2016-cı il aprel ayında görünmüşdü hələ Cəbrayıl günəşi. Biz onda çəkmişdik ciyərlərimizə illərdir həsrətində olduğumuz torpağın nəfəsini. Füzulidən boylananda Lələtəpədə dalğalanan bayrağın qürurunu, sevincini hələ Aprel döyüşlərində yaşamışdıq. Amma, əfsus ki, o sevinc tam deyildi. Sanki düşünürdük ki, daha neçə illər də keçəcək, amma biz elə dalğalanan bayrağa uzaqdan baxacağıq. Lövhələrdə gördüyümüz, didərgin düşdüyümüz torpağımızın adına, neçə kilometr məsafə qaldığına baxıb üzüntü və həsrət çəkəcəyik. Amma, ümid insanı ayaqda tutan,uğura aparan vasitədir. Biz illərin həsrətini 44 gün bərabərsizliyinə sığışdırdıq. 30 illik həsrətə 27 sentyabr 2020-ci ildə çıxdığımız tarixi Zəfər yolunda son qoyduq!
Xalqla rəhbər arasında bağ nə qədər güclü olarsa ölkə də bir o qədər güclü olar. Bu bağı biz 2020-ci il döyüşlərində gördük. Cəbhədə döyüşən əsgərin arxasında dayanan dağ boyda xalq olması normaldır,amma siyasi cəbhədə döyüşən Cənab Prezidentin arxasında dayanmış,qürur duyan xalqının olması çox başqa müsbət haldır. Ümumilli liderdən bizə qalan həmrəylik mirası müharibədə özünü yüksək səviyyədə göstərdi. Biz illərdir həsrətində olduğumuz, əlçatmaz arzu sandığımız ərazlərimizə qayıtmağı bacardıq. Dilmizdə şüar olan “biz qayıdacağıq” ifadəsi “biz qayıtdıq” ifadəsi ilə əvəz olundu.
2020-ci il oktyabr ayının 4-də Azərbaycanın dilbər guşəsi olan Cəbrayıl işğaldan azad olundu. Cənab Prezidentin xalqa olan müraciətində “Cəbrayıl bizimdir!” dedikdə keçirilən hissin ifadəsi yox idi. Verilən itkilərə üzülən xalqın yanar ürəyinə başqa cür su sərpilə bilməzdi. Cəbrayıl bizim üçün digər düşmən tapdağnda olan torpaqlarımıza açılan yol idi. Dilbər guşə adlandırsaq da Cəbrayılda düşmən havası,suyu,torpağı ilə belə düşmənçilik edən vandalizmə məruz qalmışdı. Amma ədalət mübarizəsində biz qələbə çaldıq! Haqqımız olanı aldıq!
Cəbrayıl rayonunda işğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı.
Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.
Dağtumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi”, "Canqulu” və "Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz”, Sirik kəndindəki "Qala”, Diri dağındakı "Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı”, Şıxlar kəndindəki "Dairəvi Türbə”, Xubyarlı kəndindəki "Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri erməni işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb.
Hazırda Cəbrayıl rayonunda bərpa və quruculuq işləri gedir. "Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektar artıq ərazini əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb.
Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.
Biz illərdir xarici ölkələrdə Azərbaycanlı olduğumuzu deyəndə ürəyimizin harasındasa bir qırıqlıq hiss edirdik. Qarabağ mövzusu açılanda yaxşı hisslər deyildi keçirdiyimiz. Amma bu gün biz sanki dünyaya Azrbaycanlı olduğumuzu qışqırmaq istəyirik. Biz Müzəffər ordumuzla, ordumuza rəhbərlik edən MüzəffərAli Baş Komandanımızla, ordusunun və rəhbərinin yanında olan xalqımızla qürur duyuruq!
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB