Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Cari ilin oktyabr ayının 1-i tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana səfər edib. Son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 30 sentyabr tarixində bu ölkəyə rəsmi səfəri qarşılıqlı əlaqələrin daha da güclənməsinə təkan verəcək. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər hər iki ölkə arasında diplomatik münasibətlərin möhkəmlənməsinə, ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcəkdir. Geniş tərkibdə keçirilən görüşdə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin qeyd etdiyi kimi, bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Rumen Radev qeyd edib ki, Bolqarıstan üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. “Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir”,-deyən Bolqarıstanın dövlət başçısı bununla da, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu vurğulamış olur. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edir.

Prezident tədbirdə çıxışı zamanı Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırdığını diqqətə çatdırdı. “Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq”, - deyə dövlət başçısı bildirdi. Yunanıstandan Bolqarıstana uzanan, TAP-ın qolu olan 182 kilometrlik IGB birləşdirici qaz kəmərinin ixrac gücü hazırda üç milyard kubmetrdir, ancaq elə layihələndirilib ki, gələcəkdə beş milyard kubmetrə də çatdırıla bilər.

Həmçinin, ölkəmiz artıq Yunanıstana, oradan da Bolqarıstana təbii qaz çatdıracaq. Həmin qaz Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilir. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə bağlayıb. Bağlanan müqaviləyə əsasən, Azərbaycan Bolqarıstanın təbii qaz tələbatının 25-30 faizini ödəyəcək.

Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın predmetinə gəlincə enerji sahəsi iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti Sofiyada maraqlı açıqlama da verdi ki, biz Avropaya nəinki qaz, həmçinin elektrik enerjisi ixracında da maraqlıyıq və bununla bağlı maraqlı təkliflərimiz də var, biz qazı elektrik enerjisinə çevirib Avropaya birbaşa elektrik enerjisi də sata bilərik. Yəni zaman-zaman ticarətdə təkliflər dəyişir, odur ki, Azərbaycanın bir neçə yataqda və səpkidə həmişə alıcılara təklifləri olur. Biz şaxələnmiş ticarət əlaqələrində maraqlıyıq.

Həmçinin, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsi 80 milyon ABŞ dollarını keçmişdir.

Səfər çərçivəsində Prezident İlham Əliyev keçirdiyi görüşlərdə Bolqarıstanla siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurlu inkişafından danışarkən, bu gün iki dövlət arasında fəal əməkdaşlığın mövcudluğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulamışdır. Nəqliyyat sahəsinin inkişafı da hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi hər iki respublika üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırır. Azərbaycanla Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr mövcuddur. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə