Rusiya-Ukrayna müharbəsi: bu “xəmir” hələ çox su aparacaqmı? ANALİTİK+AKTUAL
Bəşəriyyətə nüvə qiyaməti, yaxud apokalipsisi təhdidi artır!
Bir neçə gün əvvəl Ukrayna ordusunun Krım körpüsünü partlatması və sözügedən məsələ ətrafında müxtəlif müzakirələrin, iddialarının irəli sürülməsi, əslində bu “xəmirin” hələ çox su aparacağı siqnallarını verməkdədir. Müxtəlif analitik mərkəzlər və konfliktoloqlar baş verən, eləcə də bir-birini tez-tez dəyişən təzadlı rəylərini irəli sürsələr də, faktiki olaraq bu kimi ehtimallar gerçəkliyə qalanda müharibənin qurbanlarının sayının azalmasına heç bir təsirlərini göstərmir.
Bütün bunlar Krım körpüsünün partladılmasından başladı...

Məsələn, iddia edənlər var ki, Rusiya Federasiyası ərazilərinə aid materik hissəni birləşdirən Krım körpüsünü məhz Rusiyaya məxsus diversiya qrupları partladıb. Daha dəqiq desək, son vaxtlar Ukrayna silahlı qüvvələrinin (USQ) cəbhə xətti boyunca uğurlu əməliyyatlar keçirmələri, daha əvvəl Rusiya silahlı qüvvələri (RSQ) tərəfindən nəzarətə alınmış ərazilərin sonradan uğurlu əməliyyatlar hesabına yenidən USQ-nin nəzarətinə keçməsi situasiyanın gərginləşəcəyi ehtimallarını artırırdı və artdı da...
Kiçik bir haşiyə çıxaraq onu da deyə bilərik ki, Krım körpüsünün partladılmasının arxasında Rusiyaya məxsus xüsusi xidmət orqanlarının, yaxud Federal Təhlükəsizlik Xidmətinin (FTX) dayanmasının mümkünlüyünü sübut edən daha bir iddia kimi körpü üzərində detonasiya səbəbi ilə partlayan yük maşınının Ermənistan, Bolqarıstan və daha bir neçə ölkə ərazisindən yoxlamalarla keçməsi göstərilir. Yəni həmin yük maşınının FTX tərəfindən yoxlanılması, əslində həmin maşına xüsusi xidmət orqanları tərəfindən detonatorların yerləşdirilməsi iddiası ilə əvəzlənməkdədir. Ancaq bütün bunlar araşdırılır və yekun nəticə hələ ki, yoxdur.
Raketlərdən biri Ukraynanın prezidenti Vladimir Zelenskinin iqamətgahının yaxınlığına düşüb –G7 təcili toplanacaq!
Amma fakt budur ki, artıq Rusiya körpünün partladılmasını məhz USQ-nin üzərinə qoymağa cəhd edir və bunun nəticəsidir ki, artıq ötən gecədən və 10 oktyabrın səhər saatlarından başlayaraq Rusiya Ukraynanın paytaxtı Kiyevin mərkəzi də daxil olmaqla digər şəhərlərini, infrastrukturlarını, enerji resurslarına aid obyektlərini qanadlı raket zərbələri ilə darmadağın etməkdədir. Hətta raketlərdən biri Ukraynanın prezidenti Vladimir Zelenskinin iqamətgahının yaxınlığına düşüb. Təəssüf ki, bu raketlərin yüksək dəqiqliklə idarəolunan silah olması barədə fikirlər bildirilsə də, onlar mülki obyekləri də vururlar. Artıq mülki insanlar arasında ölənlərin və yaralananların sayları onlarla ölçülməyə başlayıb.

“Rusiyanın Ukrayna şəhərlərinə heç bir raket hücumu cavabsız qalmayacaq”. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. “Və bu gün mən Ukraynanın Rusiya tərəfindən davamlı, ağır atəşə məruz qalan bütün şəhərlərimizin sakinlərinə ayrıca müraciət etmək istəyirəm. Kiyevə, Xarkova, Nikolayevə, Donbasın bütün şəhərlərinə, Dnepropetrovsk vilayətinə, Zaporojye vilayətinə... Həyatın məhv edilməsinin və həyata normallıq verən hər şeyin məhv olunmasının daimi dəhşətini yaşayan hər kəsə...Biz bu zərbələrin heç birini cavabsız qoymayacağıq”, deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Zelenski Almaniya Bundestaqına müraciət edərək təxirə salınmadan G7 ölkələrinin təcili toplanmalarını istəyib.
Ukraynalı general hamını sığınacaqlara sığınmağa çağırır
O da bildirilib ki, Rusiya paralel olaraq zərbə PUA-larından istifadə etməklə də Ukrayna ərazisinə kütləvi zərbələr endirir. Təkcə oktyabrın 10-da səhər saatlarında Rusiya Ukraynaya 75 raket zərbəsi endirib. Onlardan 41-i Ukrayna hava hücumundan müdafiə sistemi (AD) tərəfindən zərərsizləşdirilib. Bu barədə isə Ukrayna Silahlı Qüvvələrinin Komandanı, general Valeri Zalujnı məlumat verib.

“Terrorçu ölkə Rusiya Federasiyası Ukrayna ərazisinə zərbə PUA-larından istifadə edərək kütləvi raket və hava zərbələri endirir. Səhər saatlarında təcavüzkar artıq 75 raket atıb (sonradan raketlərin say statistikası artıb-R.R.) Onlardan 41-i hava hücumundan müdafiəmiz tərəfindən zərərsizləşdirilib. Silahlı Qüvvələr həmvətənlərini qorumaq üçün əllərindən gələni edirlər. Lakin düşmənin hücumu davam edir. Mən hamını sığınacaqlara sığınmağa çağırıram!”, deyə general əlavə edib.

Bu arada Ukraynanın elm və təhsil naziri Sergey Şkarleta bildirib ki, ölkənin bütün təhsil müəssisələri məsafəli təhsilə keçir və ölkənin kütləvi raket zərbələrinə məruz qalması səbəbindən həmin proses oktyabrın 14-ə qədər davam edəcək. “Düşmən yenidən paytaxt və regionlarımıza dağıdıcı zərbələr endirib. Bütün təhsil müəssisələrinin rəhbərlərinə və direktorlarına müraciət edirəm! Bizim məqsədimiz maksimal şəkildə təhsil prosesinin iştirakçılarını təhlükəsizliklə təmin etməkdən ibarətdir. Ona görə də xahiş edirəm qarşıdakı həftə boyu məsafəli təhsil sisteminə keçilsin”, deyə elm və təhsil naziri bildirib.
Moldova təhlükə qarşısında – XİN Rusiyaya xəbərdarlıq etdi?

Ukrayna ərazilərinin qanadlı raket zərbələrinə məruz qalmaları ilə bağlı daha bir diqqətçəkən məqam: Moldovanın xarici işlər nazirliyi rəsmi şəkildə bəyan edib ki, üç qanadlı raket onların üzərindən keçib. Bu barədə rəsmi teleqram səhifələrində məlumat verən moldovalılar Rusiyanın onların hava məkanlarını pozduqlarını bəyan ediblər. “Xəbər verildiyi kimi, Qara dənizdə üzən Rusiya hərbi gəmilərindən buraxılan üç qanadlı raket Moldovanın Kobasan (tanınmayan Dnestryanı) kəndi və Soroki şəhəri üzərindən keçib. “Bzim hava məkanımızın pozulması əsla yolverilməzdir”, deyə bildirilən xəbərdə qeyd olunur ki, nəticədə Moldova Respublikasının infrastukrturlarına, xüsusilə ölkənin hava məkanında uçan mülki təyyarələrə təhlükə yaranıb.
Beynəlxalq aləm Rusiyadan nə tələb edir?
Artıq beynəlxalq aləmdən də raket zərbələri ilə bağlı etiraz notaları verilməkdədir. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub. Bu barədə C.Kleverli tviterdə yazıb. O bildirib ki, tərəflər Britaniyanın Ukraynaya davam edən dəstəyi barədə fikir mübadiləsi aparıblar. “Rusiyanın Ukraynanın mülki əhalisinin yaşadığı ərazilərə raket zərbələri endirməsi qəbuledilməzdir. Bu, Prezident Vladimir Putinin gücünün yox, zəifliyinin nümayişidir”, Britaniya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Bənzər bəyanatlarla demək olar ki, bütün Qərb rəsmi siyasi dairələri, diplomatlar və siyasət adamları, habelə beynəlxalq təşkilatlar çıxış ediblər və sözügedən hücumların dərhal dayandırılması tələbini irəli sürüblər.

Lakin fakt budur ki, bu müharibə irəli sürülən çağırışlara rəğmən əsla dayanan deyil və xüsusilə Rusiya Ukraynada son vaxtlar üzləşdiyi uğursuzluqlarını ört-basdır etmək üçün bənzər hücumları davam etdirməsində niyyətli olduğunu gizlətmir. O da maraqlıdır ki, son həddin nüvə müharibəsinə doğru getdiyini inkar edən dairələr də artıq bu mümkünlüyü dilə gətirirlər. Əslində, Qərb-Rusiya, yaxud ABŞ-Rusiya savaşının hərarətinin artması təəssüf ki, ukraynalıların ağır vəziyyətlə üz-üzə qalmalarına səbəb olmaqdadır. Rusiyanın nüvə zərbəsi mümkünlüyünü etiraf etməsinin ardınca Pentaqonun da bu mümkünlüyü dilə gətirməsi və dərhal cavab zərbəsinin endiriləcəyi ətrafındakı bəyanatı isə necə deyərlər, ortadadır. Bu böhran həm də bəşəri böhrana doğru inkişaf edir və söz yox ki, baş verənlərin qarşısı alınmazsa dünyamızı daha böyük fəlakətlər, hətta belə desək – nüvə qiyaməti, yaxud apokalipsisi təhdid edir...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB