PRAQA GÖRÜŞÜ - QALİB LİDERİN NÖVBƏTİ DİPLOMATİK UĞURU TƏHLİL

PRAQA GÖRÜŞÜ - QALİB LİDERİN NÖVBƏTİ DİPLOMATİK UĞURU TƏHLİL

Ermənistanla münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqların daha bir raundu Azərbaycanın qələbəsi ilə başa çatdı

Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir». Bəli, bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Və bu gün cənab İlham Əliyev ulu öndərimizin «xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır» fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Qalib ölkənin Qalib Liderinin «Dəmir yumruq» siyasəti ilə 30 illik torpaq həsrətinə 44 gündə son qoydu. Dövlət başçımız İlham Əliyevin söylədiyi kimi: «30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu".

Bəli, bütün bu uğurlar, məhz ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli addımı, mövqeyi və nəhayət yürütdüyü «Dəmir yumruq» siyasəti dayanır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin hər səfəri, o cümlədən Praqaya növbəti səfəri kifayət qədər uğurlu oldu. Həm Azərbaycan-Avropa İttifaqı münasibətləri, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində dövlətimizin başçısının keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqləyir ki, ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir. Belə ki, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə Toplantısına dəvət olunması və iştirakı dövlətimizin başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Ümumilikdə, “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. 44 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə ilk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirib. Belə ki, avqustun 31-də Brüsseldə keçirilən dördüncü üçtərəfli görüş də həmişə olduğu kimi yenə də Azərbaycanın şərtləri keçərli oldu və sülh prosesi ilə bağlı real addımlar atmağın mütləqliyini ortaya qoydu. Artıq iki ilə yaxın müddətdə hər cür hiylə, təxribatçı əməllərlə sülhə nail olmağı yubadan Ermənistanın bundan yayınmaq yolları bağlandı və o, sülh razılaşmasına məcbur edildi. Çünki Qalib komandan kimi şərtləri də Qalib liderin diktəsi keçərlidir. Və dördüncü Brüssel görüşündə Prezident İlham Əliyev bir daha göstərmiş oldu ki, Qarabağ və Şərqi Zəngəzurda hər mənada üstünlük Azərbaycandadır və qalib ölkə 10 noyabr Üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərini vaxtından əvvəl reallaşdırır. Bir sözlə, dördüncü Brüssel görüşü dövlət başçımız İlham Əliyevin siyasi qələbəsinin növbəti və vacib mərhələsi idi. Bax, budur, həqiqət! Və bu gün Qarabağa hansısa statusun verilməsi ümumiyyətlə, mümkün deyil. Bunun heç bir siyasi və ya hüquqi əsası yoxdur.

Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir

Belə ki, Praqada keçirilən görüşdə ən diqqət mərkəzində olan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlardır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki dəfə görüş keçirilib. Görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunub. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Bir sözlə, bu görüş regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır. Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərərək, regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Həmçinin, Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev bütün müsahibələrində, o cümlədən Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində də Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsinin ilin sonunadək imzalana biləcəyini bildirdi və Qarabağda yaşayan ermənilərlə bağlı dövlətimizin aydın mövqeyini ifadə etdi.

Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil

Bəli, bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Dövlət İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu. Bəli, üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, status-kvo, “Dağlıq Qarabağ” adlı ərazi vahidi ləğv edildi. Və beləliklə, bu qələbənin nümayişi 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında bir daha dünyaya göstərildi. Bu Paradla Qarabağ Azərbaycandır! nidasının təntənəsi, "Dağlıq Qarabağın" statusunun olmayacağının Azadlıq meydanında nümayişi, işğalçı Ermənistanın yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkməsinin nümayişi idi. Çünki bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və heç bir statusdan söhbət gedə bilməz! Bu isə Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Bütün bu söylənilənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, “Nə qədər mən Prezidentəm, heç bir statusdan söhbət gedə bilməz!” deyən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Və «Ermənistanın hünəri varsa, tanısın «Dağlıq Qarabağ respublikası»nı. Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!» – bu Azərbaycan Prezidentinin sözü, tələbidir! Və 2016-cı ildən bu yana Azərbaycanı işğalla barışdırmağın qeyri-mümkünlüyünü idrak etməyiblərsə, onlar fil qulağında yatıb.Qalib Liderimiz, Prezident İlham Əliyevin növbəti mesajı: «Dağlıq Qarabağ respublikası» yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil qutusuna atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar". Yenə də Azərbaycan Prezidentinin nitqindən: «Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır!”.

Azərbaycan bölgədə sülh və sabitliyin təminatçısıdır

Bəli, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev yenə də diktə edən tərəfdir. Azərbaycan Prezidenti haqlı olaraq dəfələrlə bəyan edir ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə edir: Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz. Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın “Qarabağ Ermənistanındır” sərsəm fikrindən sonra xitam verilib. Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqla bir daha riyakarlığını nümayiş etdirdisə, Azərbaycan dövləti də haqq yolunda, Vətən yolunda mübarizə apardığını, erməni hiyləsinin, riyakarlığını, normal dövlət ola bilməməsini bir daha dünyaya nümayiş etdirdi. Bununla bir daha sübut olundu ki, humanitar məqsədə xidmət edən atəşkəslə yanaşı, ehtiyat tədbirləri də paralel aparılmalıdır. Artıq atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəfli platformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu, o deməkdir ki, Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşməlidir.Paşinyan başa düşməlidir ki, monoetnik Ermənistandan fərqli olaraq, multikultural dəyərlərə, tolerantlığa və hər bir xalqın milli-mədəni irsinə hörmət prinsiplərinə sadiqdir. Prezident və Ali Baş Komandan İlham Əliyev Şuşadan regiona və dünyaya etdiyi çağırışları bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti rəhbəri olduğu ölkə bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafı üçün sülhə hazır olmaqla bərabər, həm də sülhün təminatçısı kimi çıxış etmək iqtidarındadır. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi bunun təsdiqidir.

Revanşistlər nəticə çıxarmasalar, dəmir yumruq işə düşəcək

Bəli, belə olan halda, ermənilər anlamalıdırlar ki, sülh onlarını yeganə çıxış yoludur. Və bu gün havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz. İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. Və bu gün Ali Baş Komandanın bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər indi qalib sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir və ona uyğun nəticə çıxarırlar. Yaxşı anlayırlar ki, Prezident İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Müharibənin gedişatında hər kəs, bütün Ermənistan buna şahidlik edib: «Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: ««Dəmir yumruq» yerindədir, bunu heç kim unutmasın!».

Bir sözlə, bütün bunlar Azərbaycanın dünyaya nə qədər sülhsevər bir ölkə olduğu bir daha nümayiş etdirir. Beləliklə, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.Azərbaycan və Türkiyə dövlət başçıları yalnız yerləşdiyimiz coğrafiyada deyil, bütövlükdə dünyada sülhün və əmin-amanlığın, bərabərhüquqlu əməkdaşlığın, dinc birgəyaşayışın və mehriban qonşuluğun tərəfdarıdır.

Zirvə Toplantısında diqqət çəkən önəmli məqamlardan biri də iki qardaş ölkənin-Azərbaycan və Türkiyə prezidentlərinin birliyini, qarşılıqlı etimad və etibarını ehtiva edən səmimi davranış tərzi idi. Heç şübhəsiz ki, bu tərz bədxahlarımızın və siyasi qısqancların diqqətindən də yayınmırdı. Zirvə Toplantısı bir daha göstərdi ki, ötən illər ərzində ölkələrimizin üzləşdiyi ayrı-seçkiliyə, ikili standartlara və uydurulmuş fobiyalara rəğmən, bu tədbirdə həm də türk dünyasını təmsil edən Azərbaycan və Türkiyə dövlət başçıları yalnız yerləşdiyimiz coğrafiyada deyil, bütövlükdə dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı şəkildə faydalı və bərabərhüquqlu əməkdaşlığın, dinc birgəyaşayışın və mehriban qonşuluğun tərəfdarıdır. Dövlətimizin başçısı tədbir çərçivəsində verdiyi bəyanat və açıqlamaları ilə növbəti dəfə təsdiq etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqdir, etibarlı tərəfdaş statusu onun siyasi renomesinin ayrılmaz tərkib hissəsidir. Belə ki, Prezident İlham Əliyev oktyabrın 6-da Praqada ölkəmizin televiziya kanallarına verdiyi müsahibədə xüsusi qeyd etdi: “Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı...Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox... Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır”.

Bir sözlə, görüşdə Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüsə sadiq olduğunu bir daha bəyan etdi. Dövlətimizin başçısı növbəti dəfə vurğuladı ki, Azərbaycanın təklif etdiyi beş təməl prinsipi beynəlxalq hüquqa və dövlətlər arasında normal münasibətləri tənzimləyən ümumi normalara söykənir: “Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır!.. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir... Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin-nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir”. Bütövlükdə, Ermənistanla münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqların daha bir raundu Azərbaycanın qələbəsi ilə başa çatdı. Və öz ölkəsinin milli maraqlarını bütün beynəlxalq platformalarda məharətlə müdafiə edən Azərbaycan Prezidentinin qətiyyəti bu məkrli addımın qarşısını aldı. Sonda dövlət başçımızın dediyi fikirlər bir daha Qalib liderin dediyi kimi: "Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın!".

Beləliklə, Praqa görüşündə Azərbaycan öz mövqeyini qətiyyətlə müdafiə etməyi bacaran dövlət kimi, Ermənistanın və tərəfdaşlarının formalaşdırdığı koalisiyaya qarşı açıq mübarizə apardı, öz mövqeyini müdafiə etdi və hər hansı güzəşt ideyasını yaxına belə buraxmadı. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin Avropada növbəti qələbəsi idi. Praqa görüşü göstərdi ki, dövlət başçısının beynəlxalq hüquqa və ədalətə əsaslanan balanslaşdırılmış xarici siyasəti Azərbaycanın dünya miqyasında nüfuzunu artıraraq, onu regional gündəmdə həlledici söz sahibi olan ölkəyə çevirib və rəsmi Bakı milli maraqlarına dair məsələlərdə prinsipial mövqeyini heç zaman dəyişməyəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə