İrəvan sülh müqaviləsini imzalamağa, “Zəngəzur dəhlizi”ni açmağa məcburdur
Dünya ictimaiyyətinin diqqətini cəlb edən hadisələr kifayət qədərdir. Ukraynada 224 gündür davam edən müharibə səbəbindən NATO-Rusiya qarşıdurması, nüvə müharibəsi təhdidləri, Tayvan uğrunda Çinlə ABŞ arasında əzələ nümayişi, pandemiya, İranda etiraz aksiyaları, Afrika ölkələrini bürüyən aclıq təhlükəsi, Avropaya miqrant axını, o həm də “Qoca qitə”nin qaz dərdi, Qırğız-Tacik sərhədində toqquşmalar və s. və ilaxır olaylar da insanların əlini, qolunu soyudub, işə həvəsini öldürüb. Bu hadisələrdən biri də regionumuzda uzun müddətdir ki, cərəyan edir. 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan xalqına qarşı heç bir beynəlxalq norma və prinsiplərə sığmayan cinayətlər törədib. 2020-ci ilin sentyabrın 27-də başlanan müharibənin nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarına qovuşdu, 30 illik ədalətsizliyə son qoydu, BMT-nin qətnamələrini təkbaşına və həm də hərb yolu ilə həll etdi. Bəzi təhdidlərə baxmayaraq dövlətimiz işğalçılara öz “dillərində” cavab verməli oldu.
Bu gün Azərbaycan baxmayaraq ki, müharibədə qələbə qazanıb, məğlub Ermənistana növbəti sülh şansı vermək qərarına gəlib. Artıq fəaliyyətini başa vurmuş ATƏT-in Minsk qrupu siyasi səhnədən çəkilsə də, regiona “turist” səfərlərinə son qoysa da Azərbaycan münaqişənin-müharibənin sona çatdırılmasında, bölgəyə birdəfəlik sülhün gəlməsində vasitəçi olacaq bütün tərəflərə şans verməkdə tərəddüd etmir. Çünki özü sülhpərvərdir və regiona daimi sülhün gəlməsində maraqlıdır. Qeyd etdiyimiz kimi, ATƏT-in Minsk qrupu ölü doğulduğu kimi, heç bir faydalı bir iş görmədən ömrünü başa vurdu. Bu gün başqa aktorlar meydandadır. Amma onlardan yalnız Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyası hələlik qənaətbəxş görünür. Gələn ay, yəni noyabr ayında Brüsseldə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı barədə xəbərlərə inansaq, Ş.Mişelin fəaliyyətinə ən yüksək qiyməti tərəddüd etmədən verə bilərik. Amma münaqişənin həllində rol oynamaq istəyən digər güclər də var. Bunlardan ikisi ABŞ və Fransadır…

Ermənistan adlı maşa
Vaşinqton və Paris Ermənistan-Azərbaycan münasibətlərini hansı forma və üsullarla normallaşdıra və regiona daimi sülh gətirə bilərlər? Axı onların fəaliyyəti bizə yad deyil. ATƏT-in Minsk qrupunun iki həmsədrindən biri ABŞ, digəri isə Fransadır. Onların 30 illik fəaliyyətləri nədən ibarət oldu, onu da bilirik Ötən illər ərzində suveren hüquqları pozulmuş, haqqı tapdalanmış, torpaqları işğal edilmiş, əraziləri ilhaq edilmiş, kənd və şəhərləri talan edilmiş, insanları vəhşiliklə qətlə yetirilmiş və nəhayət bir milyona yaxın vətəndaşı məcburi köçkünə çevrilmiş Azərbaycanın haqlı tələblərinə dəstək oldularmı, Ermənistana beynəlxalq qanunlara əməl etməsi üçün siqnal verdilərmi, ona “dur” dedilərmi? Yox, bu mövqeni nə Parisdən, nə də Vaşinqtondan görmədik.
Vətən müharibəsi başlananda ATƏT-in Minsk qrupunun üçüncü həmsədr ölkəsi Rusiya isə neytrallığı qorumaqla işini bitmiş hesab etdi. Azərbaycan döyüş meydanında, təkə-tək, mərdliklə döyüşərək torpaqlarını Ermənistan silahlı qüvvələrinin işğalından azad etdi. Bu gün isə qalib Azərbaycan məğlub Ermənistana növbəti şansı verir, sülh imkanı…
Bu gün Vaşinqton da, Paris də özlərini münaqişənin həllinə yardım edirmiş kimi göstərməyə çalışırlar. Gah İrəvana, gah da Bakıya telefon açmaqla özlərini canıyanan kimi göstərməyə çalışırlar. Amma bütün bu isti münasibətlər yalnız Ermənistana göstərilir, Azərbaycana isə boş ümiddən başq heç nə. Bunu hər kəs bilir. Amma bir məsələni heç də hamı bilmir ki, ABŞ və Fransa Ermənistanı niyə bu qədər “sevir”? Bu münasibətin arxasında dayanan məqsədlər isə, əlbəttə tükürpədicidir. Vaşinqtonla İrəvan arasında artıq baş tutan “izdivac”ın arxasında sən demə heç bir sevgi-filan yox imiş, Rusiyanı “Cənubi Qafqaz” adlı evdən qovmaqdan başqa. Bəli, ABŞ Ermənistan adlı maşasından yararlanmaq qərarına gəlib. Guya Rusiya öz yerini ABŞ-a verəcəkmiş. Halbuki, bu prosesin asan olmayacağını Moskvada da, Vaşinqtonda da çox yaxşı bilirlər. Bəs, belə olan halda niyə İrəvan bu oyuna razılıq verir?

Hər şey Pelosidən başladı
Hər şey ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən başladı. Müharibədə düçar olduqları ağır məğlubiyyətin bütün günahını neytral mövqe tutmuş Rusiyada görən İrəvan Moskvanın acığına ABŞ-ın bölgədə möhkəmlənməsi üçün bütün vasitələri sınamaq qərarına gəlib. Bəli, düz eşitdiniz, sınamaq. İrəvan etdiklərini hələlik sınayır, necə deyərlər,” tutar qatıq, tutmaq ayran”. Pelosinin amerikalı “erməni dostları” komandası ilə İrəvanda keçirdikləri brifinqdə dedikləri erməniləri o qədər eyforiyaya qapatdı ki, hətta Rusiyanın “for-post”u olduğunu belə unutdular. Əslində Pelosi Ermənistana səfərində iki məqsəd güdür. Birincisi, noyabr ayında Amerika Birləşmiş Ştatları Konqresində aralıq seçkilər olacaq, Pelosi isə ermənipərəst dairələrin konqresə gətirdikləri deputatdır. İkincisi isə budur ki, Nensi Pelosi son dövrlər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsindən istifadə etmək, Ermənitanda da Rusiyanın zəifləməkdə olan mövqelərini ABŞ-ın hesabına möhkəmləndirmək istəyir. Yəni əsas strateji hədəflərindən biri də budur. Maraqlı olan odur ki, Amerika Birləşmiş Ştatlarının ierarxiyasında üçüncü vəzifəni tutan şəxs regionda sülh və təhlükəsizlik məsələləri ilə bağlı hansı mövqedə dayanacaq. Əslində onun anti-Azərbaycan mövqeyində dayanacağı və ermənipərəst mövqe ifadə edəcəyi gözlənilən idi.

Praqa görüşü nə vəd edir?
Praqada Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdü. İlham Əliyevin şərti dəyişməz qaldı. Tərəflərin açıqlamalarından da gözləntilərin artdığı görünür və o mənzərəni ortaya çıxarır ki, sərhəd toqquşmasından sonra Avropa İttifaqının bölgədə ələ aldığı vasitəçilik təşəbbüsündə müəyyən irəliləyişlər var. Ukraynada zəifləyən Rusiya Cənubi Qafqazda da arxa planda qalır. Hərçənd, tərəflərin açıqlamaları və mövqelərində uzlaşma ilə yanaşı, toqquşan məqamların olması açıq suallar da yaranır. Sülh sazişində əsas prinsip Bakının İrəvana təqdim etdiyi 5 bəndlik təklif paketi götürülür və Ermənistan tərəfinin açıqlamaları təklif paketinin ilk üç bəndində uzlaşmanın olduğunu deməyə əsas verir: Ərazi bütövlüyü tanınır, ərazi iddialarından imtina edilir, bir-birinə qarşı hədə və gücdən imtina edilir.
Lakin son iki bəndlə – sərhədin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiyanın açılması – bağlı mövqelər toqquşur. Ermənistan kommunikasiyanın açıqlamasında Zəngəzur dəhlizinin “yol məntiqi” ilə olmasını, sərhədlərin SSRİ dağılanda mövcud olan inzibati-təsərrüfat xətləri ilə delimitasiyasını istəyir. Azərbaycan üçtərəfli razılaşmalara əsasən dəhliz və SSRİ, hətta daha əvvəlki dövrün xəritələri əsasında delimitasiya tələb edir.
Hadisələrin gedişindən də görünür ki, Ermənistanla birgə Qərb də ikibaşlı oyunlar qurur. Kommunikasiyanın açılmasını “ölkələrin suveren hüquqları” əsasında olmasını, Zəngəzurun “yol məntiqi” ilə açılmasını istəyir. Delimitasiyası məsələsini bölgədə təsir rıçaqlarını gücləndirmək üçün vasitə kimi görən Qərbin “müşahidə missiyası” adı ilə qüvvələrini sərhədə gətirməsi gündəmdədir.
Qarabağdakı “etnik ermənilər”ə gəlincə, İrəvan sülh paketində “ərazi bütövlüyü” prinsipini qəbul etsə də, Xankəndidəki separatçıları “tərəfə” çevirmək iddiasını yenidən aktuallaşdırıb. Paşinyan çıxışında da bəyan edir ki, Xankəndi ilə Bakı arasında birbaşa danışıqlar aparılmalıdır, bunun üçün müəyyən imkan var və bu məsələ Ermənistanın iki təməl daşından biridir. Qərb, xüsusilə Fransa da bu mövqedən çıxış edir.
Prezident İlham Əliyev isə Ağdamda keçirilən tədbirdəki çıxışı zamanı qeyd edib ki, “Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik”. Azərbaycan dəhliz məsələsini sonraya saxlaya bilər, sərhəd və Qarabağdakı “etnik ermənilər” məsələsində isə geri çəkilməyəcəyi məlumdur. Ermənistan isə dəstək gördüyü Qərb masasında maksimum mövqeyini gücləndirməyə çalışacaq.

Ermənistanın gücü və iddiası
Əslində Qərbin yamaq kimi hadisələrə yapışması, proseslərə əlavə çalar gətirməsi əslində indiyə qədərki digər aktorları – Rusiya və Türkiyəni neytrallaşdırmaq nişanələri aşkar görünür. Daha doğrusu, Azərbaycana dəstək olan, onun haqlı mövqeyi ilə həmfikir olan tərəflərin Cənubi Qafqazdan çıxarılması Qərbin əsas planıdır. Bu fikirlər Alen Simonyanın KTMT haqqında dedikləri ilə də üst-üstə düşür. Məsələ burasındadır ki, Ermənistan parlamentinin spikeri ölkəsinin KTMT-dən yox, KTMT-nin Ermənistandan getməsini şərh edərkən Moskvanın son addımlarına işarə vurub. Eyni zamanda Simonyan Ermənistanın Moskvadan tamamilə üz döndərdiyi və Qərbə istiqamət götürdüyünü deməkdən çəkinməyib. Bir sözlə, Ermənistan ikibaşlı oyunu ilə həm Qərbi Cənubi Qafqaza gətirmək, həm də Rusiyanı bu regiondan uzaqlaşdırmaq iddiasını gozlətmir. Amma başa düşmür ki, Ermənistan o dövlətlərdən deyil ki, Qafqazda oyun tərtib edə, drijorluq edə bilsin. O yalnız maşa ola bilər.
Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan öz ətrafı ilə söhbətində belə tezislər irəli sürüb ki, Rusiya bizim suverenliyimizi əlimizdən almaq istəyir, ona görə də biz onunla sağollaşıb Avropa və Amerikaya üz tutmalıyıq. Bu barədə “Joxovurd” qəzeti də məlumat yayıb. Qəzet yazıb ki, hazırda hakimiyyət ancaq antirusiya əhval-ruhiyyəsini yayır. Paşinyanın antirusiya təbliğatından reallıq hissini itirərək Kommunist Partiyasının üzvləri belə Rusiya ilə bütün əlaqələri yavaş-yavaş kəsib, avropalılara və amerikalılara sevgilərini nümayiş etdirməli olduqlarını gizlətmirlər. Maraqlıdır, iqtisadiyyatımızın böyük hissəsi Rusiyanın əlindədirsə və Rusiya sərhədçiləri Ermənistanın suveren ərazisinə nəzarət edirsə, onlar Rusiya ilə necə vidalaşmaq istəyirlər? Təbii ki, balanslaşdırılmış siyasət və dünyanın fövqəlgücləri ilə öz maraqlarını irəli sürmək fantastik bir şeydir, lakin bunun üçün ilk növbədə zəka və bacarıq lazımdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktaybrın 6-da Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Ayaqüstü söhbətdə iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivləri müzakirə edilib. Qeyd edək ki, bu görüş Ərdoğanın Ermənistanın baş naziri ilə ilk təmasıdır. Praqada həm Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər. Bir məsələni də qeyd edək ki, iki ölkə rəhbərinin görüşlərinə baxmayaraq hələ də Ermənistanın destruktiv fəaliyyəti nəticəsində həllini gözləyən problemlər hələ də qalmaqdadır. Əvvəlcə, Ermənistan Türkiyə və Azərbaycana qarşı olan əsassız iddialardan və təxribatlardan əl çəkməlidir. Digər tərəfdən rəsmi İrəvan Qarabağdakı separatçı rejimin yaşaması üçün cəhdlər edir, hərbi birləşmələrini ordan çıxarmır, rus sülhməramlıların orada olmasından faydalanır. Yəni ortada vəziyyətdən sui-istifadə edən bir Ermənistan var. İndi Ermənistan özü qərar verməli, haqsız iddialardan, özünü istifadə etdirməkdən, məktəblərdə Türkiyə və Azərbaycanı düşmən kimi göstərməkdən əl çəkməli, Azərbaycanın qələbəsini həzm etməli, sülh prosesinin bir parçasına çevrilməlidir. Əgər bunları yerinə yetirsə, Türkiyə və Azərbaycan sülhə çoxdan hazırdır. Çünki bizim Ermənistanın unitar quruluşuna, ərazi bütövlüyünə qarşı heç bir iddiamız yoxdur. Biz sadəcə sülh və sabitlik içərisində yaşamaq istəyirik. Ermənistan isə hələ ki, istəkli görünmür.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB