Heydər Əliyev irsi - milli ideologiyanın tərəqqisi faktorunda MƏQALƏ

Heydər Əliyev irsi - milli ideologiyanın tərəqqisi faktorunda MƏQALƏ

Tarix sübut edir ki, hər bir müstəqil dövlətin yaranmasını, inkişafını, möhkəmlənməsi və davamlı olması, xalqı dövlətin ətrafında birləşdirəcək güclü ideyanın yaranması, bu ideyanı ərsəyə gətirən Liderinin mövcudluğu mühüm amillərdəndir. Müstəqil dövlətçiliyimizin tarixinə nəzər salaq və təlatümlərin analizini aparsaq xalqımızın nə qədər çətin sınaqlardan çıxdığının şahidi olarıq. Bu faktlar barədə kifayət qədər informasiya resurslarında yazılıb, deyilib və bu gün də onlar gündəmdə qalır – çünki tarix unudulmur...

Məhz həmin dövrlərdə böyük dövlətçilik təcrübəsi və istedadına malik Ümummilli Lider Heydər Əliyev aydın dərk edirdi ki, gənc və gücsüz, təcrübəsiz və müharibə aparan müstəqil Azərbaycanı bir dövlət kimi qurmaq, ayağa qaldırmaq, yaşatmaq, möhkəmləndirmək və qüdrətləndirmək üçün bütün vətəndaşların ümumi bir məqsəd ətrafında birləşməsi gərəkdir. Bütün bunlar üçün isə bir amalın, bir irsin möhkəm təməlinin qoyulması həm də sosial sifarişə, xalqın tələbinə çevrilmişdi. Bu irs fonunda həm də milli ideyanın yaranması və inkişafı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında tarixi xidmətləridir.

Heydər Əliyev irsinin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, həm də təkcə Azərbaycan vətəndaşlarını deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıları və Azərbaycana bağlı insanları bir məqsəd - müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və inkişafına xidmət etmək ətrafında birləşdirə bildi. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Beləliklə, Ulu Öndərimizin azərbaycançılıq ideyası dövlətin müstəqilliyini qoruyub-saxlaması, inkişafı və dünyaya inteqrasiyanı təmin edəcək iki əsas istiqaməti özündə birləşdirirdi: güclü-qüdrətli dövlətçilik, milli irs və milli mənəvi dəyərlərə sadiqlik!

Heydər Əliyev banisi və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümü ilə əlaqədar keçirilən təntənəli yığıncaqda milli ideologiyanın təyinatı və tərkib hissələri barədə öz konseptual fikirlərini belə ifadə etmişdir: "Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Bu milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmlətməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də hər bir vətəndaş vətənpərvərlik hissi ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Məhz Heydər Əliyev irsində azərbaycançılıq ideyasının mühüm qanadı milli mənəvi dəyərlərə sadiqlikdir. Ulu Öndər milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, gələcək nəsillərə çatdırılmasını bir vəzifə olaraq qarşıya qoyurdu. Milli mənəvi dəyərlərinə hörmət etməyən, bir millət olaraq öz varlığını ifadə edə bilməyən xalqın müstəqil dövləti uzunömürlü ola bilməz. O, milli mənəvi dəyərlərimizin tərkib hissəsi kimi üç əhəmiyyətli məqamı xüsusilə qeyd edirdi ki, bütün bunlar milli özünüdərk çərçivəsində dilimizi, dinimizi, adət-ənənəmizi birləşdirirdi – Heydər Əliyev irsinin ən mühüm faktoru da məhz bu kimi önəmli mücəssəmələrdə təsdiq olundu!

Milli mənəvi dəyərlərimizin çox mühüm tərkib hissəsi, imanımızın və inancımızın daşıyıcısı olan islam dininə Heydər Əliyev həmişə böyük hörmət və qayğı ilə yanaşmışdır. Belə ki, 1993-cü ildə respublikaya rəhbərliyə qayıtdıqdan sonra ilk səfərlərindən birini dinimizin mərkəzi Məkkə şəhərinə edərək mübarək Kəbəni ziyarət etməsi, məscidlərin, ocaqların və digər müqəddəs yerlərin, abidələrin bərpası, tikintisi ilə bağlı fərman və sərəncamlar verməsi, imkan düşdükcə məscidlərimizi və ziyarətgahlarımızı ziyarət etməsi, Ramazan, Qurban və digər dini bayramları yüksək qiymətləndirməsi və bu münasibətlə ölkənin müsəlman əhalisini həmişə təbrik etməsi Ulu Öndərin dinimizə yüksək hörmət və inamının, eləcə də xalqımızın tarixi mənəvi dəyərinin milli ideyanın tərkib hissəsi kimi ümummilli maraqlara xidmət məqamına yönəltmək istəyinin ifadəsi idi. İslam dininə, islam mədəniyyətinə, müqəddəs kitabımız Qurani-Kərimə Heydər Əliyevin hörməti və məhəbbəti təkcə bir müsəlmanın və siyasi xadimin münasibəti deyildir. Bu münasibət və yanaşma, əslində, çox böyük mənəvi və ideoloji gücə malik islam dinini ölkəmizdə milli birliyin, dövlətçiliyin möhkəmləndirilməsinə xidmət müstəvisinə qaldırmağa yönəlmiş milli ideologiyanın tərkib hissəsi idi.

Millətin tarixi onun mədəniyyətinin tarixi, mənəviyyatının, əxlaqının, dövlətçilik ənənəsinin tarixidir. Bu mənada tarix öyrənilməli, yaxşı nümunələr götürülməli, təbliğ olunmalıdır. Bu baxımdan da, Ulu Öndər Heydər Əliyev milli mənəvi dəyərlərin ən mühüm daşıyıcısı kimi milli bayramlarımıza, xüsusilə Novruz bayramının keçirilməsinə çox önəm verir, özü də bu el şənliyində həmişə böyük məmnuniyyətlə iştirak edirdi. Ulu Öndərimiz şəxsiyyətin vətəndaş kimi formalaşmasında dil və dinlə yanaşı, tarixi və ənənələri bilməyi və yaşatmağı vacib sayırdı. O, həmçinin milli adət-ənənələrimizin mühüm tərkib hissəsi olan ailə institutuna, mərasimlərin keçirilməsinə, Azərbaycan mətbəxinə, xalq sənətkarlığına xüsusi önəm verir və bu ənənələrin yaşadılmasını və inkişaf etdirilməsini tövsiyə edirdi. Beləliklə, bu irs hazırda da yaşadılır, inkişaf etdirilir və gələcəyə doğru inamla addımlamağımız üçün sonsuz həddə işıq, ziya, nur saçır. Ümummilli Lider Heydər Əliyevin siyasi irsi 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müasirləşir, xalqımıza yeni-yeni uğurlar qazandırır. Həmçinin, milli mənəvi irsimizi, dəyərlərimizi dünyada tanıtmaq, müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, xalqlararası və mədəniyyətlərarası dialoqa dəstək vermək Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev xüsusi olaraq vurğulayır ki, milli ideologiya demokratik dəyərlərə sadiq olan hər bir dövlətdə cəmiyyətdaxili tolerantlığın bərqərar olunmasına xidmət etməlidir.

Prezident İlham Əliyev bununla bağlı çıxışlarında bəyan edib: "Bu gün bizim qarşımızda yeni çağırışlar dayanır. Bu gün əsas prioritetlərdən biri Azərbaycanın milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulması, dünya birliyinə inteqrasiya etməsidir. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, biz öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanıbdır. Budur hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər".

Bu gün eyni zamanda, Müzəffər Ali Baş Komandan olaraq ətrafında sıx birləşən xalqı ilə birgə işğal altındakı torpaqlarımızı azad edən Prezident İlham Əliyev bununla sübut etdi ki, zamanında əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş tarixi irs və milli qürur, milli dəyər faktoru bundan sonra daha da möhkəmləndiriləcək və Azərbaycanımızı daha böyük zəfərlərə, qələbələrə doğru aparacaq!

Almaz HƏŞİMOVA,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə