Şəhidlərin xatirəsi unudulmazdır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Anım Günündə Füzuliyə və Şuşaya səfərləri, Qaraxanbəyli kəndi yaxınlığında ucaldılmış xatirə lövhəsinin önünə gül dəstələri qoymaları, Vətən müharibəsi şəhidlərinin xatirəsini məhəbbətlə və böyük hörmətlə yad etməkləri, ölməz oğullarımızın, əsgər və zabitlərimizin hünərlərini yüksək qiymətləndirmələri hər bir insanda qürur hissi doğurur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, dövlətimizin rəhbərinin 44 günlük müharibə zamanı keçilən şanlı mübarizə yolunu dönə-dönə xatırlatması, xalqımızın və ordumuzun yenilməzliyinə, mübarizliyinə diqqəti cəlb etməsi, müharibəni hər dəfə şanlı tariximiz adlandırması hər bir şəhidə, qaziyə, şəhid ailəsinə xalqa böyük hörmətin, ehtiramın ifadəsidir.

“Vətən uğrunda canından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən birində çəkdirilən şəkillər, həm də dünyaya bir mesajdır-heykəlləşən, əbədiləşdirilən tariximizin simvolu, möhkəmliyimizin, mübarizələrə hazır olmağımızın rəmzidir. Hər bir əsgər və zabitimiz bu qaya parçası kimi möhkəmdir və istənilən anda düşmənin belini qırıb başına düşə bilər. Çünki o şəhidlərimizin qanından yoğurulub, torpaqla qanın qovuşması, birləşməsi, bütövləşməsidir. Müharibənin ilk günlərində azad edilən Qaraxanbəyli kəndindəki bu xatirə lövhəsi uğurlarımızın başlanğıcının təməl daşı olmaqla bərabər, həm də gələcək qələbəmizin yol göstəricisidir. Bu daşın dili olsaydı sözsüz ki, burdan keçən hər insana səslənərdi: Qələbəmiz burdan başlayıb, bu yolu tut və uğurla davam etdir - deyərdi.

İşğaldan azad olunan hər kəndin, şəhərin, hər qarış torpağın, daşın dərdini-sərini, arzusunu-istəyini dövlətimizin rəhbəri yaxşı duyur. Çünki bu nisgili, ağrıları-acıları o, uzun illər qəlbində yaşadıb, ovudub, doğmalaşdırıb. Cənab İlham Əliyev bu dərdləri-torpaq həsrətini, xalq mənafeyini həyatının mənasına, ömrünün dəyərinə çevirməsəydi, gecəli-gündüzlü Qarabağın azadlığı uğrunda düşünməsəydi, böyük çətinliklərə mətanətlə sinə gərməsəydi, hər bir şəhidin itkisini ürək ağrısına, göz yaşına çevirməsəydi belə möhtəşəm bir qələbəni qazanmaq-30 ildən çox düşmən tapdağı altında inləyən torpaqlarımızı işğaldan azad etmək mümkün olmazdı. Az bir müddətdə 300-ə yaxın şəhər və kənd düşməndən azad edilməzdi.

Azərbaycan Prezidenti düşmən üzərində tarixi qələbəmizə böyük önəm verir: “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisələrin şahidləriyik, həm iştirakçısıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz mübariz xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq” - deyir. Azərbaycan Prezidenti xoşbəxt olduğunu nə qədər dilə gətirsə də, ancaq yenə də onun gözlərində, qəlbində bir nisgil, həsrət hiss olunmaqdadır. Bu canlarını torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlərimizin, şəhid ata-analarının, ailələrinin həsrətinin, ağrısının doğurduğu nisgildir, ağrılardır. Buna görə də dövlət başçısı bildirir ki, “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq”. Bu, Anım Günündə xalqa bir çağırışdır, səfərbərlikdir. Çünki düşmən məhv edilsə də, basılsa da ancaq yenə də təcavüzkarlıq əməlindən əl çəkmir. Sərhədlərimizdə yeni-yeni təxribatlar törədir, revanş götürmək üçün silahlanır, havadarlarından dəstək alır. Ancaq bunun heç bir faydası yoxdur və Azərbaycan Prezidenti qətiyyətlə bildirir ki, əgər bunu görsək dərhal hərəkətə keçəcəyik. Əminik ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Əlbəttə ki, Azərbaycan xalqı bu fikirləri dəstəkləyir və özünün xoşbəxt gələcəyi üçün ölkə rəhbərinin ətrafında sıx birləşməyi, ona daim dəstək verməyi həyatının mənası hesab edir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə