Dünya birliyi Ermənistanın təcavüzünün nəticələrini görür ŞƏRH

Dünya birliyi Ermənistanın təcavüzünün nəticələrini görür ŞƏRH

Tarixi faktlar da göstərir ki, azərbaycanlılar ermənilər tərəfindən törədilmiş hər cür haqsızlıq və vəhşiliklərə dəfələrlə məruz qalsalar da, həmişə xalqımıza xas olan yüksək tolerantlıq, böyük dözüm və xeyirxahlıq nümayiş etdirmiş, tarixin hökmü ilə qonşu yaşamağa məhkum edilmiş iki xalq arasında normal münasibətlərin bərqərar olması üçün əlindən gələni etmişdir. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Ağdam şəhəri və digər işğal olunan rayon və şəhərlərimiz işğal dövründə tamamilə dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur. Eləcə də, ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir.

Vətən müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi.Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur. Buna baxmayaraq artıq Böyük Qayıdış proqramı başlayıb. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir.Beləliklə, Ermənistanın həyata keçirdiyi terror aktları əhatə dairəsini genişləndirməklə ermənilərin nə dərəcədə anti-humanist hərbi siyasət həyata keçirdiyini bütün dünyaya tanıtdı. Bu da onu göstərir ki, Ermənistanın beynəlxalq hüquqi normalara görə məsuliyyətə cəlb olunması üçün beynəlxalq arenadan şahidlər də onların əleyhinə çıxış edəcək.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə