağı vacib hesab edir. Ölkə başçımız bir çox nüfuzlu konfranslara, Forumlara, Zirvə görüşlərinə dəvət olunur, onun fikirləri hər kəs üçün fundamental əhəmiyyət kəsb edir. Təkcə ötən ay Azərbaycan Prezidenti İtaliyada “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan 48-ci Beynəlxalq Çernobbio Forumuna və sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə dəvət olunub. Hər iki görüşdə də Azərbaycan Prezidenti geniş nitqlə çıxış edib. Bu ölkəmizin və onun rəhbərinin dünyada artan nüfuzunun aydın təzahürüdür. Ötən gün - 05 oktyabr tarixdə Prezident İlham Əliyev daha bir nüfuzlu Zirvə görüşünə dəvət olundu.
Belə ki, dövlət başçımız Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfərdə etdi. Səfər məhsuldarlıq baxımından olduqca zəngin idi. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə iki dəfə görüşü baş tutdu. Görüşlər nəticəsində olduqca fundamental bir nəticə əldə olundu. Azərbaycan və Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bəyan etdilər. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam tanıyır. Bununla yanaşı, tərəflər təsdiqlədilər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Beləliklə, bu görüşün məhsuldarlığı heç kimdə, heç bir şübhə doğurmur. Bu sülhə gedən yolda atılmış nəhəng bir addım idi.
Səfər çərçivəsində kifayət qədər sıx qrafiki olmasına baxmayaraq Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına da vaxt ayırdı və müsahibə verərək bir çox vacib fikirlər səsləndirdi. Müsahibə zamanı hazırda gedən prosesdə Avropa İttifaqının və şəxsən Şarl Mişelin fəaliyyətini yüksək qiymətləndirən dövlət başçımız Brüsseldə keçirilən görüşlərin və eynilə Praqada Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil olunan görüşlərin sülh müqaviləsinə çatmaq üçün önəmi olacağını vurğuladı. Son dövrlərdə Avropa İttifaqı ilə yeni müstəviyə yüksələn münasibətlərdən də bəhs edən ölkə başçımız Aİ ilə Sazişin böyük əksəriyyətinin artıq razılaşdırıldığını bəyan etdi.
Dövlət rəhbərimizin fikirlərində sülhlə bağlı müəyyən nikbinliklərin izləri müşahidə olunsa da, iki ölkə arasında problemlərin mövcudluğu da unudulmadı. Tarixi 10 noyabr Bəyanatı ilə Ermənistanın üzərinə götürdüyü öhdəliklərinin bir qisminin hələ də icra olunmadığı, daha dəqiq, erməni silahlı birləşmələrinin tör-töküntülərinin torpaqlarımızda hələ də qaldığı, post-müharibə dövründə mina terroruna davam edildiyi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin Ermənistan tərəfindən ləngidilməsi məsələləri xatırladıldı. Nitqin xüsusi diqqət çəkən anlarından biri isə xoş məram olarsa ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə ölkə başçımızın fikri idi. Ümid edirik ki, iki ölkə arasında sülh ən qısa müddətdə reallaşar və Cənubi Qafqazda sabitlik nəhayət bərqərar olar. Təbiidir ki, sülh bütün dövlətlərə qazanc və rifah vəd edir. Bu səbəbdəndir ki, sülh və birgəyaşayış bu gün Azərbaycan dövlətinin prioritetlərindən biridir. Bir nüansı da qeyd edək ki, müsahibə zamanı Prezident İlham Əliyev hazırda Qarabağda yaşayan əhali ilə bağlı da fikrini səsləndirdi. Dövlət başçımız bunun daxili məsələ olduğunu və sülh müqaviləsində bu barədə söhbət gedə bilməyəcəyini vurğuladı. Bəli, artıq bütün dünya qəbul edir ki, Qarabağ Azərbaycandır və Qarabağda yaşayan əhali ilə bağlı veriləcək hər bir qərar yalnız Azərbaycan hökuməti tərəfindən verilə bilər. Bununla bağlı ikinci bir dövlətlə müzakirələrin aparılması tamamilə absurddur. Qarabağ iqtisadi rayonu və orada yaşayan ermənilər nə Praqa, nə Moskva, nə Brüssel danışıqlarının müzakirə mövzusu deyil və ola da bilməz. Beləliklə, Praqa görüşünün faktiki nəticələri deməyə əsas verir ki, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu və bu görüş də özündən əvvəlkilər kimi Azərbaycanın milli maraqlarının təmin olunması ilə tarixə yazıldı.
Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB