Şəhidlərimizin əziz xatirəsi hər zaman böyük ehtiramla anılır FOTOLAR

Şəhidlərimizin əziz xatirəsi hər zaman böyük ehtiramla anılır FOTOLAR

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr – Anım Günündə işğaldan azad olunmuş ərazilərə səfər etməsi rəmzi məna daşıyır. Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələrinin qoyulması torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramın nümunəsidir. 44 günlük Vətən müharibəsi şanlı tariximizin ən şərəfli səhifələrindən biridir. Xalqımız bütün gücünü səfərbər edib Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovub. Bu Qələbənin qazanılmasında bütün Azərbaycan cəmiyyəti birlik və iradə nümayiş etdirib. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir, həmçinin şanlı Zəfərimizlə qürur duyuruq. Şanlı Ordumuz xalqımızın 30 ilə yaxın bir zaman kəsiyi ərzində düşmən tərəfindən oğurlanmış, təhqir olunmuş qürurunu geri qaytardı. Azərbaycan torpaqları işğal altında olan dövlət statusunu qalib ölkə, qalib dövlət statusuna dəyişdi. Ölkəmiz təkcə öz torpaqlarını deyil, bütün Cənubi Qafqazı bəlkə də son iki yüz ildə bəşəriyyətin qarşılaşdığı, lakin düzgün qiymətləndirə bilmədiyi ən təhlükəli bəlalardan birindən – erməni faşizmindən xilas etdi. Dövlətimizin başçısı xatirə lövhəsinin qarşısında çıxışı zamanı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi. Qəhrəman döyüşçülərimizin rəşadəti sayəsində işğaldan azad edilmiş ərazilərdə bu gün quruculuq işləri həyata keçirilir. Cənab Prezident İlham Əliyev çıxışında hərbçilərin qəhrəmanlığını xüsusi vurğulayaraq diqqətə çatdırdı: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Ordumuz bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur”. Dövlət Başçımız çıxışında bir daha qarşı tərəfə mesaj verdi. Bu da ondan ibarətdir ki, bir daha düşmənin baş qaldırmasına, bizim üçün təhdid yaratmasına imkan verilməyəcək. Əgər belə hal yaranarsa, Azərbaycan lazımi cavab verəcək. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın qarantıdır. Sentyabrın 12-13-də Ermənistan tərəfindən törədilən hərbi təxribatın qarşısının layiqincə alınması buna sübutdur.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə