Zərdabda şəhid - baş leytenant Ağaqardaş Abbasovun xatirəsi anılıb FOTOLAR

YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, SHXÇDX Zərdab rayon bölməsinin rəisi Ramin Əhmədov, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zinhar Bayramov, Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, rayon ictimaiyyəti, oxuduğu məktəbin kollektiv və şagirdlərinin iştirakı ilə şəhidimizin məzarı ziyarət olununaraq qəhrəmanın əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub. Doğulduğu tarixdə də şəhadətə yüksələn şəhidimizin 30-cu doğum günündə məzarı ziyarət olunduqdan sonra valideynləri ilə görüşülüb, qəhrəmanımızın xatirəsinə təşkil olunmuş mərasimdə iştirak edilib.Baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını bitirsə də, hərb sənətinə olan sevgisi onun bu sahəyə üz tutmasına səbəb olub. Ağaqardaş istər uşaqlıq, istərsə də tələbəlik illərində nümunəvi davranışı, yüksək etikası ilə hər kəsdən fərqlənərdi. Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edərək qəhrəmanlıq göstərmişdir. Füzuli istiqamətində gedən ağır döyüşlərdə ayağından qəlpə yarası alsa da döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda, digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün çalışıb. Qəhrəmanımız 2020-ci ilin sentyabrın 28-də snayper gülləsinə tuş gələrək şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra qəhrəmanımız "3-cü dərəcəli rəşadət ordeni", "İgidliyə görə", “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.Şəhadətindən 6 ay sonra dünyaya gələn İlknur adlı qız övladı atasının necə qəhrəman olduğundan hələki xəbərsiz böyüyür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimiz hər birimiz üçün and yeri, qürur mənbəyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə