Böyük Qələbəmizin unudulmaz tarixi: 04 oktyabr 2020-ci il - FOTO
Bu günlərdə Cəbrayıl şəhəri azadlığının iki yaşını qeyd edir. 27 il düşmən tapdağında qalan əzəli torpağımız iki il öncə 4 oktyabr tarixində Azərbaycanın qəhrəman oğullarının misli görünməmiş fədakarlığı, cəsarəti və rəşadəti hesabına azad olundu. Cəbrayıl, uzun illəri əhatə edən işğal tarixindən sonra xalqımıza verilən ilk böyük qələbə xəbəri idi. Düzdür, bundan öncə 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin uğurlu Günnüt əməliyyatında xalqımız Ordumuzun gücünü görmüş və qələbə xəbərləri ilə sevinmişdi. Amma 4 oktyabr 2020-ci il tarixdə ilk dəfə şəhər, rayon mərkəzi azad edildi. Bunun çox böyük rəmzi mənası var idi. Hər şeydən öncə bu, bizim xalqımıza və Ordumuza əlavə güc və inam verdi. Bu, cəbhədə olan üstünlüyün psixoloji üstünlüklə müşayiət olunmasına şərait yaratdı. Bu, həm də düşmən tərəfə çox ciddi bir mesaj idi. Müharibənin elə ilk həftəsində Azərbaycan Silahlı Qüvvələrinin bu qədər böyük yol qət etməsi,böyük bir yaşayış məntəqəsini azad etməsi Azərbaycanın məqsədlərinə nə qədər sadiq olduğunu və bu yolda Ordumuzu heç bir əngəlin dayandıra bilməyəcəyinidüşmənə göstərdi. Bununla da 44 gün davam edənmüharibə ərzində düşmən mənəvi cəhətdən ilk böyük zərbəsini aldı. İllərlə uydurma hekəyələr və populist bəyanatlarla iqtidarın işğalçılıq siyasətinin dəyirmanına su tökən Ermənistan Ordusunun “yenilməzlik” mifologiyası Cəbrayılda yerlə bir edildi. Erməni xalqı nəhayət reallıqlarla üzləşməli oldu. “Yenilməzlik” mifdən başqa bir şeyd deyildi. Real olan yeganə bir həqiqət var idi ki, o da Azərbaycanın əzəli torpaqlarının işğalı ilə barışmadığı və nə bahasına olursa olsun işğalı sona çatdıracağı idi. Cəbrayıl zəfərinin daha daha bir əhəmiyyəti ondan ibarət idi ki, bu Qələbədən sonra şanlı Ordumuzun öz tarixi missiyasını digər yerlərdə də icra etməsi üçün əlverişli mühit yarandı. Cəbrayılın azadlığı strateji cəhətdən fövqaladə əhəmiyyətə malik Hadrut qəsəbəsinin azadlığına gedən yolun başlanğıcı oldu. Hadrutun azad edilməsi isə Zəngilan, Qubadlışəhərlərinin və Laçın dəhlizinin Ordumuzun nəzarətinə keçməsinə rəvac verdi. Beləliklə, bir-birinə bağlı bu proseslərin çıxış nöqtəsi məhz Cəbrayıl şəhəri idi.
Bu gün artıq bu böyük zəfərin ikinci il dönümüdür. Ötən müddət ərzində bütün azad edilmiş torpaqlarda olduğu kimi Cəbrayılda da bərpa və yenidənqurma işləri böyük sürət və dəqiqliklə aparılmaqdadır. Ölkə başçımız müxtəlif tarixlərdə dəfələrlə Cəbrayıl şəhərinə səfərlər etmiş və burada görülən işlərlə tanış olmuşdur. Yəqin ki, çox da uzun olmayan gələcəkdə Cəbrayıl öz doğma sakinlərini qəbul etməyə hazır olacaqdır. Bu məqamda onu da vurğulamaq istərdim ki, əslində Cəbrayıla qayıdış Vətən müharibəsindən də öncə, 2016-cı ilin Aprel döyüşlərindən sonra başlamışdır. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 6 il öncə Cəbrayılda əsası qoyulan "Böyük Qayıdış”ın 44 günlük Vətən Müharibəsi ilə qalan hissələri də tamamlandı. 30 ildir ki, torpaq həsrəti ilə yaşayan xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində işğalı sona çatdırdı. Bu gün böyük qürur və fərəh hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı qalib xalq, Azərbaycan Ordusu qalib ordu, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı isə Müzəffər Ali Baş Komandandır. Cəbhədə Cəbrayılın azadlığı ilə başlayan, Şuşanın azadlığı ilə düşməni kapitulyasiyaya məcbur edən və siyasi müstəvidə davam edən qələbənin təzahürləri olaraq bir güllə belə atmadan, bir şəhid belə vermədən Ağdamın, Kəlbəcərin, Laçının qaytarılmasına şərait yaradan 44 günlük müharibə Azərbaycanın şanlı tarixidir. Biz bu tarixlə, şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir.
Rauf Əliyev
Pirallahı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB