2020-ci il Oktyabr ayının 6-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini Hafiz Həziyevin şəhidlik zirvəsinə ucalmasının 2-ci ili tamam olmuşdur. Şəhidin anım günü münasibətilə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Hüquq- mühafizə orqanlarının rəhbərləri, kənd ictimaiyyətinin iştirakı ilə şəhid Hafiz Həziyevin qəbri ziyarət edilmiş, məzarı üzərinə tər çiçək dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilmişdir. Mərasimdə Yeni Qaradolaq kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr edilmiş şeirlər ifa edilmişdir. Günün ikinci yarısında YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov aparatın əməkdaşları ilə birlikdə şəhidin ailəsini də ziyarət etmiş, ailə üzvlərinin kədərinə şərik olmuşdur.
Söhbət zamanı şəhidin atası Varoğlu Həziyev oğlu Hafizin ailənin kiçik oğlu olduğunu qeyd etmiş, onun vətənpərvər, cəsarətli bir gənc kimi müharibənin ilk günlərindən döyüşlərə qatıldığını, 2020-ci ilin oktyabr ayının 5-də Füzuli uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olduğunu, ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edildiyini bildirdi. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov 30 ilə yaxın düşmən işğalında olan 20% torpağımızın məhz Hafiz kimi qəhrəman oğlanların sücaəti nəticəsində işğaldan azad edildiyini bildirdi. Bu qələbənin qazanılmasında canını Vətən yolunda fəda etmiş şəhidlərə allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzuladı. Şəhid atası Varoğlu Həziyev anım günündə onların ailəsini ziyarət etdiklərinə görə YAP Ağcabədi rayon təşkilatının əməkdaşlarına öz minnətdarlığını bildirmiş, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə, həmçinin şəhidlərin canı və qanı bahasına əldə edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinə şəxsən özü nəzarət etdiyinə görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB