27 sentyabr Anım Günü Azərbaycan tarixinin qürurlu səhifəsidir ŞƏRH

27 sentyabr Anım Günü Azərbaycan tarixinin qürurlu səhifəsidir ŞƏRH

Azərbaycanın tarix boyu işğal olunmuş torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün və həmçinin ədalətin bərpa edilməsi uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən Müharibəsinin başlanmasının ikinci ildönümü qeyd olundu. Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladı. Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən İkinci Qarabağ savaşında rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmiş, Azərbaycan Ordusu öz şücaəti ilə Ermənistana layiq olduğu yeri göstərmişdi. Azərbaycan Silahlı Qüvvələri bu 44 gün ərzində tutduqları mövqedən bir gün belə olsa geri çəkilməmişdir. Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi üçün həyatını qurban verən 3000-ə qədər şəhidimizi, itkin düşmüş min nəfərdən artıq hərbi qulluqçumuzu böyük ehtiramla xatırlayır, xatirəsini uca tutur, hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Onlar bizim tariximizin qəhrəmanları, ailələri isə bizim üçün bir əmanətdir. 27 sentyabrdan başlanan 44 günlük şərəfli yol Qələbəmizlə başa çatdı. 30 il düşmən tapdağı altında qalan, amma azad ediləcəyinə hər zaman əmin olan bu torpaqlarda artıq yeni həyat başlayıb. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın şanlı bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir. Bu il Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək Qaraxanbəyli kəndində şəhidlərin şərəfinə ucaldılmış, 27 sentyabr Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Xatirə lövhəsinin önündə çıxışı zamanı Vətən uğrunda canlarını fəda edən şəhdlərimiz, qəhrəman əsgər və zabitlərimizlə fəxr etdiyini qeyd edən dövlət başçısı şəhidlərin qanının yerdə qalmadığını, döyüş meydanında onların qisasının alındığını, doğma torpaqlarımızın düşmən tapdağından azad olunduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini qürur hissi ilə vurğulamışdır.

44 günlük Vətən müharibəsinin şanlı tariximiz olduğunu söyləyən prezident İlham Əliyev bildirmişdir ki, əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı, bütün gücünü səfərbər edib yumruq kimi birləşmiş Azərbaycan xalqının milli birliyi sayəsində azad edilmiş torpaqlarımızda bu gün qurub-yaradırıq, şəhər və kəndlərimizi bərpa edirik, eyni zamanda fəxr edirik ki, biz – bu torpaqarın sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. İşğaldan azad olunmuş ərazilərdə cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən bərpa-quruculuq işləri bu torpaqların əsl sahiblərinin kim olduğunu bir daha dünyaya nümayiş etdirir. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması, 30 il işğal altında qalmış ərazilərdə həyatın yenidən canlanması Azərbaycan xalqı üçün son dərəcə mühüm əhəmiyyətə malik bir məsələdir. Azərbaycan dövləti və xalqı işğaldan azad olunmuş ərazilərə həyat qaytarmaqla dünyaya çox önəmli bir mesaj verəcək.

Azərbaycanın üçrəngli bayrağını işğal altında olan bütün torpaqlarda dalğalandırmaq, Azərbaycan xalqının ləyaqətini və ədaləti bərpa etmək üçün bu şərəfli yola girmiş müzəffər ordumuz ilk şəhidlərini məhz İkinci Qarabağ müharibəsinin ilk günlərində azad edilmiş Qaraxanbəyli kəndində vermişdir. Zəfər yürüşü məhz buradan başlamışdır. 44 gün davam edən haqlı mübarizəmizdə 300-ə yaxın şəhər və kənd düşmən tapdağından azad edilmişdir.Bu tarixi hadisənin həm şahidi, həm də iştirakçısı olduğuna görə bugünkü nəsli xoşbəxt nəsil adlandıran Ali Baş Komandan İlham Əliyev demişdir: “Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik, bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq” Bizə bu tarixi zəfəri yaşadan Müzəffər Ordumuz, ayrı-ayrı əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların Azərbaycanın tarixinə qızıl hərflərlə yazdığı dastan nəsildən nəslə fəxarətlə ötürüləcək!

Günay Məmmədli

YAP Yasamal rayonu, “Azərsu” ASC

üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə