Belə bir deyim var: “Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur”. Bəli, Azərbaycan əsgərinin cəsarəti, sarsılmaz gücü, bütöv bir xalqın yenilməz ruhu, ən ağır günlərdə yumruq kimi birləşməsi bu fikirdə bir daha təsdiqini tapdı. Biz bu birlik, bu təpərin zaman-zaman şahidi olmuşuq. İstər 2016-ci il aprel döyüşlərində, istərsə də 44 günlük vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi şücaət, ”Dəmir yumruq”-un həyata keçirdiyi yüksək strateji əməliyyatlar düşmən və onun havadarlarının yaddaşından hələ uzun illər silinməyəcək.
Qarabağın Azərbaycan torpağı və onun ayrılmaz hissəsi olması faktını erməni qəsbkarları heç vaxt qəbul etmək istəməyib. 1918, 1988, 1990-1993-cü illərdə xalqımıza qarşı törətdikləri vəhşiliklər, soyqırımlar, günahsız körpələrə, ahıl insanlara, dinc əhaliyə etdiyi zülmlər mənfur erməninin əsl iç üzünü, kimliyini bizə və bütün dünyaya bəyan etdi. Bütün bu etdiklərinə rəğmən düşmən tərəfdən çıxış edənlər də vardı. Onlar isə yalnız erməni xislətli ola bilərdi.
İtirilmiş torpaqlar, günahsız tökülən qanlar, öz doğma yurd-yuvasından didərgin düşmək, çəkilən bütün bu əzab iztirablar artıq xalqın səbr kasasını doldursa da, biz Ermənistana hər zaman sülh təklif etdik. Biz qan tökülməsinin, insanların müharibədən əziyyət çəkmələrinin heç bir zaman tərəfdarı olmadıq. Ərazi bütövlüyümüzün sülh yolu ilə əldə olunmasına çalışdıq. Təcavüzkar düşmən isə öz işğalçı siyasətindən əl çəkmədi ki çəkmədi...
N.Paşinyanın 2019-cu ilin avqustunda Xankəndinə etdiyi qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” deməklə sülh prosesinə ağır zərbə vurmuş oldu. İki ay sonra Rusiyada keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasında Azərbaycan Respublikasının Prezindenti İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında Ermənistan Baş nazirinin sözlərinə də münasibət bildirdi. “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbayacanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida” sözləri ilə nitqini tamamlamışdır.
2020-ci il sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini atəşə tutmuş və eyni zamanda Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri, Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrini ballistik raketlərlə, fosforlu və kassetli bombalarla atəşə tutmaqdan çəkinmədi. Mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməkdə davam edirdi. Azərbaycan ordusu isə Ermənistan ordusundan fərqli olaraq dinc əhaliyə heç zaman atəş açmamış və hər zaman humanist və insanpərvərliyi ilə seçilmişdir. Prezident İlham Əliyev müharibə dönəmində demişdir: “Biz günahsız insanların qisasını yalnız döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki şəxslərə atəş açmayacağıq”
Şuşanın azad edilməsi müharibədə ermənilərin öz məğlubiyyətlərini etiraf etmələrinə gətirib çıxaran həlledici döyüş olmuşur.
30 il ərzində işğal altında olan ərazilərimiz dağıdılıb, bütün binalar viran qoyulub, ərazidə yerləşən məsciddə donuz və inək saxlanılmışdır.
İndi isə artıq işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, məcburi köçkünlərimizin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunmuş və bu istiqamətdə çoxşaxəli quruculuq işləri aparılmaqdadır. Yüksək texnologiyanın tətbiq edildiyi layihələr – “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının birləşdirilməsi, “yaşıl enerji” zonaları və s. icra edilməkdədir.
Artıq 2021-ci ilin yanvar ayından etibarən Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməkdədir.
2021-ci ilin fevral ayında Laçın rayonunda Prezident İlham Əliyevin iştirakı ilə ilk infrastruktur layihə olan “Güləbird” Su Elektrik Stansiyası istifadəyə verilmişdir.
2021-ci il oktyabrın 26-da Azərbaycanın və Türkiyənin dövlət başçıları Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmişdir. “Qarabağın hava qapısı” adlandırılan bu liman cəmi 8 ay ərzində inşa olunmuşdur. Hazırda isə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdrılır.
300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər tikilmişdir, azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa olunmuşdur. Yaxın zaman ərzində Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanılacaqdır. Bərdə-Ağdam dəmir yolunun gələn il istifadəyə veriləcəyi planlaşdırılır. Zəngəzurda isə 33 tunel inşa olunub, 84 körpü salınacaq.
Viran qoyulmuş evləri abad, dağıdılmış şəhərləri çıraqban, məhv edilmiş torpağı çiçəklənən görmək necə gözəl bir hiss imiş... “Bu dünyada hamı öz əcəliylə ölür. Şəhid hamının əcəliylə” Bu günləri bizə canı, qanı bahasına yaşadan şəhidlərimiz Allah sizə rəhmət etsin. Biz sizə bir ömür borcluyuq.
Çimnaz İbrahimova
Xəzər rayonu, 262 nömrəli məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB