Oktyabrın 4-ü xalqımız üçün xüsusi məna daşıyır ŞƏRH

Müzəffər Ali baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli Azərbaycan Ordusu oktyabr ayının 4-də Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün şanlı tariximizə olduqca əhəmiyyətli hadisə kimi yazıldı.2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nuzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan,Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini- Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunmuşdur.

Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə mümkün deyil. Qırılan talelər, yarım qalan ömürlər, geri dönməz xoş günlər və əvəzsız xatirələr. Ermənilər ölümə, işgəncəyə həsr etdiyi ünvanlarda körpə gülüşü, toylar, düyünlər olub bir zamanlar. Cəbrayılı görmədən bu dünyaya gözlərini əbədi yuman cəbrayıllılar olub.1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb, Birinci Qarabağ Müharibəsində Cəbrayıl rayonu 362 şəhid vermiş, 191 nəfər əlil olmuşdur. Cəbrayılın azad olunması Azərbaycan ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə Şanlı Ordumuzun fədakarlığının, şücaətinin, qəhrəmanlığının ən parlaq nümunəsidir. Vətən Müharibəsi başa çatandan az sonar - 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xüdafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xüdafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti hər kəsə bəllidir. Bu baxımdan dövlət başçımızın bayrağımızı tarixi Xüdafərin körpüsündə qaldırması Azərbaycan xalqının qürur və fəxarət yeri olaraq yaddaşına əbədi olaraq həkk olundu.

Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi nəzarətə götürüldü. Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı.Bu gün işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Cəbrayıl şəhərində də sürətli abadlıq-quruculuq işləri aparılır. Məlum olduğu kimi, düşmən 30 il ərzində işğal etdiyi ərazilərdə daşı daş üstünə qoymamış , əksinə şəhər və kəndlərdə hər bir şeyi darmadağın etmişdirlər.Prezidentimiz cənab İlham Əliyev Cəbrayıla səfəri zamanı söylədiyi kimi, Ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə qısa müddət keçdikdən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Dövlət başçısı onu da qeyd etmişdir ki,”Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək”.Cəbrayılın, ümumən Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbiçilərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, qəhrəman qazilərimizə sağlamlıq diləyirik!

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə