Paşinyanın arvadına məxsus qəzet Azərbaycanın tələblərini açıqladı ANALİTİK+AKTUAL

Paşinyanın arvadına məxsus qəzet Azərbaycanın tələblərini açıqladı ANALİTİK+AKTUAL

“Haykakan jamanak” 1919-1920-ci illərin xəritəsindən yazdı

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın baş redaktoru olduğu işıq üzü görən “Haykakan jamanak” qəzeti rəsmi Bakının İrəvan qarşısında qaldırdığı qəti tələbləri açıqlayıb. SİA xəbər verir ki, bu haqda erməni KİV-ləri yazırlar. Belə ki, adıçəkilən qəzetə yaxın mənbənin bildirdiyinə görə, Azərbaycan Ermənistan qarşısında beş tələb irəli sürüb.

1.“Dağlıq Qarabağ ordusunun” tamamilə buraxılması və tərksilah olması;

2. Heç bir muxtariyyət (status) tələbi olmadan, yəni sıfır statusla Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınması;

3. Ermənistanın ərazisindən dəhlizin açılması;

4. Sərhədlərin delimitasiyasının və demarkasiyasının 1919-1920-ci illərin xəritələri əsasında aparılması;

5. İtkin düşmüş azərbaycanlıların talelərinin aydınlaşdırılması.

“Haykakan jamanak” qeyd edir ki, Azərbaycanla sülhün əldə edilməsi üçün ya bu qəti tələbləri yerinə yetirmək, ya kompromisə getmək, ya da rəsmi Bakının həmin tələblərdən imtina etməsi üçün cəhdlər göstərmək lazımdır.

Erməni nəşri Levon Ter-Petrosyanın danışıqlar prosesində nələrin haqqında danışılması barədə dəqiq informasiyaya malik olmaması iddialarına cavab verib?

Maraqlıdır ki, bir sıra erməni ictimai-siyasət adamları erməni nəşrinin sözügedən məlumatını ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın məlum bəyanatına cavabı kimi qiyməyləndirir. O, bir neçə gün əvvəl bildirmişdi ki, onda danışıqlar prosesində nələrin haqqında danışılması barədə dəqiq informasiyaya malik deyil. Ter-Petrosyan öz bəyanatında İrəvanın Bakının şərtləri ilə razılaşmasından başqa yolunun olmadığını da bildirmişdi.

Daha bir maraqlı və diqqət çəkən məqam budur ki, “Haykakan jamanak” prosesdə Rusiyanın, ABŞ-ın, İranın və Avropa İttifaqının da nə istədiklərini, daha dəqiq desək, maraqlarını dərc edəcəyini də yazıb.

Erməni ictimai-siyasi rəyinə çatdırılır ki, İrəvanın çıxış yolu qalmayıb

Əslinə qalanda isə bu yeni xəbər deyil və Bakının İrəvana qarşı irəli sürdüyü beş əsas təklifin demək olar ki, eyni formasıdır. Lakin bu məlumatın məhz Nikol Paşinyanın arvadı Anna Akopyana məxsus qəzetdə işıqlandırılması da belə qənaətə gəlməyə zəmin yaradır ki, bu informasiyanın yayılması məqsədli xarakter daşıyır. Yəni erməni ictimai-siyasi rəyinə çatdırılır ki, İrəvanın çıxış yolu qalmayıb.

Başqa tərəfdən, bu günlərdə Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən sonrakı relizində də bildirilir ki, tərəflər blokadadan çıxarılmalı olan regional nəqliyyat yollarının açılmasını müsbət qiymətləndiriblər və ölkələrin suverenliyi və yuridiksiyaları altında qalmalı olduğunu bildiriblər. Yəni hökumətə bağlı olan nəşr danışıqlar başa çatdıqdan sonra erməni ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıb ki, “baxın, Paşinyan hökuməti Azərbaycanın tələbləri qarşısında Ermənistanın maraqlarını qorudu...”

Paşinyan hansı yolla “çulunu sudan quru çıxarmağa” çalışacaq?

Və əgər danışıqlar bu dəfə də nəticəsiz qalsa və nəticə əldə olunmasa Paşinyan hökuməti bunu rəsmi Bakının maksimal mövqeyi ilə əlaqələndirib, necə deyərlər “çulunu sudan quru çıxarmağa” çalışacaq.

Fəqət, qəzetin Rusiyanın, ABŞ-ın, İranın və Avropa İttifaqının da nə istədiklərini iddia etməsi isə əslində bir daha erməni interpretasiyasıdır, yəni xülyalarıdır ki, hələ də hansı cinahda dayana biləcəklərini bilmirlər. Misal üçün, ortada yalnız Azərbaycanın maraqları tələblər vasitəsi ilə ortaya qoyulub. Digər ölkələrin maraqları, yaxud Ermənistandan tələblərinə gəlincə bu, İrəvanla həmin ölkələrin öz problemidir. Rəsmi Bakı isə gözləyir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə