"Bu ölkə verdiyi sözlərə və götürdüyü öhdəliklərə sadiq deyil" - POLİTOLOQ ŞƏRH ETDİ
"Prezidentin son Praqa səfəri və keçirilən görüşlər təkcə Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından deyil, həm də ölkəmiz ilə Ermənistan arasında aparılan danışıqların yeni mərhələyə qədəm qoyması baxımından da olduqca əhəmiyyətli oldu". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan dördtərəfli görüşü üzərində xüsusi olaraq dayanmağa ehtiyac var: "Postmünaqişə dövrünün reallıqlarına nəzər salsaq görərik ki, bu günümüzün əsas müzakirə mövzusu regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır.
Qeyd edim ki, kimin vasitəçiliyindən asılı olmayaraq Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsi ölkəmizin mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Çünki danışıqlarda sıfır nöqtəsinə qayıtmaq artıq mümkün deyil və kimin vasitəçiliyindən asılı olmayaraq keçirilən görüşlər Ermnistan üzərinə yeni öhdəliklər qoyur. Başqa sözlə desək ortada Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanat var və orada nəzərdə tutulan öhdəliklər Brüssel formatında da təsdiqlənib və inkişaf etdirilib. Məhz bu amilləri nəzərə alaraq deyə bilərik ki, görüşdə Makronun iştirakı da Ermənistana üzərinə götürdüyü öhdəliklərdən qaçmaq imkanı tanımadı. Hər kəs Fransanın ənənəvi ermənipərəst siyasətini bilir və ona görə də belə hesab olunurdu ki, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycana hansısa formada təzyiqlər göstərilə bilər. Paşinyan da düşünürdü ki, Fransa tərəfi Ermənistana dəstəyini açıq şəkildə bəyan edərək onun mövqeyini müdafiə edəcək. Amma gördüyümüz kimi nəticə etibarilə Azərbaycan indiyə qədər aparılan danışıqlarda sərgilədiyi mövqedən bir addım belə olsun geri çəkilmədi. Əksinə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməklə bağlı bəyanata imza atdı. Avropa İttifaqı Prezidenti Şarl Mişelin və Fransa prezidenti Makronun iştirakı ilə keçirilən görüşdə belə bir bəyanatın qəbul olunması isə o deməkdir ki, artıq dünya gücləri Azərbaycanın tarixi qələbəsindən doğan reallıqları qəbul edir.
Qeyd edim ki, əgər Ermənistanı özbaşına buraxsaq təbii ki, onlar bütün imkanlardan istifadə edərək aparılan danışıqları pozmağa cəhd göstərəcəklər. Elə Praqa görüşündən dərhal sonra Ermənistanın Kəlbəcər istiqamətində təxribatlara cəhd etməsi, mövqelərimizi atəşə tutması onu deməyə əsas verir ki, bu ölkə verdiyi sözlərə və götürdüyü öhdəliklərə sadiq deyil və Paşinyan görüşdə qəbul olunmuş bəyanatın altında atdığı imzasının yükünü hələ də dərk etmir. Eynilə 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atdıqdan, yəni, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdıqdan sonra necə imzalarına sadiq qalmadılarsa indi də faktiki olaraq eyni şeyi təkrar edirlər".
Politoloq həmçinin bildirdi ki, Azərbaycan tərəfi olaraq bizlər Ermənistanın bundan sonra hansı addımlar atacağını gözləmədən, onları sülhə məcbur etmə istiqamətində atılacaq addımlar üzrərində düşünməliyik: "İlk olaraq indiyə qədər danışıqlarda vasitəçi olaraq iştirak etmiş beynəlxalq qurum və dövlətlərdən Ermənistana sülh sazişinin imzalanması ilə bağlı təzyiqlər göstərilməsi istənilməlidir. Eyni zamanda erməni təxribatlarına indiyə qədər olduğu kimi olduqca ağır şəkildə cavab verilməli və bununla da Azərbaycanla sülhün alternativi olmadığını onlara başa salmaq lazımdır. Sülh sazişi o şəkildə olmalıdır ki, Ermənistan bundan sonra bir daha nəinki hər hansı təxribat törətmək, Azərbaycanla bağlı hər hansı iddia ilə çıxış etmək barədə belə düşünməsin. Başqa sözlə Qərbi Azərbaycandan deportasiya edilmiş insanlarımızın mülkiyyət hüququnun tanınmasından tutmuş, işğal dövründə ərazilərimizə, mülki obyektlərimizə, infrastrukturumuza vurduqları ziyan, eləcə də təbii sərvətlərimizin istismar edilməsi ilə bağlı ölkəmizə vurulan ziyanla bağlı təzminat ödənilməsinə qədər bütün bu məsələlər sazişdə nəzərdə tutulmalı və Ermənistan tərəfə qəbul etdirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB