“Haqq savaşında Zəfər qazandıq” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Vətən müharibəsində qəhrəman oğullarımız Vətən, torpaq uğrunda canlarından keçdilər. Şəhidlərimiz öz canlarını qurban verdilər ki, yurdumuzun torpaqları düşmən tapdağı altında qalmasın, Azərbaycan xalqı dünyada məğrur, qalib xalq kimi tanınsın. Haqq savaşında Zəfər qazandıq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, torpaqlarımızı işğaldan azad etdik və Azərbaycan xalqı bundan sonra qalib, məğrur xalq kimi əbədi yaşayacaq: “Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında döyüş meydanında istər 1-ci Qarabağ, istərsə də Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin, dinc sakinlərimizin qisasını düşməndən aldı, onların qanı yerdə qalmadı”.

Deputat sözlərinə belə davam edib: “Artıq işğaldan azad edilmiş torpaqlarımızı dirçəldirik. Erməni vəhşiləri tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizi yenidən qururuq.

Vətən müharibəsində şəhid olmuş igid oğullarımızın xatirəsini xalqımız hər zaman uca tutur. Prezident cənab İlham Əliyev bütün çıxışlarında müharibədə şəhid olmuş hərbçilərimizin xatirəsinin yad edilməsini, onların adlarının əbədiləşdirməli olduğunu vurğulayır. Prezident cənab İlham Əliyevin Vətən müharibəsinin başlandığı gün - 27 sentyabrın Azərbaycanda Anım Günü kimi qeyd edilməsi barədə imzaladığı Sərəncam şəhidlərimizə göstərilən böyük ehtiramın nümunəsidir. 2021-ci il sentyabrın 27-də şəhidlərin xatirəsinə həsr olunmuş yürüşdə Prezident cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid hərbçimizin və şəhid körpə övladımızın şəkillərini əllərində tutaraq öndə addımladılar. Bu il sentyabrın 27-də Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə qaya parçasından ucaldılmış abidəni ziyarət etdilər və burada Prezident cənab İlham Əliyev çıxış etdi. Müharibənin ilk günü Qaraxanbəyli və daha 5 kəndimiz işğaldan azad edilmişdir. Füzuli rayonunda ermənilər çox böyük müdafiə xətti yaratmışdılar. Bu müdafiə xəttlərini yarmaq üçün ordumuzun əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərdilər, ölümə getdilər, ancaq bir addım belə geri çəkilmədilər. Sonda bu istehkamları və ermənilərin canlı qüvvələrini, hərbi texnikalarını darmadağın etdilər. Azərbaycan Ordusu məhz bu ərazilərdə ilk şəhidini verdi. 44 gün ərzində Azərbaycan əsgəri yorulmadan irəli gedirdi, düşməni məhv edir, diz çökdürürdü. Azərbaycan əsgəri öz əsgər yoldaşının şəhid olmasından sınmadı, əksinə, daha böyük cəsarətlə düşmən üzərinə yeridi. Hər zaman olduğu kimi, 44 gün ərzində də Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşdi, ordumuza arxa, dayaq oldu. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri də bu sarsılmaz birlikdən ruhlanaraq böyük Zəfərə imza atdılar. Bu birliyin, bu gücün qarşısında nə Ermənistan, nə də onun havadarları dayana bilməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə